PDF Oxu

Siyasət

  • 653

Uzaqgörən siyasətin təntənəsi: Azərbaycan-Özbəkistan qardaşlığı yeni zirvədə - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki qardaş ölkə arasında sürətlə inkişaf edən münasibətlərin hazırkı mənzərəsini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Ümumiyyətlə, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər əsrlər boyu sarsılmaz qardaşlıq telləri formalaşdırıb. Bu gün isə həmin möhkəm bünövrə üzərində qurulan dövlətlərarası əlaqələr tamamilə yeni, misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq sözün əsl mənasında qardaşlığın nümunəsinə çevrilib.

​Heç şübhəsiz ki, bu münasibətlərin ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasında olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad həlledici rol oynayır. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər siyasi dialoqun nə qədər sıx və dinamik olduğunu nümayiş etdirir. Xüsusilə də “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” kimi mühüm sənədlərin imzalanması iki güclü, suveren dövlət arasında təbii müttəfiqliyi hüquqi baxımdan rəsmiləşdirdi. Həmçinin, mühüm bir institusional mexanizm kimi 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura ölkələrimiz arasında birgə fəaliyyətin əlaqələndirilməsi üçün əvəzedilməz bir platforma rolunu oynamaqdadır.

​Siyasi müstəvidə qazanılan bu yüksək nailiyyətlər iqtisadi sahədə də özünü əyani şəkildə göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də bu artım dinamikasının 2026-cı ildə də davam etməsi uğurlu əməkdaşlığın nəticəsidir. 500 milyon dollar ümumi kapitalla fəaliyyətə başlayan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində perspektivli layihələrin icrasına böyük təkan verir. Energetika sektorunda, xüsusən neft-qaz və yaşıl enerji sahəsində yaradılan birgə müəssisələr ölkələrimizin iqtisadi qüdrətini daha da artırır. İşğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması, eləcə də “Chevrolet” və “Isuzu” markalı avtomobillərin birgə istehsalı kimi layihələr iqtisadi tərəfdaşlığın ən bariz nümunələridir. Hazırda Azərbaycanda 130-dan çox Özbəkistan investisiyalı şirkətin fəaliyyət göstərməsi, eləcə də yerli şirkətlərimizin Özbəkistanda böyük turizm və yaşayış kompleksləri inşa etməsi qarşılıqlı etimadın ən yüksək səviyyədə olmasından xəbər verir.

​İqtisadi tərəqqi ilə bərabər, humanitar və mədəni əlaqələrimizin dərinləşməsi də xüsusi diqqətə layiqdir. Xalqlarımızı bir-birinə daha da bağlayan təhsil, turizm və media sahələrində atılan addımlar təqdirəlayiqdir. Özbəkistan dövlətinin və şəxsən Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi, Bakıda böyük “Özbəkistan” parkının salınması, eləcə də Daşkənddəki universitetlərdən birinə dahi Nizami Gəncəvinin adının verilməsi qardaşlığımızın unudulmaz rəmzləridir. Eyni zamanda, regionlarımız və şəhərlərimiz (məsələn, Şuşa-Xivə, Quba-Cizak, Bakı-Daşkənd və s.) arasında qurulan qardaşlaşmış şəhər münasibətləri vətəndaşlarımızın daha sıx təmasına, qarşılıqlı etimadın güclənməsinə xidmət edir.

​Azərbaycan və Özbəkistan beynəlxalq arenada, xüsusən də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daim eyni mövqedən çıxış edərək bir-birini dəstəkləyir. Türk dünyasının daha sıx inteqrasiyası istiqamətində atılan addımlar, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması ortaq irsimizin qorunması baxımından böyük önəm daşıyır. Eyni zamanda, müsahibədə xüsusi vurğulandığı kimi, Özbəkistanın fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı regional əməkdaşlığın sərhədlərini genişləndirərək onu “C6” formatına çevirmişdir. Bu tarixi hadisə ölkəmizin regionlararası əməkdaşlığa verdiyi strateji əhəmiyyətin və beynəlxalq tranzit-logistika mərkəzi kimi mövqeyinin nə qədər gücləndiyinin göstəricisidir.

​Yekun olaraq qeyd etmək lazımdır ki, dövlət başçımızın bu müsahibəsində səsləndirdiyi fikirlər sadəcə iki ölkə arasındakı əlaqələrin təhlili deyil, həm də gələcək uğurlu inkişafın, sülhün və tərəqqinin yol xəritəsidir.

Tutu Kamalqızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Digər xəbərlər