İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız yaşayış məntəqələrinin yenidən qurulmasını deyil, həm də dayanıqlı iqtisadi həyatın formalaşdırılmasını nəzərdə tutur. Laçın rayonunda bu istiqamətdə görülən işlər xüsusilə diqqət çəkir. Burada yeni istehsal müəssisələri yaradılır, kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir, yerli sakinlərin məşğulluğunun təmin olunması üçün imkanlar genişləndirilir.
Laçının iqtisadi potensialının üzə çıxarılması rayonun gələcək inkişafının mühüm istiqamətlərindən biridir. İşğal dövründə dağıdılmış və fəaliyyəti dayandırılmış istehsal və təsərrüfat sahələrinin əvəzinə müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması rayon iqtisadiyyatının bərpasına yeni məzmun verir. Bu prosesdə əsas məqsədlərdən biri iqtisadi fəallığın artırılması və Laçın sakinlərinin doğma yurdda işləmək imkanlarının genişləndirilməsidir.
Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabriki bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Müəssisədə yataq və qonaq otaqları dəstləri, qapılar və digər mebel məhsullarının istehsalı nəzərdə tutulur. Fabrikin illik istehsal gücü 3 min kubmetr təşkil edir. Müəssisədə hazırda 54 nəfər çalışır və onların 42-si Laçın sakinləridir. İstehsal həcminin artması ilə gələcəkdə işçilərin sayının artırılması da nəzərdə tutulur.
Laçında iqtisadi fəaliyyətin mühüm istiqamətlərindən biri də prefabrik modul evlərin istehsalıdır. Müəssisədə ildə 200 ev hazırlanması planlaşdırılır. Müasir istehsal imkanlarına malik bu evlərin zəlzələyə davamlı, ekoloji cəhətdən təmiz, uzunömürlü və yanğına davamlı olması onların üstünlükləri sırasında göstərilir. Burada 100 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Rayonda istehsalın müxtəlif sahələr üzrə şaxələndirilməsi də diqqət çəkir. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsi ildə 17 min baş heyvanın kəsiminə imkan verəcək və burada 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Bu kimi müəssisələrin yaradılması yerli xammalın emalına, istehsal zəncirinin formalaşmasına və iqtisadi fəallığın artmasına imkan yaradır.
Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı” isə rayonun sənaye və aqrar potensialının bir araya gətirildiyi mühüm iqtisadi məkanlardan biridir. Parkda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. Burada mebel, balıqçılıq, yeyinti və yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, eləcə də xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzinin yaradılması planlaşdırılır.
Aqro-Sənaye Parkında artıq fəaliyyətə başlayan müəssisələr arasında “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı da var. 367,9 min manat investisiya ilə yaradılan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Fabrik ayda 1500 cüt kişi, qadın və uşaq ayaqqabısı istehsal etmək gücünə malikdir.
Tekstil sənayesində də yeni imkanlar formalaşdırılır. “LATIFA” Laçın tikiş fabrikində 30 yeni iş yerinin yaradılması və gündə 2 min ədəd müxtəlif tekstil məhsulunun istehsalı nəzərdə tutulur. Ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsulların istehsalı rayon iqtisadiyyatının qeyri-neft sektorunun müxtəlif istiqamətlər üzrə inkişafına töhfə verəcək.
Laçının iqtisadi dirçəlişində kənd təsərrüfatı da mühüm yer tutur. Rayonun təbii imkanları heyvandarlıq və arıçılığın inkişafı üçün əlverişli şərait yaradır. Artıq yüzlərlə arıçının öz təsərrüfatını qurması və məhsul əldə etməsi bu potensialın praktik nəticələrini göstərir.
Balıqçılıq sahəsində yaradılan “Həkəri Balıq Təsərrüfatı” da Laçının iqtisadi potensialının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. 2023-cü ildə fəaliyyətə başlayan müəssisə Qarabağ zonasında ilk nərə yetişdirmə təsərrüfatıdır. Burada ildə 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdirilməsi nəzərdə tutulur. Gələcəkdə istehsalın daha da genişləndirilməsi planlaşdırılır.
Laçında yaradılan yeni iqtisadi imkanların mühüm nəticələrindən biri də yerli əhalinin məşğulluğunun təmin edilməsidir. İşğaldan əvvəl müxtəlif sahələrdə çalışan insanların doğma yurda qayıtdıqdan sonra burada işləmək imkanlarının yaradılması Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyəti yalnız iqtisadi göstəricilərlə deyil, insanların öz doğma torpaqlarında gəlir əldə etməsi və sosial həyata fəal şəkildə qoşulması baxımından da əhəmiyyətlidir.
Laçında iqtisadi dirçəlişin daha bir mühüm xüsusiyyəti yaradılan müəssisələrin müxtəlif sahələri əhatə etməsidir. Sənaye, emal, kənd təsərrüfatı, balıqçılıq, heyvandarlıq və digər istiqamətlərin paralel inkişaf etdirilməsi rayon iqtisadiyyatının çoxşaxəli əsaslar üzərində qurulmasına imkan verir. Bu yanaşma Laçının yalnız bərpa olunan yaşayış məkanı deyil, eyni zamanda istehsal və məşğulluq mərkəzi kimi formalaşmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Laçının iqtisadi dirçəlişi mərhələli və sistemli şəkildə həyata keçirilir. Bir tərəfdən yeni istehsal müəssisələri yaradılır, digər tərəfdən rayonun təbii və aqrar potensialından səmərəli istifadə üçün şərait formalaşdırılır. Ən mühüm nəticə isə bütün bu proseslərin Laçın sakinlərinin doğma yurdda məşğulluğuna və rifahına xidmət etməsidir.
İşğaldan azad olunmuş Laçında yaradılan iqtisadi imkanlar Azərbaycanın Zəfərdən sonrakı quruculuq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Vaxtilə iqtisadi infrastrukturu dağıdılmış rayon bu gün yeni istehsal sahələri, müasir müəssisələri və genişlənən məşğulluq imkanları ilə öz iqtisadi həyatını yenidən qurur. Laçının iqtisadi dirçəlişi onun gələcəkdə Qarabağın mühüm iqtisadi məkanlarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Tarıyel Yaqubov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala Peşə Məktəbi PHŞ-nin direktoru