PDF Oxu

Siyasət

  • 450

Laçın-Böyük Qayıdışın və yeni inkişafın ünvanı - ŞƏRH

image

Laçın... Bu ad Azərbaycan xalqı üçün yalnız bir şəhərin adı deyil. Bu ad doğma torpağa bağlılığın, illərlə davam edən həsrətin, mübarizənin, Zəfərin və nəhayət, qayıdışın rəmzidir. 26 Avqust – Laçın Şəhəri Günü isə bütün bu duyğuları özündə birləşdirən xüsusi bir tarixdir. İllər əvvəl Laçından məcburi köçkün düşən insanlar doğma şəhərlərinə qayıdacaqları günü böyük ümidlə gözləyirdilər. Azərbaycan xalqı isə həmin günün gələcəyinə inanırdı. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsinə yol açdı. 2022-ci il avqustun 26-da Laçın şəhərinin tam nəzarətə götürülməsi ilə isə bu qayıdışın ən mühüm mərhələlərindən biri başlandı.

Prezident İlham Əliyevin Laçına hər səfəri şəhərin dirçəliş tarixində ayrıca iz qoyur. 2022-ci ilin sentyabrında Laçında Azərbaycan Bayrağını ucaldan dövlət başçısı bununla bir daha bütün dünyaya göstərdi ki, Laçın Azərbaycanın ayrılmaz hissəsidir və burada həyat yenidən bərpa olunacaq. Həmin səfər zamanı yeni infrastruktur layihələrinin təməlinin qoyulması da şəhərin gələcəyinə verilən böyük dövlət təminatının göstəricisi idi.

2023-cü il mayın 28-də isə Laçın sakinlərinin doğma şəhərə qayıdışı başladı. Prezident İlham Əliyev ilk qrup laçınlılara evlərinin açarlarını təqdim etdi. Bu hadisə uzun illər doğma yurda həsrət qalan insanlar üçün sözlə ifadə olunmayacaq qədər böyük sevinc idi. Bir neçə ay sonra – avqustun 26-da isə ilk dəfə Laçın Şəhəri Günü doğma şəhərdə qeyd edildi. Dövlət başçısı həmin tədbirdə Laçın sakinlərini təbrik edərək şəhərin dirçəliş dövrünün başladığını bildirdi.

Laçında bu gün müşahidə olunan mənzərə həmin dirçəlişin ən canlı ifadəsidir. Bir zamanlar işğal nəticəsində dağıdılmış və viran qoyulmuş şəhərdə indi müasir yaşayış kompleksləri, sosial obyektlər, yollar, parklar və istirahət məkanları yaradılır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan xalqı öz torpaqlarına “qurmaq üçün, yaratmaq üçün” qayıdıb. Laçının yenidən qurulmasında əsas məqsəd yalnız dağıdılmış binaları bərpa etmək deyil. Burada insanların rahat və təhlükəsiz yaşaması, işləməsi, təhsil alması və öz gələcəyini qurması üçün hərtərəfli şərait yaradılır. 2025-ci ilin mayında Prezident İlham Əliyevin Laçına səfəri zamanı Bəylik kəndinin açılışının keçirilməsi və sakinlərə evlərin açarlarının təqdim olunması bunun daha bir nümunəsi oldu. Dövlət başçısı sakinlərlə görüşündə doğma torpaqda yaşamağın böyük xoşbəxtlik olduğunu vurğuladı.

Laçın həm də iqtisadi canlanmanın yeni ünvanına çevrilir. Şəhərdə sənaye və istehsal müəssisələrinin yaradılması, enerji infrastrukturunun inkişaf etdirilməsi, turizm layihələrinin həyata keçirilməsi əhalinin məşğulluğuna və regionun iqtisadi potensialına yeni imkanlar açır. 2025-ci ildə Laçın kanat yolunun təməlinin qoyulması və “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi şəhərin turizm mərkəzi kimi gələcəyinə hesablanan mühüm layihələrdəndir.

Laçının təbii gözəlliyi onun ən böyük üstünlüklərindən biridir. Dağlar, meşələr, çaylar və bulaqlar şəhərə xüsusi gözəllik bəxş edir. Prezident İlham Əliyev də Laçının təbiətindən danışarkən onun bənzərsizliyini dəfələrlə vurğulayıb. 2023-cü ildə şəhərin gələcəyi ilə bağlı fikirlərini bölüşən dövlət başçısı azad edilmiş ərazilərdə yaradılan şəhərlərin müasirliyi ilə seçiləcəyini bildirmişdi.

Laçının gələcəyi artıq yalnız şəhərin sərhədləri ilə məhdudlaşmır. 2026-cı il iyulun 11-də Həkəriçay su anbarının təməlinin qoyulması Laçının regional əhəmiyyətini daha da artıran layihələrdən biridir. Layihənin Laçınla yanaşı bir sıra digər rayonların içməli su təminatına mühüm töhfə verməsi nəzərdə tutulur. Həmin səfərdə Laçında yeni su elektrik stansiyalarının istifadəyə verilməsi isə bölgənin yaşıl enerji potensialının inkişaf etdirildiyini göstərir.

Bu baxımdan 26 Avqust – Laçın Şəhəri Günü həm keçmişi xatırlamaq, həm bu günü qiymətləndirmək, həm də gələcəyə baxmaq üçün mühüm fürsətdir. Bu gün Laçında doğma sakinlərin ayaq səsləri eşidilir. Uşaqlar məktəblərdə təhsil alır, ailələr yeni evlərində yaşayır, küçələrdə həyat qaynayır. Bir vaxtlar həsrətlə xatırlanan Laçın indi yenidən öz sakinlərinin nəfəsi ilə canlanır.

Laçın bizim üçün Zəfərin şəhəridir. O, həm də dövlətimizin quruculuq gücünün, Böyük Qayıdış siyasətinin və milli iradəmizin simvoludur. Laçının hər yeni binası, hər salınan yolu, hər yaşıllaşdırılan parkı bir həqiqəti təsdiqləyir: Azərbaycan öz torpaqlarına qayıdıb və burada əbədi yaşamaq əzmindədir.

26 Avqust – Laçın Şəhəri Günü mübarək! Laçının səmasında dalğalanan üçrəngli bayrağımız daim ucalarda olsun, bu gözəl şəhərin küçələrində həyat, sevinc və quruculuq heç vaxt əskik olmasın!

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər