PDF Oxu

Siyasət

  • 458

Laçın: Zəfərdən dirçəlişə uzanan yol - ŞƏRH

image

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixində xüsusi yeri olan əlamətdar günlərdəndir. Bu tarix Laçının azadlığını, doğma sakinlərinin öz yurdlarına qayıdışını və şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasını simvolizə edir. Bu gün Laçın artıq keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə böyük inamla baxan, sürətlə yenilənən və müasirləşən şəhər kimi tanınır.

Laçının taleyi Azərbaycan xalqının son otuz ildə keçdiyi mürəkkəb tarixi yolun ayrılmaz hissəsidir. 1992-ci il mayın 18-də işğal edilən Laçın uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində yaşadı. Lakin Azərbaycan dövləti heç zaman bu torpaqların işğalı ilə barışmadı. Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Laçının azadlığı istiqamətində də mühüm addımlar atıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri tam nəzarətə götürüldü və həmin tarix sonradan Laçın Şəhəri Günü kimi təsis edildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçına səfərləri şəhərin bugünkü inkişaf tarixinin mühüm səhifələrini təşkil edir. 2022-ci il sentyabrın 21-də dövlət başçısının Laçına səfəri xüsusilə böyük tarixi əhəmiyyət daşıyırdı. Həmin səfər zamanı Laçın şəhərində Azərbaycan Bayrağı ucaldıldı, mühüm infrastruktur layihələrinin təməli qoyuldu. Bu mənzərə uzun illər sonra doğma şəhərində dalğalanan üçrəngli bayrağımızın yaratdığı qürurun ifadəsi idi.

Dövlət başçısının həmin dövrdə Laçının gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər şəhərin yalnız bərpa edilməyəcəyini, müasir və nümunəvi yaşayış məkanına çevriləcəyini göstərirdi. Prezident sonrakı səfərlərində də dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı öz torpaqlarına dağıtmaq üçün deyil, qurmaq və yaratmaq üçün qayıdıb. Laçında görülən işlər bu fikrin ən parlaq təsdiqidir.

2023-cü il avqustun 26-da Laçında ilk dəfə Şəhər Günü böyük təntənə ilə qeyd edildi. Prezident İlham Əliyev həmin tədbirdə çıxış edərək Laçının azadlığının məhz 26 avqust tarixi ilə bağlı olduğunu bildirdi. Dövlət başçısı həmçinin qeyd etdi ki, Laçın sakinlərinin doğma şəhərə qayıdışı artıq başlamış və şəhərin dirçəliş dövrünə qədəm qoyulmuşdur.

Bu gün həmin sözlərin real nəticələrini görmək mümkündür. Yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər, məktəblər, istehsal müəssisələri və turizm infrastrukturu Laçının simasını sürətlə dəyişir. 2025-ci ilin mayında Prezident İlham Əliyevin Laçına səfəri zamanı şəhərdə və rayonda çoxsaylı layihələrin açılışı və təməlqoyma mərasimləri keçirildi. Laçın kanat yolunun təməli qoyuldu, elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzi istifadəyə verildi, Bəylik kəndinin açılışı edildi və sakinlərə evlərin açarları təqdim olundu.

Laçının inkişafında iqtisadi və turizm potensialının reallaşdırılması da xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə “Laçın” İstirahət Kompleksinin açılması şəhərin və rayonun turizm imkanlarının genişləndirilməsi baxımından mühüm addım oldu. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat əlçatanlığını və iqtisadi imkanlarını daha da artırdı.

Prezident İlham Əliyev 2023-cü ildə Laçın şəhərinin sürətlə dəyişən siması barədə danışarkən onun gələcəkdə müasirliyi ilə seçiləcəyini vurğulamışdı. Bu gün şəhərin küçələrində, parklarında, yaşayış məhəllələrində və yeni infrastrukturunda həmin baxışın nəticələrini görmək mümkündür. Dövlət başçısının ifadəsi ilə desək, Laçın doğrudan da “cənnət” məkanına çevrilir.

Laçının inkişafı yalnız şəhərin öz gələcəyi baxımından deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması baxımından da mühüm əhəmiyyət daşıyır. 2026-cı il iyulun 11-də Prezident İlham Əliyev Laçında Həkəriçay su anbarının təməlini qoydu. Layihənin böyük su ehtiyatlarının yaradılmasına və bir sıra rayonların içməli su təminatına töhfə verməsi nəzərdə tutulur. Eyni səfərdə Laçında yeni su elektrik stansiyalarının istifadəyə verilməsi regionun “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində görülən işlərin davamı oldu.

Beləliklə, 26 Avqust – Laçın Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixini xatırladan gün deyil. Bu tarix Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin, şəhidlərimizin fədakarlığının və Böyük Qayıdışın təntənəsidir. Bu gün Laçında Azərbaycan Bayrağı qürurla dalğalanır, doğma sakinlərin səsi eşidilir, uşaqlar məktəbə gedir, yeni ailələr öz evlərinə köçür. Laçın yenidən yaşayır, inkişaf edir və gələcəyə doğru inamla addımlayır.

26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bu qədim və gözəl şəhərimizin bütün sakinlərini ürəkdən təbrik edir, Laçına daim sülh, firavanlıq və əbədi inkişaf arzulayırıq. Laçının hər yeni günü Azərbaycanın Zəfər salnaməsinə yazılan yeni bir səhifədir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər