PDF Oxu

Siyasət

  • 876

Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsi - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin geniş şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Özbəkistana gözlənilən dövlət səfəri ərəfəsində verilən müsahibədə iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın əldə etdiyi nəticələr, həmçinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin perspektivləri barədə fikirlər ifadə olunub.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin möhkəm tarixi və mənəvi təmələ söykəndiyini xüsusi vurğulayıb. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, adət-ənənələr və qarşılıqlı hörmət birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb. Prezidentin sözlərinə görə, son illərdə bu münasibətlər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.
Müsahibədə həmçinin Azərbaycan-Özbəkistan siyasi dialoqunun yüksək səviyyəsi də diqqətə çatdırılıb. Son beş il ərzində iki ölkə liderləri arasında 15 yüksək səviyyəli qarşılıqlı səfərin və çoxsaylı təmasların həyata keçirilməsi münasibətlərin intensivliyini göstərən mühüm göstərici kimi qeyd olunub. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyan sənədlər kimi qiymətləndirilir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq da sürətlə inkişaf edən istiqamətlərdən biridir. Müsahibədə bildirilib ki, iki ölkə arasında tranzit daşımalarının həcmi 2025-ci ildə 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daşımaların həcmində daha 12,2 faiz artım qeydə alınıb və bu göstərici 675 min ton təşkil edib. Bu rəqəmlər Azərbaycan və Özbəkistan arasında nəqliyyat və logistika əlaqələrinin getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.
İki ölkə arasında birgə iqtisadi layihələr də əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın dəstəyi ilə salınan 100 hektarlıq “Dostluq bağı” adlı nar bağı xüsusi qeyd olunub. Avtomobil sənayesi sahəsində “Chevrolet” və “Isuzu” markalarının istehsalı istiqamətində də əməkdaşlıq həyata keçirilir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib.
Özbəkistan şirkətlərinin Azərbaycandakı fəaliyyəti də iqtisadi münasibətlərin mühüm göstəricilərindən biridir. Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorları da daxil olmaqla müxtəlif sahələrdə çalışırlar. Eyni zamanda Azərbaycan şirkətləri də Özbəkistanda müxtəlif investisiya layihələrində iştirak edir. Bunlara Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılması layihələri daxildir.
Müsahibədə işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Özbəkistanın Azərbaycana göstərdiyi dəstək xüsusi minnətdarlıqla qeyd edilib. Özbəkistanın Füzulidə həyata keçirdiyi layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, həm də qardaşlıq və həmrəyliyin real nümunələrinə çevrildiyini göstərir. Bu dəstək iki xalq arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq da yeni məzmun qazanıb. 2023-cü ildə Füzulidə Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə növbəti forum keçirilib. Bu əməkdaşlığın praktiki nəticəsi olaraq 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsi elan olunub. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın qalib layihələri Özbəkistanda, Özbəkistanın qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək.
Regionlararası əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm hissəsidir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri yaradılıb. Yaxın gələcəkdə Naxçıvan və Ürgənc şəhərləri arasında da qardaşlaşma münasibətlərinin qurulması planlaşdırılır. Bu təşəbbüslər xalqlar arasında birbaşa əlaqələrin genişlənməsi, ortaq mədəni irsin qorunması və gələcək nəsillər arasında dostluq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Özbəkistanın beynəlxalq və regional platformalarda əməkdaşlığına da toxunub. Azərbaycan və Özbəkistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkənin bir-birini dəstəkləməsi regional və beynəlxalq məsələlərdə qarşılıqlı etimadın mühüm göstəricisi kimi təqdim olunur.
Müsahibənin ümumi məzmunundan aydın olur ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ənənəvi diplomatik əlaqələr çərçivəsində deyil, strateji və müttəfiqlik xarakterli çoxşaxəli tərəfdaşlıq formatında inkişaf edir. Siyasi dialoqun intensivliyi, qarşılıqlı səfərlərin artması, iqtisadi və investisiya layihələrinin genişlənməsi, nəqliyyat əlaqələrinin inkişafı, media və QHT əməkdaşlığı, humanitar münasibətlərin güclənməsi və regionlararası əlaqələrin genişlənməsi bu münasibətlərin əsas istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsi eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi və mənəvi bağların dövlətlərarası münasibətlərə necə təsir etdiyini göstərir. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli qarşılıqlı etimad və dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına mühüm stimul verir. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı türk dünyasında həmrəylik və qarşılıqlı dəstəyin mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsini, əldə edilmiş nəticələri və gələcək perspektivləri əhatə edən mühüm siyasi mesajlar toplusudur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında münasibətlər möhkəm tarixi-mədəni təməl üzərində inkişaf edir və siyasi müttəfiqlikdən iqtisadi əməkdaşlığa, nəqliyyatdan humanitar əlaqələrə qədər bütün istiqamətlərdə yeni imkanlar yaranır.

Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər