26 avqust Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix 2022-ci ildə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd edilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir.
Laçının zəngin və qədim tarixi vardır. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan rayon zəngin təbiəti, geniş yaylaqları, meşələri, dağları və su ehtiyatları ilə seçilir. Rayonun əlverişli coğrafi mövqeyi onun hər zaman mühüm strateji əhəmiyyət daşımasına səbəb olmuşdur.
Lakin Azərbaycanın digər əraziləri kimi Laçın da Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmişdir. 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycan üçün böyük faciəyə çevrildi. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə qarşı vandalizm törədildi.
İşğal illərində Ermənistan tərəfindən Laçında qanunsuz məskunlaşdırma siyasəti həyata keçirildi, coğrafi adlar dəyişdirildi, təbii sərvətlər talan edildi, rayonun demoqrafik və tarixi simasının dəyişdirilməsinə cəhd göstərildi. Bütün bunlar beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməllər idi.
Azərbaycan xalqı isə bütün bu illər ərzində öz doğma torpaqlarının azad ediləcəyinə inamını qorudu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Laçının tarixində yeni mərhələ – azadlıq və dirçəliş dövrü başladı.
Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən Azərbaycan hərbçilərinin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçının azadlığı uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün Laçın yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın Böyük Qayıdış siyasətinin və Qarabağda aparılan genişmiqyaslı quruculuğun rəmzlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Bu gün Laçında həyata keçirilən işlər həmin məqsədin ardıcıl və sistemli şəkildə reallaşdırıldığını göstərir.
Hazırda Laçında nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Kəlbəcər-Laçın avtomobil yolunun inşası rayonun digər bölgələrlə əlaqəsini daha da asanlaşdıracaq. Yol üzərində tunellərin və körpülərin tikintisi mürəkkəb relyef şəraitində həyata keçirilən böyük mühəndislik layihəsidir.
Laçının beynəlxalq əhəmiyyətini artıran ən mühüm layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. 2021-ci ildə təməli qoyulan hava limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Bu mühüm nəqliyyat infrastrukturu Laçının və bütövlükdə Qarabağın turizm, iqtisadi və beynəlxalq əlaqələrinin inkişafına yeni imkanlar yaradır.
Laçın şəhərinin gələcək inkişafı 2040-cı ilədək təsdiq edilmiş Baş Plan əsasında həyata keçirilir. Şəhərdə yaşayış binaları, məktəblər, xəstəxana, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektləri yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi əsasında hazırlanan plan sakinlərin gündəlik ehtiyac duyduğu xidmətlərə rahat çıxışını təmin etməyi nəzərdə tutur.
Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların doğma yurda qayıdışı da davam edir. 2023-cü il mayın 28-dən başlayan qayıdış prosesi nəticəsində Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailə köçürülüb. İnsanların öz doğma evlərinə qayıtması Laçının dirçəlişinin ən mühüm göstəricisidir. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, tibb və inzibati obyektlər sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün şəraitin yaradılmasına xidmət edir.
2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması Laçının və bütövlükdə Qarabağın gələcək inkişafı baxımından mühüm hadisədir. Layihənin həyata keçirilməsi geniş ərazidə içməli su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatının və digər sahələrin inkişafına, eyni zamanda yeni enerji imkanlarının yaradılmasına şərait yaradacaq.
Bu gün Laçın işğalın ağır izlərini öz üzərindən silərək sürətlə inkişaf edən, müasir şəhər siması qazanan bir məkana çevrilir. Burada tikilən hər bir ev, açılan hər bir məktəb, qurulan hər bir müəssisə və həyata keçirilən hər bir infrastruktur layihəsi Azərbaycanın öz torpaqlarına qayıdışının real ifadəsidir.
Laçın Şəhəri Günü həm qəhrəmanlıq tariximizin, həm də gələcəyə inamımızın rəmzidir. Bu gün Laçında Azərbaycan bayrağının dalğalanması, sakinlərin öz doğma yurdlarında yaşaması və şəhərin yeni görkəmdə inkişaf etməsi tarixi ədalətin bərpa olunmasının ən parlaq nümunəsidir.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə hər bir Laçın sakini və bütün Azərbaycan xalqı üçün əlamətdar olan bu tarixi gün bir daha göstərir ki, milli birlik, güclü dövlət və Müzəffər Ordunun yaratdığı Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasını və işğaldan azad edilmiş torpaqlarımızın yeni inkişaf dövrünə qədəm qoymasını təmin edib. Laçın artıq keçmişin ağrılarından gələcəyin böyük uğurlarına doğru inamla addımlayan Azərbaycanın Zəfər və quruculuq şəhəridir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri