Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə yeni və daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı səfərləri, siyasi dialoqun intensivliyi, iqtisadi əlaqələrin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi və humanitar-mədəni əməkdaşlığın dərinləşməsi iki qardaş ölkə arasındakı münasibətlərin strateji xarakterini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.Bu gün Azərbaycan və Özbəkistan münasibətləri yalnız dostluq və qardaşlıq prinsipləri üzərində qurulan siyasi əməkdaşlıqla məhdudlaşmır. Qarşılıqlı münasibətlər artıq konkret iqtisadi nəticələr, böyük investisiya layihələri, sənaye əməkdaşlığı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və ticarət dövriyyəsinin sürətli artımı ilə xarakterizə olunur.Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi rəqəmlər bunu aydın şəkildə göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Bu, iki ölkə arasındakı iqtisadi münasibətlərin malik olduğu böyük potensialın artıq real nəticələrə çevrildiyini göstərir.
Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi artıq uzaq gələcəyin planı deyil. Əldə olunan göstəricilər və mövcud inkişaf tempi göstərir ki, bu məqsəd yaxın illərdə reallaşa biləcək nəticədir. Təsadüfi deyil ki, iki ölkə arasında 2030-cu ilədək ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdırılması məqsədilə kompleks tədbirlərin və layihələrin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib. Bu hədəfin gerçəkləşməsini təmin edən əsas amillərdən biri Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətlərə malik olmasıdır. Sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat-logistika, qida sənayesi və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İki ölkə arasında 2025–2027-ci illəri əhatə edən sənaye əməkdaşlığı proqramının həyata keçirilməsi də iqtisadi münasibətlərin daha sistemli və nəticəyönümlü şəkildə inkişafına xidmət edir. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi də əməkdaşlığın genişlənməsi üçün mühüm üstünlüklər yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi regionun əsas logistika mərkəzlərindən biridir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və dinamik inkişaf edən iqtisadiyyatlarından biri olmaqla böyük istehsal və istehlak potensialına malikdir. Bu imkanların birləşdirilməsi iki ölkə arasındakı ticarət əlaqələrinin daha da genişlənməsinə, yüklərin daşınması və ixrac imkanlarının artmasına şərait yaradır.Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənədlərin imzalanması da münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İqtisadi əməkdaşlığın hüquqi və institusional bazasının möhkəmləndirilməsi qarşılıqlı ticarətin, sərmayələrin və birgə müəssisələrin sayının artmasına əlavə stimul verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız dövlət səviyyəsində aparılan siyasətlə məhdudlaşmır. Xalqlarımızı ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və türk dünyasına mənsubiyyət birləşdirir. Bu mənəvi yaxınlıq iqtisadi və siyasi əməkdaşlığın inkişafı üçün də möhkəm təməl yaradır. Məhz buna görə də iki ölkə arasında münasibətlər klassik dövlətlərarası əməkdaşlıq çərçivəsindən çıxaraq əsl qardaşlıq və strateji tərəfdaşlıq modelinə çevrilib.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir daha göstərdi ki, Bakı və Daşkənd arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı siyasi etimad, dövlət başçıları arasında mövcud dostluq münasibətləri və iqtisadi sahədə əldə olunan nəticələr gələcək üçün nikbin proqnozlar verməyə imkan yaradır.Bu gün artıq bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yaxın illərdə çatılması real görünən konkret nəticə kimi danışırıq. Çünki bunun üçün siyasi iradə, iqtisadi potensial, qarşılıqlı maraq və ən əsası, həyata keçirilən konkret layihələr mövcuddur. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə 795 milyon dollara çataraq, əvvəlki dövrlə müqayisədə üç dəfədən çox artması göstərir ki, qarşıya qoyulan 1 milyard dollarlıq hədəfə doğru yol artıq böyük ölçüdə qət edilib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcını daha da möhkəmləndirəcək, iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin həcmini artıracaq və bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfini yaxın gələcəyin real nəticəsinə çevirəcək.
Bünyad Süleymanlı
YAP Şərur rayon təşkilatının mühasibi