Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında günü-gündən dərinləşən strateji tərəfdaşlığın, çoxşaxəli iqtisadi inteqrasiyanın və sarsılmaz müttəfiqliyin aydın təzahürüdür. Dövlət başçısı xüsusi olaraq qeyd etmişdir ki, ikitərəfli münasibətlər çox möhkəm — həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Dünya siyasətində nadir hallarda rast gəlinən bu unikal sintez iki ölkənin uğur qazanmasının ən mühüm amilidir. Hər iki dövlətin hökumətləri öz xalqları üçün daha yaxşı həyat şəraiti yaratmaq, inkişafı təmin etmək və səyləri bir nöqtəyə yönəltmək naminə əzmkar fəaliyyət göstərir.
Bu sarsılmaz dostluğun və praktiki əməkdaşlığın ən bariz nümunəsi Özbəkistanın azad edilmiş ərazilərimizin bərpasına verdiyi böyük dəstəkdə özünü büruzə verir. Dövlət başçısı bəyanatında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsindəki müstəsna rolunu bir daha yüksək qiymətləndirmişdir. Qarabağ zonasında ilk böyük dəstək və ilk sənaye müəssisəsi məhz Özbəkistanla bağlıdır. Füzuli şəhərində inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb və Xankəndi şəhərində fəaliyyətə başlayan tikiş fabriki bu qardaşlığın unudulmaz rəmzlərinə çevrilmişdir.
Münasibətlərin miqyası təkcə mövcud layihələrlə kifayətlənmir, həm Qarabağ bölgəsində, həm də iki ölkənin digər regionlarında əlavə qarşılıqlı fəaliyyət planları sürətlə icra olunur. Səfər çərçivəsində onlarla layihənin, o cümlədən regional əhəmiyyətli təşəbbüslərin açılışının və ya təməlqoyma mərasimlərinin keçirilməsi ikitərəfli iqtisadi-ticari əlaqələrin nə qədər geniş coğrafiyanı əhatə etdiyini sübut edir. Azərbaycan və Özbəkistan İnvestisiya Fondunun resursları da bu kimi böyük layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, bəyanatda geoiqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən nəqliyyat-logistika sahəsindəki tərəfdaşlıq xüsusi diqqət mərkəzində saxlanılmışdır. Xüsusilə Orta Dəhliz çərçivəsində imkanların tam gücü ilə işə salınması, tranzit yükdaşımaların həcminin artırılması və logistik infrastrukturların inteqrasiyası gələcək inkişafın ana xətti kimi müəyyən edilmişdir. Sənaye kooperasiyası, toxuculuq və avtomobil istehsalı üzrə birgə müəssisələrin uğurlu fəaliyyəti bu tərəfdaşlığın real bəhrələrindəndir.
Aydın görünür ki, iki ölkə rəhbərinin sarsılmaz siyasi iradəsi Azərbaycan-Özbəkistan münasibətlərini keyfiyyətcə yeni, yüksək mərhələyə yüksəldir. Həyata keçirilən strateji layihələr, dərinləşən sənaye kooperasiyası və qarşılıqlı investisiyalar yaxın gələcəkdə hər iki ölkənin iqtisadi qüdrətinin daha da artacağına, regional inteqrasiyanın möhkəmlənməsinə və xalqlarımızın rifahına birbaşa töhfə verəcəyinə möhkəm zəmin yaradır.
Gültac Vəlibəyli
YAP Odubad rayon təşkilatının fəalı