PDF Oxu

Siyasət

  • 694

Azərbaycanın Mərkəzi Asiya siyasəti yeni regional əməkdaşlıq imkanları yaradır - ŞƏRH

image

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə xarici siyasətin diqqətçəkən istiqamətlərindən birinə çevrilib. Bu proses xüsusilə Özbəkistanla əlaqələrin sürətli inkişafında aydın görünür. Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında tarixi, iqtisadi və nəqliyyat bağlarının möhkəmlənməsinə yönəlmiş siyasəti ilə iki regionun bir-birinə daha sıx inteqrasiyası üçün yeni imkanlar yaradır.
Mərkəzi Asiyanın sürətlə dəyişən geosiyasi və iqtisadi mənzərəsi Azərbaycanın bu regiona münasibətində yeni yanaşmaları zəruri edir. Azərbaycan üçün Mərkəzi Asiya yalnız coğrafi baxımdan yaxın region deyil. Orta Dəhlizin inkişafı, enerji əməkdaşlığı, ticarət əlaqələrinin genişlənməsi və Türk dünyasının inteqrasiyası bu coğrafiyanı ölkəmizin regional siyasətində strateji əhəmiyyətli istiqamətə çevirir.
Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirməsi də bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Dövlət başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək perspektivlərindən danışarkən regional əməkdaşlıq məsələlərinə geniş yer verməsi bunun növbəti nümunəsidir.
Azərbaycanın Mərkəzi Asiya siyasətində Özbəkistanın xüsusi yeri var. Ölkənin regionun ən böyük əhalisinə malik olması, geniş iqtisadi potensialı və əlverişli coğrafi mövqeyi onu regional proseslərdə mühüm aktora çevirir. Azərbaycanla Özbəkistan arasında son illərdə formalaşan yüksək səviyyəli siyasi dialoq iki ölkənin regional məsələlərdə də daha sıx əməkdaşlığı üçün möhkəm baza yaradıb.
Mərkəzi Asiya ilə əlaqələrin inkişafında nəqliyyat amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzər dənizi vasitəsilə regionun Avropa ilə əlaqələndirilməsində mühüm rol oynayır. Bakı Limanı, dəmir yolu infrastrukturu və digər nəqliyyat imkanları Mərkəzi Asiya ölkələrinin qərb istiqamətində alternativ və səmərəli marşrutlardan istifadəsinə şərait yaradır.
Prezident İlham Əliyevin son müsahibəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının mümkünlüyünə diqqət çəkməsi Azərbaycanın regional nəqliyyat layihələrinə yanaşmasının daha geniş məzmun daşıdığını göstərir. Burada məqsəd ayrı-ayrı marşrutların inkişafından daha çox, müxtəlif nəqliyyat xətlərinin bir-birinə bağlanması və vahid regional bağlantı sisteminin formalaşdırılmasıdır.
Azərbaycanın Mərkəzi Asiya siyasətində enerji də mühüm istiqamətdir. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əməkdaşlıq yeni regional imkanlar yaradır. Mərkəzi Asiyanın böyük yaşıl enerji potensialının Azərbaycan üzərindən Qərb bazarlarına çıxarılması perspektivi Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni enerji bağlantılarının yaranmasına səbəb ola bilər.
Bu siyasətin iqtisadi ölçüsü də getdikcə genişlənir. Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının regionla inteqrasiyasını dərinləşdirir. Özbəkistanla iqtisadi-ticari əlaqələrdə son illərdə qeydə alınan sürətli artım bu siyasətin konkret nəticələrindən biridir.
Azərbaycanın regiona yanaşmasının digər mühüm xüsusiyyəti ikitərəfli münasibətlərlə çoxtərəfli əməkdaşlığın paralel inkişaf etdirilməsidir. Bir tərəfdən Azərbaycan Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə ayrı-ayrılıqda münasibətləri gücləndirir, digər tərəfdən Türk Dövlətləri Təşkilatı kimi platformalarda regional əməkdaşlığın daha geniş formatlarını dəstəkləyir.
Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafında Xəzər dənizi də mühüm birləşdirici amildir. Xəzər artıq yalnız sahilyanı ölkələri ayıran su hövzəsi deyil, onları birləşdirən iqtisadi və nəqliyyat məkanı kimi daha böyük əhəmiyyət qazanır. Bakı Limanı vasitəsilə Mərkəzi Asiyadan gələn yüklərin Qərbə daşınması bu yeni yanaşmanın praktik ifadəsidir.
Regional əməkdaşlığın genişlənməsi Azərbaycanın beynəlxalq iqtisadi və geosiyasi mövqeyinə də müsbət təsir göstərir. Azərbaycan öz coğrafi mövqeyindən və yaradılmış infrastruktur imkanlarından istifadə etməklə müxtəlif regionlar arasında əlaqələndirici rolunu gücləndirir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında yaranan yeni bağlantılar ölkəmizin tranzit və logistika imkanlarını daha da artırır.
Mərkəzi Asiya dövlətlərinin də Azərbaycana marağının artması qarşılıqlıdır. Region ölkələri Azərbaycanı yalnız nəqliyyat və enerji marşrutlarının üzərində yerləşən dövlət kimi deyil, siyasi və iqtisadi baxımdan etibarlı tərəfdaş kimi qəbul edirlər. Qarşılıqlı səfərlərin intensivləşməsi, yüksək səviyyəli görüşlər və müxtəlif əməkdaşlıq sənədlərinin imzalanması bu münasibətlərin davamlı xarakter aldığını göstərir.
Bu prosesdə Azərbaycan–Özbəkistan münasibətləri müəyyən mənada nümunəvi xarakter daşıyır. İki ölkə arasında siyasi müttəfiqliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat və enerji sahəsində ortaq maraqların formalaşması ikitərəfli münasibətləri daha geniş regional əməkdaşlığın dayaqlarından birinə çevirir.
Prezident İlham Əliyevin son müsahibəsində Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin perspektivlərinə dair səsləndirdiyi fikirlər də bu siyasətin uzunmüddətli xarakter daşıdığını göstərir. Azərbaycan üçün əsas məqsəd region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii əlaqələrin daha da gücləndirilməsidir.
Burada Azərbaycanın əldə etdiyi infrastruktur və siyasi imkanların xüsusi rolu var. Ölkəmizin son illərdə həyata keçirdiyi nəqliyyat, enerji və logistika layihələri artıq regional əməkdaşlığın yeni mərhələsi üçün baza formalaşdırıb. Mərkəzi Asiya ölkələrinin artan iqtisadi potensialı ilə Azərbaycanın tranzit və enerji imkanlarının uzlaşdırılması isə daha böyük layihələrin meydana çıxmasına şərait yaradır.
Azərbaycanın Mərkəzi Asiya siyasətinin mühüm nəticələrindən biri də iki region arasında qarşılıqlı maraqların artmasıdır. Ticarət, nəqliyyat, enerji, investisiya, təhsil və humanitar əlaqələrin genişlənməsi artıq bu münasibətləri ayrı-ayrı sahələrin əməkdaşlığından çıxarıb daha kompleks regional tərəfdaşlıq səviyyəsinə gətirir.
Qarşıdakı dövrdə bu siyasətin yeni nəticələr verməsi üçün ciddi potensial mövcuddur. Orta Dəhlizin genişləndirilməsi, yaşıl enerji layihələrinin inkişafı, yeni investisiya imkanlarının yaradılması və Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələri daha da gücləndirə bilər.
Azərbaycanın Mərkəzi Asiyaya yönəlmiş siyasəti nəticə etibarilə ölkəmizin regional rolunun yeni məzmun qazanmasına şərait yaradır. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan Mərkəzi Asiyanın iqtisadi və siyasi imkanları ilə daha sıx əlaqələr qurur. Özbəkistanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə bu prosesin ən mühüm göstəricilərindən biri olmaqla yanaşı, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafı üçün də möhkəm zəmin yaradır.

Mehti Miriyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon MKTİB-in rəisi

Digər xəbərlər