PDF Oxu

Siyasət

  • 683

Orta Dəhliz və nəqliyyat əlaqələri Azərbaycan–Özbəkistan tərəfdaşlığını daha da gücləndirir - ŞƏRH

image

Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlıq son illərdə ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilib. Coğrafi baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiyanın əsas ölkələrindən olan Azərbaycan və Özbəkistanın nəqliyyat imkanlarının əlaqələndirilməsi yalnız iki ölkə arasında yükdaşımaların genişlənməsinə deyil, daha böyük regional marşrutların formalaşmasına xidmət edir.
Özbəkistanın dənizə birbaşa çıxışının olmaması onun beynəlxalq ticarət yollarına inteqrasiyasını strateji əhəmiyyətli məsələyə çevirir. Azərbaycan isə Xəzər dənizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və inkişaf etmiş avtomobil və dəmir yolu infrastrukturu ilə Mərkəzi Asiyanı Qərb bazarları ilə birləşdirən mühüm nəqliyyat qovşaqlarından biridir. Bu üstünlüklərin uzlaşdırılması Azərbaycan–Özbəkistan əməkdaşlığının nəqliyyat sahəsində böyük potensiala malik olduğunu göstərir.
Bu prosesdə Orta Dəhliz xüsusi yer tutur. Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illərdə qlobal ticarət və logistika baxımından daha böyük əhəmiyyət qazanıb. Azərbaycan marşrutun Cənubi Qafqaz hissəsində əsas həlqələrdən biri olduğu halda, Özbəkistan Mərkəzi Asiya istiqamətində mühüm bağlantı rolunu oynayır.
Azərbaycanın nəqliyyat infrastrukturuna son illərdə qoyulan böyük investisiyalar Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bakı Limanının imkanlarının artırılması, dəmir yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi yük axınlarının daha sürətli və səmərəli təşkilinə şərait yaradır.
Özbəkistanın Orta Dəhlizə marağı da təsadüfi deyil. Ölkə üçün alternativ nəqliyyat marşrutlarının genişləndirilməsi ixrac və idxal əməliyyatlarının şaxələndirilməsi, yeni bazarlara çıxışın asanlaşdırılması və logistika xərclərinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üzərindən Avropa istiqamətində formalaşan nəqliyyat bağlantıları Özbəkistanın bu ehtiyaclarına cavab verən perspektivli marşrutlardan biridir.
Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu məsələyə xüsusi diqqət çəkərək Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının böyük imkanlar yaradacağını bildirib. Bu yanaşma Orta Dəhlizin yalnız mövcud marşrut deyil, müxtəlif nəqliyyat layihələrinin bir-birinə inteqrasiyası əsasında genişlənən regional sistem kimi nəzərdən keçirildiyini göstərir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşması Özbəkistanın Çin bazarına və daha geniş Şərq-Qərb nəqliyyat şəbəkəsinə çıxış imkanlarını artıracaq. Bu marşrutun Orta Dəhlizlə əlaqələndirilməsi isə Mərkəzi Asiyadan Xəzər dənizinə, oradan Azərbaycan və Gürcüstan üzərindən Avropaya qədər uzanan daha vahid nəqliyyat xəttinin formalaşmasına imkan verə bilər.
Azərbaycanın tranzit imkanlarının genişlənməsində Zəngəzur dəhlizinin açılması da perspektivdə mühüm rol oynaya bilər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu bağlantının istifadəyə verilməsi Orta Dəhlizin imkanlarını daha da artıracaq və Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin yeni seqmentinin formalaşmasına şərait yaradacaq. Bu baxımdan Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın Azərbaycan üzərindən Qərb istiqamətində çıxış imkanları daha da genişlənə bilər.
Nəqliyyat əməkdaşlığının inkişafı yalnız dəmir yolu və avtomobil yollarının istifadəsi ilə məhdudlaşmır. Logistika mərkəzlərinin yaradılması, yükdaşıma şirkətləri arasında əməkdaşlıq, rəqəmsal gömrük sistemlərinin tətbiqi, daşımaların sürətinin artırılması və tranzit prosedurlarının sadələşdirilməsi də Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm amillərdir.
Azərbaycan və Özbəkistan arasında son illərdə nəqliyyat-logistika sahəsində əldə olunan razılaşmalar bu istiqamətdə qarşılıqlı marağın yüksək olduğunu göstərir. Bakı Limanı ilə Mərkəzi Asiyanın nəqliyyat infrastrukturu arasında əlaqələrin inkişaf etdirilməsi, yük axınlarının artırılması və logistika imkanlarının genişləndirilməsi iki ölkənin iqtisadi münasibətlərinə də birbaşa təsir göstərir.
Çünki nəqliyyat marşrutunun inkişafı təkcə tranzit gəlirlərinin artması demək deyil. Daha sürətli və etibarlı logistika ticarətin genişlənməsinə, yeni investisiyaların cəlb olunmasına və istehsalçıların yeni bazarlara çıxışına şərait yaradır. Bu səbəbdən Azərbaycan–Özbəkistan nəqliyyat əməkdaşlığı ikitərəfli iqtisadi əlaqələrin də əsas dayaqlarından birinə çevrilir.
Orta Dəhlizin əhəmiyyəti qlobal geosiyasi və iqtisadi proseslər fonunda daha aydın görünür. Dünya ticarətində alternativ və təhlükəsiz marşrutlara ehtiyacın artması Azərbaycan və Mərkəzi Asiya ölkələrinin tranzit imkanlarını ön plana çıxarıb. Xəzər üzərindən keçən marşrutun inkişafı bu baxımdan həm Azərbaycan, həm də Özbəkistan üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycanın son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin intensivləşməsi də nəqliyyat əməkdaşlığı üçün əlavə imkanlar yaradıb. Özbəkistanla əlaqələrin bu prosesdə xüsusi yeri var. İki ölkənin nəqliyyat potensialının birləşdirilməsi həm ikitərəfli ticarətə, həm də daha geniş regional iqtisadi inteqrasiyaya xidmət edir.
Prezident İlham Əliyevin son müsahibəsində Orta Dəhlizin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər də bu perspektivin geniş olduğunu göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun digər regional nəqliyyat layihələri ilə əlaqələndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında daha böyük nəqliyyat sisteminin mühüm hissəsinə çevirə bilər.
Bu istiqamətdə əsas məqsəd ayrı-ayrı nəqliyyat layihələrinin deyil, bir-birini tamamlayan vahid marşrutlar sisteminin formalaşdırılmasıdır. Azərbaycan və Özbəkistanın mövcud imkanlarının bu sistemə inteqrasiyası yükdaşımaların həcmini artırmaqla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın beynəlxalq ticarətdə rolunu da gücləndirə bilər.
Orta Dəhlizin inkişafı Azərbaycan–Özbəkistan münasibətlərinə yeni regional məzmun qazandırır. Azərbaycan öz nəqliyyat infrastrukturu ilə Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirir, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri kimi bu marşrutun yük potensialının artmasına töhfə verir. Bu qarşılıqlı maraq nəqliyyat sahəsində əməkdaşlığın uzunmüddətli xarakter daşımasına möhkəm əsas yaradır.

Gündüz Əsgərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xol Qarabucaq kənd İƏD üzrə nümayəndə

Digər xəbərlər