Azərbaycan uğurlu neft strategiyası nəticəsində bu gün enerji təhlükəsizliyini tam şəkildə təmin edib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu. Akademiyanın prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülmüş, binalar təmir olunmuş, geniş yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi. Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxdı.
Bildirildi ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir. Sonra Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etdi. Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirdi ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılmışdır. Ötən dövrdə dövlətimizin başçısının göstərişi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulmuşdur. "Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də akademiyanın varlığının qorunub saxlanmasıdır", - deyən Mahmud Kərimov bildirdi ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında xalqımızın taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulmuşdur. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.
Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yığıncağın gündəliyini elan etdi. Bildirdi ki, 2011-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümü tamam olur. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü akademiyada olmuşdur. Mahmud Kərimov Prezident İlham Əliyevə akademiyanın illik ümumi yığıncağında iştirakına görə minnətdarlığını bildirdi. təşəkkür etdi.
Dövlətimizin başçısı yığıncaqda giriş nitqi söylədi.
Akademiyanın illik ümumi yığıncağına dəvətə görə, alimlərə təşəkkür edən Prezident İlham Əliyev burada çox gözəl təmir və yenidənqurma işlərinin aparıldığını bildirdi. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğuladı, bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və uğurlu yol keçmiş, alimlərimiz ölkəmizin inkişafına layiqli töhfələr vermişlər. Amma buna baxmayaraq, müstəqilliyin ilk illərində akademiyanın ləğv edilməsi ilə bağlı fikirlər səslənirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırdı. "Akademiyada Azərbaycanın elitası cəmlənib", - deyən Prezident İlham Əliyev bildirdi ki, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir. Dövlətimizin başçısı elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının vacibliyinə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışdı. Bildirdi ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir:
"Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə davam etdirilir, o cümlədən dövlətin elmə olan münasibətində də özünü göstərir. Təsadüfi deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir. Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atılır. 2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq. Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.
Azərbaycan alimləri, bir də demək istəyirəm ki, müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir. Əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi. Bir daha demək istəyirəm ki, bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda siyasi müstəqillik də lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək illərdə bu sahədə əlavə tədbirlər görülməlidir. Bu gün maliyyə resurslarımız belə imkanlar yaradır. Elə etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində Azərbaycan dünya enerji bazarında öz rolunu daha da artırsın və milli maraqlarımız tam şəkildə təmin edilsin. Hesab edirəm ki, bütövlükdə Xəzər dənizinin tədqiqi ilə bağlı əlavə addımlar atılmalıdır. Bu istiqamətdə böyük işlər görülüb, ancaq biz hələ də Xəzər dənizini istədiyimiz qədər bilmirik, tanımırıq. Ona görə, elmi sahədə bu məsələ daim diqqət mərkəzində olmalıdır."
Alimlərimizin elmdə qazandığı uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX ərdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin getdiyini diqqətə çatdıran dövlətimizin başçısı bunun yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd etdi.
"Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir", - deyən Prezident İlham Əliyev bu tərəqqinin təməlində elmin inkişaf prioritetlərinin dayandığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq akademiyanın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyinə qeyd etdi. Bildirdi ki, hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlmişdir. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaqdır. Humanitar elmlərin də inkişafının diqqət mərkəzində olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiqdir. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətini vurğuladı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış etdi. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış etdilər, təkliflərini söylədilər. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edildi. Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd etdi. Akademiyanın prezidenti Mahmud Kərimov bir daha dövlətimizin başçısına elm adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi. Yığıncaqdan sonra Prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verildi.
Dövlətimizin başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış oldu.