PDF Oxu

Siyasət

  • 478

Azərbaycan–Özbəkistan müttəfiqliyi: yeni əməkdaşlıq imkanları - ŞƏRH

image

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi dostluq, qarşılıqlı hörmət və qardaşlıq bağları üzərində formalaşıb. Son illərdə bu münasibətlər yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə möhkəm zəmin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də iki ölkə arasında əlaqələrin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Müsahibədə vurğulanan məqamlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji, investisiya, sənaye, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də geniş imkanlar yaradır.
Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə mövqelərinin yaxınlığı da müttəfiqlik münasibətlərinin əsas dayaqlarındandır. Hər iki ölkə qarşılıqlı maraq doğuran məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
İqtisadi əməkdaşlıq isə münasibətlərin ən perspektivli istiqamətlərindən biridir. Qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, sənaye və kənd təsərrüfatı sahələrində yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verir. Azərbaycanın nəqliyyat-logistika imkanları ilə Özbəkistanın Mərkəzi Asiyada mühüm iqtisadi mövqeyinin uzlaşdırılması yeni ticarət marşrutlarının və əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq xüsusi diqqət çəkir. Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistan üçün yeni imkanlar açır. Azərbaycanın Şərq–Qərb nəqliyyat bağlantılarında mühüm mövqeyi Özbəkistanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsinə, eyni zamanda Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışın gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçiriləcək yeni layihələr regionun tranzit potensialını daha da artıracaq.
Humanitar və mədəni əlaqələr də iki xalqın yaxınlığının mühüm göstəricisidir. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarixi-mədəni dəyərlər, dil və adət-ənənələr bağlayır. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində əlaqələrin genişləndirilməsi gələcək nəsillər arasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasında qarşılıqlı etimad və həmrəyliyin uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Qarşıdakı dövrdə yeni iqtisadi və investisiya layihələrinin reallaşdırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi münasibətləri daha da gücləndirə bilər.
Nəticə etibarilə, Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri möhkəm siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Bu münasibətlərin yeni əməkdaşlıq imkanları ilə zənginləşdirilməsi həm Azərbaycan və Özbəkistanın inkişafına, həm də Türk dünyasının və bütövlükdə regionun iqtisadi və siyasi gücünün artmasına mühüm töhfə verəcək.

İlqar ilyasov
YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər