21 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Qeyd etmək lazımdır ki, bu müsahibə İlham Əliyevin Özbəkistana dövlət səfərindən iki gün əvvəl yayımlanıb və səfər ərəfəsinə verilib.
İlk növbədə Prezident İlham Əliyev bu yaxınlarda Özbəkistana gözlənilən dövlər səfəri ilə bağlı verilən sualları, hazırkı vəziyyəti və inkişaf perspektivlərini olduqca yüksək səviyyədə qiymətləndirərək, iki qardaş ölkə Azərbaycan və Özbəkistan arasında münasibətlərin ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, eyni zamanda birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslandığını bildirdi. Daha sonra Ölkə Başçısı qeyd etdi ki, “Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.
Müsahibə zamanı Prezident İlyam Əliyev Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevlə aralarında olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyin inkişafında xüsusi rol oynadığını da bildirdi.
Prezident İlham Əliyev son beş ildə 15 qarşılıqlı səfərin və sıx təmasların iki ölkə arasındakı əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaratdığını qeyd etdi. 23 avqust 2026-cı ildə Özbəkistana yeddinci səfərinin baş tutacağını söyləyən İlham Əliyev Özbəkistana səfər etməkdən böyük məmnunluq duyduğunu, hər səfərin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.
Ölkə Başçısı İlham Əliyev müsahibə zamanı onu da qeyd etdi ki, “Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir”.
Prezident İlham Əliyev söhbət zamanı 2024-cü və 2025-ci illərdə Özbəkistanda dövlət səfərlərində olduğunu, həmin səfərlər zamanı imzalanan çoxsaylı sənədlərin, ələxüsus “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” kimi sənədlərin iki dövlət arasında təbii müttəfiqliyi rəsmi olaraq daha da möhkəmləndirdiyini bildirdi. İlham Əliyev bildirdi ki, “həmin sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi, əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.
Ölkə Başçısı İlham Əliyev söhbət zamanı 2023-cü il avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şuranın Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildiyini də qeyd etdi. İlham Əliyev vurğuladı ki, “Bu platforma ölkələrimiz arasında uzunmüddətlə əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir”. Onu da qeyd etmək lazımdır ki, bu Şuranın artıq Daşkənd və Bakıda iki iclası keçirilmiş və Şura Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoq ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.
Daha sonra Prezident İlham Əliyev iqtisadi-ticari əməkdaşlıqdan bəhs edərək, ölkələrarası ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illərlə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil etdiyini söylədi. Onu da bildirmək yerinə düşər ki, 2026-cı ilin yanvar-may aylarında həmin ticarət dövriyyəsi 33 faiz artaraq 144 milyon dollara çatıb. Prezident İlham Əliyev müsahibə zamanı 2023-cü ildə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin təsis edildiyini və ölkələrarası investisiya əməkdaşlığının inkişafı üçün həmin Şirkətin mühüm platformaya çevrildiyini də bildirdi.
Prezident İlham Əliyev bildirdi ki, “Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə zamanı energetika sektoru, yaşıl enerji, tranzit daşımaları, bir sıra birgə layihələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına dair verilən bütün suallara hərtərəfli cavab verərək, gələcək layihə və planlardan da bəhs etdi.
Bundan başqa müsahibə zamanı ölkələrarası Mədəniyyət Günlərindən də söhbət salan Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Özbəkistandan gələn geniştərkibli nümayəndə heyətinin də iştirak etdiyini bildirdi.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının müəllimi