PDF Oxu

Siyasət

  • 631

Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsi - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibə Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü vəziyyətini, strateji tərəfdaşlığın və müttəfiqliyin inkişaf perspektivlərini, eləcə də iki qardaş xalqı birləşdirən tarixi, mədəni və mənəvi dəyərləri əhatə edən mühüm mesajlarla yadda qalıb.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyduğunu və ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin möhkəm təməlində ortaq tarix, mədəniyyət, dil, milli-mənəvi dəyərlər, qarşılıqlı hörmət və xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri dayanır.

Müsahibədə Azərbaycan Prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mövcud olan səmimi dostluq və qarşılıqlı etimadın iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib. Bu siyasi iradə və qarşılıqlı etimad nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri yalnız siyasi sahədə deyil, iqtisadiyyat, nəqliyyat, humanitar əlaqələr, mədəniyyət, təhsil və digər istiqamətlərdə də genişlənir.

Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoqun intensivliyi də əlaqələrin möhkəmliyinin göstəricisidir. Son illərdə dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və əldə olunan mühüm razılaşmalar iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirib. Prezident İlham Əliyev də bu münasibətlərin inkişafında dövlət başçıları arasında səmimi münasibətlərin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrdir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyasının genişləndirilməsi və birgə müəssisələrin yaradılması üçün böyük potensial mövcuddur. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın və Özbəkistanın regional və beynəlxalq bağlantılarda mövqelərini daha da gücləndirir.

Müsahibənin mühüm məqamlarından biri də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin əhəmiyyətinin vurğulanmasıdır. Azərbaycanı Mərkəzi Asiyadan ayıran Xəzər dənizi eyni zamanda ölkələri birləşdirən mühüm coğrafi və strateji məkandır. Xəzər üzərindən formalaşan nəqliyyat-kommunikasiya imkanları Şərq-Qərb istiqamətində əməkdaşlığın genişləndirilməsi və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Özbəkistanla münasibətlərin xüsusi yeri vardır. Ortaq tarixi və mədəni irsə əsaslanan münasibətlər bu gün konkret layihələr, qarşılıqlı səfərlər və siyasi əməkdaşlıqla daha da zənginləşir.

Humanitar və mədəni əlaqələr də Azərbaycan-Özbəkistan qardaşlığının mühüm dayaqlarındandır. Xalqlarımızın ortaq dil, tarix, ədəbiyyat və mədəniyyətə malik olması münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, insanlar arasında da möhkəmlənməsinə şərait yaradır. Qarşılıqlı mədəni tədbirlər, təhsil və elm sahəsində əməkdaşlıq bu qardaşlığın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha yüksək mərhələyə yüksəlib. Bu münasibətlər qarşılıqlı etimad, siyasi iradə və konkret layihələr üzərində qurulan hərtərəfli strateji əməkdaşlıq xarakteri daşıyır.

Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm və sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Dövlət başçısının fikirləri iki ölkənin gələcəkdə də siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcəyinə inam yaradır. Azərbaycan və Özbəkistanın birgə səyləri regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər