PDF Oxu

Siyasət

  • 498

İşğaldan azad olunmuş Laçında yeni inkişaf mərhələsi - ŞƏRH

image

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin tarixi 1923-cü ildən başlayır. Həmin il Abdallar kənd yaşayış məntəqəsinin adı dəyişdirilərək Laçın adlandırılıb və yaşayış məntəqəsinə şəhər statusu verilib. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb. 8 avqust 1930-cu ildə təşkil olunan rayonun inzibati mərkəzi Laçın şəhəri müəyyən edilib.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edilərkən 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi və digər infrastruktur obyektləri talan olunaraq məhv edilib.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı Zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.
İşğaldan azad olunmuş digər yurd yerləri kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib.
2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.
Laçının azadlığı Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamının və dövlətimizin qətiyyətli siyasətinin mühüm nəticələrindən biri kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi qərara alınıb. Həmin Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib.Bu tarix Laçının azadlığı ilə yanaşı, şəhərin və rayonun yeni inkişaf mərhələsinin başlanğıcını da simvolizə edir. 26 avqust 2022-ci ildə Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra burada genişmiqyaslı bərpa, quruculuq və yenidən məskunlaşma işlərinə başlanılıb.
Bu gün Laçın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, yeni yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur layihələri həyata keçirilir. Doğma yurda qayıdan sakinlərin rahat yaşayışının təmin edilməsi ilə yanaşı, Laçının turizm, kənd təsərrüfatı və iqtisadi potensialının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər