PDF Oxu

Siyasət

  • 615

Laçın quruculuq və inkişaf məkanına çevrilir - ŞƏRH

image

Laçın tarixinin yeni mərhələsini yaşayır. Uzun illər işğal altında qalan bu qədim Azərbaycan torpağının azadlığı ilə yanaşı, qarşısında yeni və daha böyük bir vəzifə – müasir, dayanıqlı və insanların rahat yaşayacağı bir şəhər və rayon qurmaq vəzifəsi dayanıb. Bu gün Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə məhdudlaşmır. Burada müasir infrastrukturun yaradılması, enerji təminatının tamamilə yeni prinsiplər əsasında təşkili, nəqliyyat imkanlarının genişləndirilməsi və bölgənin iqtisadi potensialının hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin Laçının gələcəyi ilə bağlı söylədiyi fikirlər bu quruculuq prosesinin mahiyyətini aydın ifadə edir: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.” Bu yanaşma Laçında həyata keçirilən işlərin əsas fəlsəfəsini də müəyyənləşdirir. Məqsəd sadəcə keçmişi bərpa etmək deyil, Laçını müasir Azərbaycanın inkişaf səviyyəsinə uyğun, rahat yaşayış imkanlarına malik və gələcəyə hesablanmış şəhər və rayon kimi formalaşdırmaqdır. Bu baxımdan 26 Avqust – Laçın Şəhəri Gününün təsis olunması da xüsusi məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib və həmin Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirilib. Bu tarix Laçının müasir tarixində mühüm dönüş nöqtəsini – şəhərin yenidən Azərbaycanın nəzarətinə keçməsini və yeni inkişaf mərhələsinin başlanmasını simvolizə edir.

Laçında aparılan quruculuq işlərinin mühüm istiqamətlərindən biri enerji infrastrukturunun yaradılmasıdır. Rayonun zəngin su ehtiyatları burada yaşıl enerji istehsalı üçün geniş imkanlar açır. Bu potensialdan səmərəli istifadə olunması Laçının gələcək enerji təminatının əsasını təşkil edir. Hazırda rayonun enerji tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması istiqamətində mühüm nəticələr əldə edilib. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 meqavat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi və illik 194 milyon kilovat-saat elektrik enerjisi istehsal potensialının formalaşdırılması nəzərdə tutulur. 2021-ci ildə Güləbird Su Elektrik Stansiyasının işə salınması ilə başlayan proses sonrakı illərdə yeni stansiyaların tikintisi və bərpası ilə davam etdirilib. “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli”, “Mirik” və digər stansiyaların istifadəyə verilməsi Laçının enerji potensialını əhəmiyyətli dərəcədə artırıb.

2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının da istifadəyə verilməsi bu istiqamətdə növbəti mühüm addım olub. Hazırda Laçının 8–10 meqavatlıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır, artıq qalan enerji isə ölkənin enerji sisteminə ötürülür. Bununla yanaşı, yeni su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu layihələr Laçını Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevirir və rayonun gələcək inkişafının dayanıqlı enerji bazasını formalaşdırır.

Laçının yeni inkişaf mərhələsinin digər mühüm istiqaməti yol-nəqliyyat infrastrukturunun yenilənməsi və genişləndirilməsidir. Çünki hər hansı ərazinin davamlı inkişafı yalnız yaşayış məntəqələrinin qurulması ilə deyil, onların ölkənin digər bölgələri ilə rahat və təhlükəsiz əlaqəsinin təmin olunması ilə mümkündür. Bu baxımdan Laçını Azərbaycanın digər rayonları ilə birləşdirən avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi bu baxımdan mühüm layihələrdəndir. Uzunluğu 75,8 kilometr olacaq yeni yol mövcud yoldan daha qısa olmaqla yanaşı, müasir standartlara uyğun inşa edilir. Yol üzərində çoxsaylı tunel və körpülərin tikilməsi mürəkkəb dağlıq relyefdə nəqliyyatın daha rahat və təhlükəsiz təşkilinə imkan verəcək. Yeni yol Laçının digər bölgələrlə əlaqəsini yaxşılaşdırmaqla yanaşı, burada iqtisadi fəallığın və turizm imkanlarının genişlənməsinə də şərait yaradacaq.

Laçının yeni inkişaf mərhələsini səciyyələndirən ən mühüm layihələrdən biri isə beynəlxalq hava limanının inşasıdır. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. 130 hektardan çox ərazini əhatə edən hava limanında müasir uçuş-enmə zolağı və sərnişin terminalı yaradılıb. Hava limanının Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometr məsafədə yerləşməsi onun regional əhəmiyyətini artırır. Bu layihə həm bölgənin nəqliyyat əlçatanlığını genişləndirir, həm də Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq əlaqələrinin inkişafına yeni imkanlar yaradır. Laçın Beynəlxalq Hava Limanının əhəmiyyəti yalnız nəqliyyat imkanları ilə məhdudlaşmır. Laçının zəngin təbiəti, dağları, meşələri, su ehtiyatları və tarixi-mədəni irsi onun gələcəkdə mühüm turizm məkanlarından birinə çevrilməsi üçün geniş potensial yaradır. Hava nəqliyyatının mövcudluğu isə bu potensialın daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edə bilər.

Bütün bunlar göstərir ki, Laçında aparılan quruculuq işləri ayrı-ayrı layihələrin məcmusu deyil, vahid inkişaf strategiyasının tərkib hissəsidir. Enerji layihələri rayonun dayanıqlı və ekoloji cəhətdən təmiz enerji ilə təminatını formalaşdırır, yeni avtomobil yolları nəqliyyat imkanlarını genişləndirir, beynəlxalq hava limanı isə Laçının regional əhəmiyyətini artırır. Bu layihələrin hər biri digərini tamamlayaraq Laçının gələcək iqtisadi və sosial inkişafı üçün möhkəm infrastruktur yaradır. Laçının qarşısında artıq tamamilə yeni perspektivlər açılıb. Bir vaxtlar işğal nəticəsində boşaldılmış şəhər və kəndlər bu gün yenidən qurulur, müasir infrastruktur yaradılır və doğma yurda qayıdış üçün bütün imkanlar formalaşdırılır. Ən mühümü isə bu prosesin yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hesablanmasıdır.

26 Avqust – Laçın Şəhəri Günü də məhz bu yeni mərhələnin simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün Laçının keçmişini xatırlamaqla yanaşı, onun gələcəyinə baxmaq, azad edilmiş torpaqlarda görülən işlərin miqyasını və qarşıda duran böyük inkişaf hədəflərini dərk etmək üçün bir fürsətdir. Azadlıqla başlayan bu yeni mərhələ Laçının simasını dəyişdirməklə kifayətlənmir, onun gələcək nəsillər üçün müasir, dayanıqlı və firavan yaşayış məkanına çevrilməsi üçün möhkəm təməl yaradır.

Məhərrəm Piriyev,

YAP Salyan rayon təşkilatının əməkdaşı

Digər xəbərlər