PDF Oxu

Siyasət

  • 625

Laçın Şəhəri Günü: milli iradənin və tarixi ədalətin təntənəsi - ŞƏRH

image

26 avqust Azərbaycan xalqının yaddaşında mühüm və əlamətdar tarixlərdən biridir. Bu gün Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçının azad olunması, şəhərin yenidən qurulması və doğma yurda qayıdışın təmin edilməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının parlaq nümunələrindən biridir. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni irsə ciddi ziyan vurulmuşdur. Uzun illər ərzində yüz minlərlə məcburi köçkün kimi laçınlılar da doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamışlar. Azərbaycan dövləti bütün bu illər ərzində işğal faktının aradan qaldırılması və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirmişdir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu prosesdə Laçın xüsusi yer tutur. Laçın şəhərinin müasir standartlar əsasında yenidən qurulması, infrastrukturun yaradılması, yolların və kommunikasiyaların bərpası, yaşayış binalarının, sosial obyektlərin, məktəblərin və digər müəssisələrin inşası şəhərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Laçında aparılan quruculuq işlərinin əsas məqsədi şəhəri müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirməklə yanaşı, onun tarixi simasını və təbii xüsusiyyətlərini qorumaqdır. Şəhərin yenidən qurulmasında ekoloji amillərə, yaşıllıqların artırılmasına və müasir şəhərsalma prinsiplərinə xüsusi diqqət yetirilir. Laçının füsunkar təbiəti şəhərin gələcək turizm potensialının inkişafı üçün də geniş imkanlar yaradır.
Bu gün Laçın yalnız işğaldan azad edilmiş şəhər kimi deyil, Azərbaycanın gələcək inkişaf modelinin mühüm nümunələrindən biri kimi təqdim olunur. Burada müasir şəhər infrastrukturu ilə yanaşı, insanların rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şəraitin yaradılması istiqamətində işlər görülür. Laçının bərpası Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olan Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Məqsəd işğaldan azad edilmiş əraziləri yenidən abadlaşdırmaq, əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin əraziləri ölkənin iqtisadi, sosial və mədəni həyatına tam şəkildə inteqrasiya etməkdir. Laçında yaradılan yeni imkanlar gələcəkdə şəhərin iqtisadi fəallığının artmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradacaq.
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında qürur, Zəfər, qayıdış və dirçəliş rəmzi kimi yaşayacaq. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən Laçın bu gün yenidən qurulur, abadlaşır və öz sakinlərini doğma torpaqlarında qəbul edir. Laçının yenidən həyata qayıtması Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində aparılan genişmiqyaslı quruculuq prosesinin mühüm tərkib hissəsidir. Bu gün Laçının timsalında biz yalnız keçmişin yaralarını sağaltmır, həm də yeni və daha güclü gələcəyin əsaslarını yaradırıq.

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Digər xəbərlər