PDF Oxu

Siyasət

  • 1 092

Daşkənddə strateji tərəfdaşlığın dərinləşdirilməsi - ŞƏRH

image

Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq genişmiqyaslı strateji əməkdaşlıq müstəvisinə keçdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev mətbuata bəyanatında ilk növbədə Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qardaşlıq münasibətlərini vurğuladı. Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın son illərdə sürətli inkişafını qeyd edərək, bu uğurların Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların nəticəsi olduğunu bildirdi. İlham Əliyevin fikirlərində diqqət çəkən əsas məqamlardan biri də iki ölkənin inkişaf proseslərinin bir-birini tamamlamasıdır. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan artıq yalnız ikitərəfli əməkdaşlıq edən dövlətlər deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi məkanın mühüm iştirakçılarıdır.

Səfərin mühüm nəticələrindən biri iki ölkə arasında sənədlər paketinin imzalanması oldu. Azərbaycan və Özbəkistan prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarını imzaladılar. Bundan başqa, gömrük, turizm və mədəniyyət sahələrində əməkdaşlığa dair saziş və memorandumlar, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram, investisiya və ticarət layihələrinin həyata keçirilməsi üzrə Yol Xəritəsi, pensiya təminatı, xarici işlər və sosial innovasiyalar sahələrində əməkdaşlıq proqramları qəbul edildi. Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair protokollar da imzalanan sənədlər sırasında yer aldı.

Bu sənədlər Azərbaycan–Özbəkistan əməkdaşlığının konkret istiqamətlər üzrə institusional və hüquqi əsaslarını daha da möhkəmləndirir. Xüsusilə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi iqtisadi münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyev də çıxışında bu hədəfin artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə reallaşa biləcək konkret nəticə kimi nəzərdən keçirildiyini vurğuladı. Dövlət başçısı enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sektoru daxil olmaqla, əməkdaşlığın demək olar ki, bütün əsas sahələri əhatə etdiyini bildirdi.

Səfərin iqtisadi nəticələri həyata keçirilən və yeni təməli qoyulan layihələrdə də öz əksini tapdı. Daşkənddə Azərbaycan şirkətlərinin iştirakı ilə bank, sənaye, təhsil, enerji, turizm, yaşayış və kənd təsərrüfatı sahələrində layihələrin açılışı və təməlqoyma mərasimləri keçirildi. Bu layihələr iki ölkə arasında qarşılıqlı investisiyaların artdığını və siyasi münasibətlərin real iqtisadi nəticələrə çevrildiyini göstərir.

23 avqust 2026-cı il tarixli Daşkənd görüşləri Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi, nəqliyyat, investisiya, humanitar və regional əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İmzalanan sənədlər bu münasibətlərin hüquqi bazasını genişləndirir, qarşıya qoyulan 1 milyard dollarlıq ticarət hədəfi isə iqtisadi tərəfdaşlığın konkret istiqamətini müəyyənləşdirir. Prezident İlham Əliyevin bəyanatından da aydın oldu ki, Azərbaycan və Özbəkistan arasında formalaşan əməkdaşlıq modeli iki qardaş xalqın qarşılıqlı etimadına əsaslanmaqla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına da mühüm töhfə vermək potensialına malikdir.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər