Təhsil iki qardaş xalqı gələcəyə bağlayan ən möhkəm körpülərdən biridir
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə siyasi, iqtisadi və strateji istiqamətlərlə yanaşı, mədəni-humanitar sahədə də yeni məzmun qazanıb. Bu əməkdaşlığın aparıcı istiqamətlərindən biri isə heç şübhəsiz, təhsildir. Çünki təhsil yalnız bilik və peşə hazırlığı deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və mənəvi bağların möhkəmləndirilməsinin mühüm vasitəsidir.
Azərbaycan və Özbəkistanı birləşdirən tarixi və mənəvi bağlar təhsil sahəsində əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, tarixi irs və qarşılıqlı hörmət bu münasibətlərin əsas dayaqlarındandır. Bu gün həmin dəyərlər yeni nəsillərin təhsil və tərbiyəsində də öz əksini tapır.
2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması iki ölkə arasında təhsil əlaqələrinin real miqyasını göstərən mühüm göstəricidir. Bu rəqəmlərin arxasında yalnız tələbə mübadiləsi deyil, iki ölkənin gənclərinin bir-birinin cəmiyyətini, tarixini, mədəniyyətini və dünyagörüşünü daha yaxından tanıması dayanır.
Bir ölkənin gənclərinin digər ölkədə təhsil alması uzunmüddətli perspektivdə dövlətlərarası münasibətlər üçün mühüm kapital formalaşdırır. Bu gün Azərbaycan və Özbəkistanda təhsil alan gənclər gələcəkdə müxtəlif sahələrdə mütəxəssis, alim, müəllim, dövlət qulluqçusu, diplomat və rəhbər kimi fəaliyyət göstərəcəklər. Onların qazandığı təcrübə iki ölkə arasında əlaqələrin gələcək nəsillərdə də davam etdirilməsinə xidmət edəcək.
Azərbaycan–Özbəkistan təhsil əməkdaşlığının ən parlaq nümunələrindən biri Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəbdir.
Özbəkistanın təşəbbüsü ilə inşa edilən bu məktəb iki ölkə arasında dostluğun və qardaşlığın konkret nümunəsi olmaqla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyin də ifadəsidir.
Füzuli Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilmiş şəhərlərindən biridir. Bu şəhərin yenidən qurulması yalnız yolların, binaların və infrastrukturun bərpası demək deyil. Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın qurulmasının əsas istiqamətlərindən biri də məktəblərin, universitetlərin, mədəniyyət və sosial obyektlərin yaradılmasıdır. Çünki şəhərlərin həqiqi dirçəlişi insan kapitalının formalaşdırılması ilə tamamlanır.
Bu baxımdan Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi xüsusi məna daşıyır. Məktəb gələcəyə hesablanmış bir layihədir. Burada yetişən uşaqlar Azərbaycanın azad edilmiş ərazilərində yeni həyatın qurucuları olacaq, öz bilikləri və bacarıqları ilə ölkənin inkişafına töhfə verəcəklər.
Məktəbin adının böyük özbək alimi və hökmdarı Mirzə Uluqbəyin adını daşıması da təsadüfi deyil. Mirzə Uluqbəy Şərq elm və mədəniyyət tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biridir. Onun adının Füzulidə bir təhsil ocağına verilməsi Azərbaycan və Özbəkistan xalqlarının elmə, təhsilə və maarifçilik ənənələrinə verdiyi yüksək dəyərin simvolik ifadəsidir.
Özbəkistanın Füzulinin yenidən qurulmasına verdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Çünki dostluğun və qardaşlığın ən böyük göstəricisi xoş günlərdə deyil, çətin və məsuliyyətli dövrlərdə göstərilən həmrəylikdir.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda Özbəkistanın bu prosesə öz töhfəsini verməsi iki ölkə arasında münasibətlərin səmimiliyini bir daha nümayiş etdirdi.
Füzulidə məktəb tikintisi bu baxımdan sadəcə infrastruktur layihəsi kimi qiymətləndirilməməlidir. Bu məktəb bir xalqın digər xalqa uzatdığı dostluq əlidir. Bu, Azərbaycanın Qarabağda yeni həyat qurmaq əzminə Özbəkistanın verdiyi mənəvi və əməli dəstəyin nümunəsidir.
Azerbaycan xalqının Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə bu nəcib təşəbbüsə görə minnətdarlığı da məhz bu mənəvi bağların ifadəsidir.
Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin əhəmiyyəti yalnız mövcud tələbə mübadiləsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq gələcək üçün daha böyük imkanlar yaradır.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri, partiya fəalı,
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini