PDF Oxu

Siyasət

  • 521

Azərbaycan - Özbəkistan: ortaq tarixdən böyük gələcəyə - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini və gələcək inkişaf istiqamətlərini bütün dolğunluğu ilə ortaya qoyan mühüm siyasi mesaj kimi diqqət çəkdi. Bu bəyanat yalnız keçirilmiş görüşlərin və əldə olunmuş razılaşmaların yekunu deyil, həm də Azərbaycan–Özbəkistan əlaqələrinin hansı strateji mərhələyə yüksəldiyini göstərən mühüm siyasi sənəd təsiri bağışladı. Əslində, Azərbaycan və Özbəkistan münasibətlərinin mahiyyətini yalnız diplomatik terminlərlə ifadə etmək çətindir. Çünki bu münasibətlərin təməlində tarix, milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq, ortaq türk kimliyi və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Prezident İlham Əliyevin bəyanatında da bu məqam xüsusi vurğu ilə ifadə edildi.

Ölkə Prezidenti İlham Əliyevin səfər zamanı Özbəkistanın sürətli inkişafını xüsusi qeyd etməsi də diqqətəlayiq məqamdır. Dövlət başçısı Daşkəndə hər səfərində şəhərin və bütövlükdə ölkənin inkişafında yeni dəyişikliklərin şahidi olduğunu vurğuladı. Bu, eyni zamanda Azərbaycan və Özbəkistanın inkişaf modellərinin, dövlətçilik yanaşmalarının və modernləşmə proseslərinin bir-birinə yaxınlığını nümayiş etdirən mühüm siyasi mesajdır. Son illərdə Özbəkistanın həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan tərəfi isə bu inkişafı dost və qardaş ölkənin uğuru kimi qəbul edir. Prezident İlham Əliyevin fikirlərində də məhz bu səmimi münasibət aydın görünürdü. Burada diqqət çəkən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan bir-birinin uğuruna rəqib kimi deyil, tərəfdaş və qardaş kimi yanaşırlar. Bu yanaşma iki ölkənin münasibətlərini daha da möhkəmləndirən mühüm amildir.

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə sürətlə inkişaf etməsi təsadüfi proses deyil. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində əlaqələr ardıcıl şəkildə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkə arasında münasibətlər siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlər də göstərdi ki, Bakı və Daşkənd mövcud əlaqələri sadəcə qorumaq deyil, onları yeni səviyyəyə çıxarmaq niyyətindədir. Bu baxımdan iki ölkə arasında birgə investisiyaların həcminin 500 milyon dollardan xeyli yüksək olması da mühüm göstəricidir. Bu rəqəm münasibətlərin siyasi müstəvidən real iqtisadi əməkdaşlıq müstəvisinə keçdiyini göstərir.

Azərbaycan–Özbəkistan münasibətlərində Qarabağın bərpası ayrıca yer tutur. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Özbəkistanın Qarabağın yenidən qurulmasına göstərdiyi dəstək iki ölkə arasındakı münasibətlərin səmimiliyinin bariz nümunəsinə çevrildi.

Prezident İlham Əliyevin səfər zamanı Özbəkistanın Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkələrdən biri olduğunu vurğulaması məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilmiş məktəb qardaş ölkənin Azərbaycana münasibətinin simvoluna çevrilib. Bu layihənin əhəmiyyəti yalnız tikilmiş bir təhsil müəssisəsi ilə ölçülmür. Burada əslində Özbəkistan xalqının Azərbaycan xalqının Qarabağdakı Böyük Qayıdışına mənəvi və əməli dəstəyi ifadə olunur. Bu gün Qarabağda ucalan hər bir məktəb, xəstəxana, yaşayış binası və sosial obyekt Böyük Qayıdışın salnaməsini yazır. Özbəkistanın bu salnamədə öz imzasını qoyması iki xalq arasındakı qardaşlığın gələcək nəsillərə ötürüləcək nümunəsidir.

Prezident İlham Əliyevin bəyanatında ən mühüm məqamlardan biri də Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələrin strateji perspektivlərinə dair fikirlər idi. Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın mühüm nəqliyyat və logistika xəritəsinin əsas iştirakçılarından birinə çevrilib. Mərkəzi Asiya dövlətlərinin də beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək marağı Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu mənada Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Xəzər üzərindən keçən Orta Dəhliz Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Özbəkistanın bu marşrutun imkanlarından yararlanması, Azərbaycanın isə öz tranzit və logistika potensialını genişləndirməsi hər iki tərəfin iqtisadi maraqlarına cavab verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi çıxış edir. Bu fikir əslində qarşıdakı illərin əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən birini müəyyənləşdirir.

İki ölkənin əməkdaşlığında iqtisadi məsələlər mühüm yer tutsa da, münasibətlərin mahiyyəti yalnız ticarət dövriyyəsi və investisiya göstəriciləri ilə ölçülə bilməz. Azərbaycan və Özbəkistan bir-birini daha geniş regional layihələrdə tamamlayan iki mühüm tərəfdaşdır. Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları ilə Özbəkistanın böyük iqtisadi və insan resursları bir araya gəldikdə yeni əməkdaşlıq imkanları yaranır. Bu baxımdan birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərinin gələcək konturlarını müəyyən edir. Bu əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Yəni söhbət bir tərəfin qazancı hesabına digər tərəfin əldə etdiyi nəticədən deyil, iki ölkənin birlikdə yaratdığı iqtisadi dəyərdən gedir.

Özbəkistana 23 avqust səfərinin diqqətçəkən hadisələrindən biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi oldu. Azərbaycan Prezidentinin sərəncamında bu qərarın Özbəkistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında Prezident Şavkat Mirziyoyevin xüsusi xidmətləri ilə əlaqələndirilməsi təsadüfi deyil. Bu təltif, əslində, iki dövlət başçısının münasibətlərinin və qarşılıqlı siyasi etimadının yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda Heydər Əliyev siyasi irsinin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yaratdığı möhkəm təməlin bu gün də uğurla davam etdirildiyini göstərir.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindəndir. İki ölkə arasında siyasi etimadın möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və humanitar münasibətlərin dərinləşməsi bütövlükdə Türk dünyasının inteqrasiya prosesinə ciddi töhfə verir. Bu gün Türk dünyasının qarşısında yeni tarixi imkanlar açılır. Bu imkanlardan səmərəli istifadə üçün dövlətlər arasında siyasi həmrəyliklə yanaşı, real iqtisadi və nəqliyyat bağlantıları da möhkəmləndirilməlidir. Azərbaycan və Özbəkistanın əməkdaşlığı məhz belə bir modelin uğurlu nümunəsidir.

Prezident İlham Əliyevin Daşkənd bəyanatı da məhz bu həqiqəti bir daha təsdiqlədi: Azərbaycan və Özbəkistanın dostluğu yalnız bu günün münasibəti deyil, gələcəyə hesablanmış böyük siyasi iradə və qardaşlıq layihəsidir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər