PDF Oxu

Siyasət

  • 1 116

Azərbaycan-Özbəkistan əlaqələrində strateji müttəfiqlik

image

Azərbaycanın xarici siyasətində ikitərəfli və çoxtərəfli qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu mövcud münasibətlər böyük etimada əsaslanır. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarına uyğun olaraq reallaşır. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avrasiya məkanında mövqeyini möhkəmləndirir, beynəlxalq arenada yüksək imicə sahibdir. Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən Azərbaycan-Özbəkistan arasındakı əlaqələr yeni müstəvidə inkişaf edir. Uzun illərin sınağından çıxaraq bugünki səviyyəyə gəlib çatan ənənəvi dostluq və qardaşlıq əlaqələri iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni bir mərhələnin başlanğıcıdır. Dövlət başçımızın bu səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə əməkdaşlığı ölkələrimizin və xalqlarımızın, eləcə də türk dünyasının inkişafında önəmli rola malikdir. Son illər iki dost ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında məlum müttəfiqlik münasibətləri haqqında müqavilə dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması idi. Azərbaycan və Özbəkistanın müttəfiq olması təkcə tarixi dostluq bağlarından deyil, həm də dövlətlərin bugünkü geostrateji mövqeyin, sahib olduğu təbii ehtiyatların göstəricisidir. “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub”. Bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bu sintezə dünya siyasətində o qədər də tez-tez rast gəlinmədiyini vurğulayaraq qeyd edib ki, hər iki ölkənin hökumətlərinin inkişafa, insanların həyatı üçün daha yaxşı şərait yaradılmasına və səylərin birləşdirilməsinə yönəlmiş istəyi uğur qazanacağımızın ən mühüm amilidir. Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlıqda yeni yollar açır və uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasının olması əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzalayıblar. Daşkənddə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərarası münasibətlərin inkişafında, iqtisadi münasibətlərdə, investisiya, ticarət imkanlarının genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində regionlararası əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilib. Daşkənddə keçirilmiş Azərbaycan–Özbəkistan regionlararası əməkdaşlıq forumu bu baxımdan mühüm platforma kimi qiymətləndirilir.

Xüsusi olaraq vurğulayaq ki, Özbəkistanın son illərdə əldə etdiyi iqtisadi və sosial nailiyyətlər diqqətdən kənarda qalmır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, elm, təhsil, mədəniyyət və idmana diqqətin artırılması ölkənin sürətli inkişafının əsas göstəricilərindəndir. Dövlətimizin başçısı bildirib ki, Daşkəndə hər səfəri zamanı şəhərin və bütövlükdə Özbəkistanın sürətli inkişafının şahidi olur. Mövcud inkişaf ölkənin müxtəlif sahələrində – iri infrastruktur layihələrindən tutmuş iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sektorlarına qədər özünü aydın şəkildə göstərir. Azərbaycan Prezidentinin bildirdiyi kimi, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi: “Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır”.

Onu da qeyd edək ki, ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”, - deyə Prezident bildirib. Həyata keçirilən layihələr, tədbirlər nəticəsində əməkdaşlığın yeni sahələri müəyyən edilib.

Dövlət başçımızın Özbəkistan Respublikasına səfəri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq inkişafdadır. İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər hərtərəfli və strateji tərəfdaşlığın dolğun ifadəsidir.

Orxan MƏMMƏDZADƏ

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər