Azərbaycanın çoxəsrlik zəngin tarixi, əsrarəngiz təbiəti və strateji coğrafiyası ilə seçilən dilbər guşələrindən biri olan Laçın bu gün özünün yeni, nurlu inkişaf və intibah dövrünü yaşayır. 26 avqust – Laçın Şəhəri Günü sadəcə təqvimimizə düşən sıradan bir tarix deyil, bu gün xalqımızın bükülməz iradəsinin, dövlətimizin qüdrətinin, ordumuzun Zəfər yürüşünün və Laçının yenidən doğuluşunun parlaq təcəssümüdür.
Laçın rayonu qədim tarixi, sıx meşə massivləri, büllur dağ çayları, yaylaqları və zəngin mədəni irsi ilə hər zaman Azərbaycan mədəniyyətinin və coğrafiyasının incilərindən biri olmuşdur. Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən mühüm strateji qapı rolunu oynayan bu region 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı.
Otuz ilə yaxın davam edən işğal dövründə xain düşmən Laçının bütün infrastrukturunu dağıtmış, evləri, məktəbləri, xəstəxanaları və mədəniyyət ocaqlarını vandalizmə məruz qoyaraq yerlə-yeksan etmişdir. Lakin bütün bu məhrumiyyətlərə və amansız etnik təmizləməyə baxmayaraq, Laçın camaatı və bütövlükdə Azərbaycan xalqı öz doğma yurduna qayıtmaq inamını bir an belə itirmədi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, hərbi strategiyası və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu. İmzalanmış 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Şəhərin və ətraf kəndlərin tam azad olunması üçün dövlətimiz tərəfindən misilsiz sürətlə alternatifi olmayan yeni Laçın dəhlizi çəkildi. Məhz 2022-ci il avqustun 26-da Şanlı Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandanın “Biz bu torpaqlara qalib kimi qayıtmışıq” ifadəsi xalqımızın milli qürurunu bərpa edən tarixi nida kimi yaddaşlara həkk olundu.
Bu gün erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi rayonunun ayrılmaz tərkib hissəsi olan Laçın tamamilə yenidən qurulur və bərpa edilir. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçında müasir şəhərsalma standartlarına cavab verən yaşayış binaları, fərdi evlər, tunellər, magistral yollar, məktəblər, xəstəxanalar və geniş sosial obyektlər inşa edilir. Rayonda yüngül sənaye, tikiş, mebel istehsalı, qida emalı və qablaşdırma sahələrində fəaliyyət göstərən müəssisələr yaradılıb. Bu addım doğma yurduna dönən əhalinin dəyərli və dayanıqlı iş yerləri ilə təmin olunmasında müstəsna rol oynayır. Regionun zəngin su resurslarından səmərəli istifadə olunaraq Həkəri çayı və digər dağ çayları üzerinde çoxsaylı Kiçik Su Elektrik Stansiyaları (KSES) tikilərək istismara verilib. Bu obyektiər bölgənin ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.Artıq yüzlərlə ailə öz baba-baba ocaqlarına qayıdaraq doğma Laçında firavan və təhlükəsiz həyat sürür. Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli və planlı şəkildə qayıdışı uğurla davam edir. Şəhərdə yüzlərlə fərdi ev və çoxmənzilli bina orijinal memarlıq üslubu saqlanılmaqla tam bərpa olunub, müasir şəhərsalma standartlarına uyğunlaşdırılıb.
26 Avqust – Laçın Şəhəri Günü yalnız bir ərazinin işğaldan azad edilməsi tarixi deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və milli həmrəyliyinin ehtişamlı nümayişidir. Laçında bərpa olunan hər bir küçə, tikilən hər bir mənzil və bərpa edilən hər bir tarixi abidə həm müqəddəs şəhidlərimizin ruhuna dərin ehtiram, həm də gələcək nəsillərə saxladığımız zəngin və qürurverici bir miratdır.
Əminliklə demək olar ki, bu torpaqların əsl sahibləri öz doğma yurdlarında əbədi yaşayacaq, Laçın isə müasir, abad və çiçəklənən siması ilə güclü Azərbaycanın rəmzi olmağa davam edəcəkdir.
Anar Məmmədov
Milli Məclisin deputatı