Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi çıxış kimi diqqəti cəlb edir. Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatlarla çıxış etməsi, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və müxtəlif sahələr üzrə sənədlərin imzalanması iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışının əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göstərilən yüksək qonaqpərvərliyə və Azərbaycan xalqına münasibətdə nümayiş etdirilən səmimi qardaşlıq hisslərinə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycan xalqının da Özbəkistan xalqına eyni səmimi və qardaşlıq münasibəti bəslədiyini vurğulayıb. Bu fikirlər Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin yalnız dövlətlərarası diplomatik əlaqələrdən ibarət olmadığını, tarixi, mədəni və mənəvi yaxınlığa söykəndiyini göstərir.
Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri Özbəkistanda aparılan islahatların iqtisadi əməkdaşlığın genişlənməsinə yaratdığı imkanlarla bağlıdır. İlham Əliyev qeyd edib ki, ölkələr arasında birgə layihələrin həyata keçirilməsi üçün ilk növbədə güclü iqtisadi baza və əlverişli investisiya mühiti formalaşmalıdır. Bu baxımdan Özbəkistanda son illərdə həyata keçirilən islahatların nəticəsində yaranmış iqtisadi imkanlar Azərbaycan şirkətləri və investorları üçün də yeni perspektivlər açır.
Dövlət başçısı Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin artıq konkret və çoxşaxəli layihələrlə zənginləşdiyini diqqətə çatdırıb. Hazırda əməkdaşlıq enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sənayesi kimi müxtəlif istiqamətləri əhatə edir. Bu sahələrin genişliyi iki ölkə arasında münasibətlərin sadəcə siyasi müstəvidə deyil, real iqtisadi layihələr və qarşılıqlı investisiyalar əsasında inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi əlaqələr sistemindəki rolu da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsini qeyd edərək Azərbaycan və Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını bildirib. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı yalnız ikitərəfli münasibətlər baxımından deyil, daha geniş regional inteqrasiya prosesləri baxımından da əhəmiyyətlidir.
Mədəni-humanitar əlaqələr də dövlət səfərinin diqqət mərkəzində olub. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması iki xalqın tarixi və mədəni bağlılığının simvolik ifadəsi kimi qiymətləndirilə bilər. Həmçinin Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, ali məktəb rektorlarının forumunun təşkili və Nizami Gəncəvi ilə Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin hazırlanması barədə razılaşmalar mədəni əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsinin bərpası və Özbəkistanın bu prosesə verdiyi dəstək də xüsusi yer tutur. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb olunmasında mühüm rolunu qeyd edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Azərbaycan–Özbəkistan qardaşlığının konkret layihələrdə təzahür etdiyini göstərən nümunələrdir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi və maddi əsaslarının vəhdəti xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulub. Bu yanaşma Azərbaycan və Özbəkistan münasibətlərinin əsas fərqləndirici xüsusiyyətlərindən birini ortaya qoyur: tarixi və mədəni yaxınlıq konkret iqtisadi, siyasi və humanitar əməkdaşlıqla tamamlanır.
Səfərin siyasi nəticələri baxımından Əbədi dostluq haqqında Müqavilənin imzalanması mühüm hadisədir. Özbəkistan Prezidenti bu sənədi iki ölkə arasında əlaqələrin yeni səviyyəsinin göstəricisi kimi təqdim edib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin qəbul edilməsi əlaqələrin institusional əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da mühüm istiqamət olaraq qalır. İki ölkənin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi onların regional və qlobal məsələlərdə mövqelərinin daha sıx uzlaşdırılmasına xidmət edir. Özbəkistan tərəfi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulmasını da regionlar arasında əlaqələrin genişləndirilməsi baxımından tarixi addım kimi qiymətləndirib.
Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bəyanatdan görünür ki, iki ölkə arasında münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji və nəqliyyatdan investisiyalara, mədəniyyətdən təhsilə və idmana qədər geniş bir sahəni əhatə edir. Bu əlaqələrin əsasını isə qarşılıqlı etimad, tarixi-mədəni yaxınlıq və dövlət rəhbərlərinin siyasi iradəsi təşkil edir.
Prezident İlham Əliyevin Özbəkistanın inkişafını yüksək qiymətləndirməsi, Şavkat Mirziyoyevin islahatlarını xüsusi qeyd etməsi və gələcək birgə layihələrə böyük önəm verməsi Azərbaycan tərəfinin Özbəkistanla münasibətlərə strateji əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfələr iki dövlət arasındakı münasibətlərin yalnız qarşılıqlı maraqlara deyil, dostluq və qardaşlıq prinsiplərinə də əsaslandığını nümayiş etdirir.
23 avqust 2026-cı il tarixli dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Səfər zamanı əldə olunan razılaşmalar, müəyyənləşdirilən iqtisadi hədəflər, yeni layihələrin təməlinin qoyulması və mədəni-humanitar təşəbbüslər göstərir ki, Azərbaycan və Özbəkistan gələcəkdə də qarşılıqlı fəaliyyətlərini genişləndirmək əzmindədir. Bu əməkdaşlıq yalnız iki qardaş ölkənin inkişafına deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha sıx əlaqələrin formalaşmasına, regional sabitliyə, iqtisadi inteqrasiyaya və Türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verə bilər.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi