Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri rəsmi Bakının Türk dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin parlaq göstəricisi oldu. Azərbaycan lideri dəfələrlə “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” deyə bəyan edib ki, bu da türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyaya strateji məzmun qazandırıb.SİA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri dünya ictimaiyyətinin xüsusi diqqətini sürətlə inkişaf edən Özbəkistana yönəldib.“Prezident Şavkat Mirziyoyevin siyasəti sayəsində respublika dünyaya açıldı, qonşuları və Türk dünyası ilə əlaqələrini möhkəmləndirdi, regional və qlobal proseslərdə daha fəal iştirak etməyə başladı”, – deyə türkiyəli sabiq diplomat qeyd edib. O bildirib ki, Azərbaycan üçün Özbəkistan sadəcə sıx tarixi və mədəni bağların olduğu ölkə deyil, həm də son dərəcə mühüm siyasi və iqtisadi tərəfdaşdır.İctimai Birliyin nümayəndəsi vurğulayıb ki, hazırda Bakı ilə Daşkəndi strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri birləşdirir. Bunun əyani göstəriciləri konkret layihələr, qarşılıqlı ticarətin artan həcmi, yeni investisiyalar, regionlararası əməkdaşlıq, biznes dairələri arasında qarşılıqlı əlaqələr və nəqliyyat təşəbbüsləridir.H.Kılıç qeyd edib ki, Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri ikitərəfli münasibətlərdəki müsbət tendensiyanı təsdiqləməklə yanaşı, müttəfiqliyin gələcək istiqamətlərini də müəyyənləşdirib. “İki ölkə liderlərinin müzakirələri, yeni sazişlər, eləcə də iqtisadi və humanitar layihələr Bakının və Daşkəndin əməkdaşlığın daha da inkişaf etdirilməsinə nə dərəcədə ciddi kökləndiyini nümayiş etdirir”, – deyə sabiq səfir bildirib.H.Kılıçın fikrincə, Bakı ilə Daşkənd arasında gələcək əməkdaşlıq üçün nəqliyyat və logistika sahələri xüsusi əhəmiyyət daşıyır: “Dövlətlərin coğrafi mövqeyi dünya siyasəti və iqtisadiyyatının ən mühüm amillərindən biri olaraq qalır. Azərbaycan Cənubi Qafqazda strateji mövqeyə malikdir, Özbəkistan isə Mərkəzi Asiyanın əsas mərkəzlərindən biridir. İki ölkənin imkanlarının birləşdirilməsi bir neçə il əvvəl qeyri-real görünən genişmiqyaslı perspektivlər açır”.Türkiyənin Azərbaycan və Özbəkistan arasındakı dialoqa münasibətinə toxunan Türkiyənin sabiq səfiri bildirib ki, Ankara Türk dünyasında əməkdaşlıq və inteqrasiyanı xarici siyasətinin prioritetlərindən biri hesab edir. “Türkiyə hər zaman Azərbaycanın yanında olub və Özbəkistanla münasibətlərə əhəmiyyət verib. Bu istiqamətlərə üstünlük verilməsi Ankaranın qarşısında tamamilə yeni imkanlar açır. Bakı ilə Daşkənd arasındakı dialoqda yaranan yeni dinamika, şübhəsiz ki, bütün Türk dünyasının maraqlarına cavab verir”, – deyə o əminliklə bildirib.H.Kılıç əlavə edib ki, Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli formatı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımlar atmağa yönəlmiş mühüm mexanizmə çevrilir.