PDF Oxu

Siyasət

  • 2 245

İki qardaş ölkənin yeni inkişaf strategiyası - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü vəziyyətini və gələcək inkişaf istiqamətlərini geniş şəkildə əks etdirir. Müsahibə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ərəfəsində yayımlanıb və Bakı–Daşkənd əlaqələrinin siyasi, iqtisadi, humanitar və regional aspektlərinə dair mühüm mesajlarla yadda qalıb.

Prezident İlham Əliyev Azərbaycan–Özbəkistan münasibətlərinin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətin dayandığını vurğulayıb. Onun sözlərinə görə, bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə misli görünməmiş inkişaf mərhələsinə keçərək ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib.

Müsahibədə diqqət çəkən məqamlardan biri Azərbaycan və Özbəkistan liderləri arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləridir. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərin iki ölkə arasındakı qardaşlığın möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib.

Son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi də siyasi dialoqun intensivliyini göstərən mühüm göstərici kimi təqdim olunur. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkənin münasibətlərinin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu əlaqələrin institusional baxımdan daha da gücləndirilməsinə xidmət edir. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək baxımından mühüm platformaya çevrilib.

Müsahibənin mühüm hissəsi iqtisadi-ticari əməkdaşlığa həsr olunub. Prezident İlham Əliyev bildirib ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində daha 33 faiz artım qeydə alınıb.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sahəsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi” bərpaolunan enerjinin ixracı və Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsində də dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Prezident İlham Əliyev Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region üçün yeni iqtisadi və tranzit imkanları yarada biləcəyini bildirib.

Bu baxımdan Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında təbii tərəfdaşlara çevirir.

İki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyi müsahibədə xüsusi vurğulanır. Azərbaycan və Özbəkistan arasında mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, təhsil proqramları və digər humanitar layihələr həyata keçirilir.

Füzulidə Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi iki ölkə arasındakı qardaşlığın simvolik nümunələrindən biridir. Bakı şəhərində yaradılması nəzərdə tutulan “Özbəkistan” parkı da xalqlar arasındakı dostluğun daha bir rəmzi kimi qiymətləndirilir.

Təhsil sahəsində də qarşılıqlı əlaqələr genişlənir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb.

Media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın inkişafı da diqqətəlayiqdir. 2024 və 2025-ci illərdə Azərbaycan və Özbəkistanda media forumlarının keçirilməsi, 2026-cı ildə isə iki ölkənin ilk dəfə birgə QHT qrant müsabiqəsi elan etməsi əlaqələrin cəmiyyətlərarası səviyyədə də genişləndiyini göstərir.

Müsahibənin regional əhəmiyyət daşıyan hissələrindən biri Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ilə əməkdaşlıq məsələləridir. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın TDT çərçivəsində bir-birini dəstəkləməsini və təşkilatın siyasi, iqtisadi və humanitar imkanlarının genişləndirilməsində fəal iştirakını xüsusi qeyd edib.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə regional əməkdaşlığın yeni mərhələsi kimi təqdim olunur. Bununla əvvəllər “C5” adlandırılan format faktiki olaraq “C6” formatına çevrilib. Bu dəyişiklik Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ənənəvi dostluq və qardaşlıq çərçivəsində qalmadığını, konkret siyasi, iqtisadi və regional mexanizmlərlə möhkəmləndiyini göstərir.

Müsahibədən görünən əsas istiqamət budur: siyasi etimad iqtisadi tərəfdaşlığa, iqtisadi tərəfdaşlıq isə regional və humanitar əməkdaşlığa çevrilir. Ticarət və investisiyaların artması, nəqliyyat dəhlizlərinin inkişafı, yaşıl enerji layihələri, mədəni-humanitar proqramlar və Türk dünyasında inteqrasiya prosesləri Bakı–Daşkənd münasibətlərinə daha geniş geosiyasi məzmun qazandırır.

Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri həm iki qardaş xalqın ortaq maraqlarına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə xidmət edən strateji tərəfdaşlıq modeli kimi diqqət çəkir.

Vüsal Finuni,

YAP Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər