PDF Oxu

Siyasət

  • 475

26 Avqust – Laçının yeni tarixinin başlanğıcı

image

26 Avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdəndir. Laçın Şəhəri Günü uzun illər işğal altında qalmış doğma torpaqlarımızın azadlığı, tarixi ədalətin bərpası və Böyük Qayıdışın başlanması baxımından mühüm məna kəsb edir.

Laçın Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbiətə malik bölgələrindən biridir. Lakin ötən əsrin sonlarında ölkəmizdə yaranmış siyasi böhrandan istifadə edən Ermənistanın hərbi təcavüzü nəticəsində Laçın rayonu 1992-ci il mayın 18-də işğal edildi. Laçının işğalı təsadüfi hərbi hadisə deyildi. Rayonun strateji mövqeyi, Qarabağla Ermənistan arasında yerləşməsi və Azərbaycanın digər əraziləri ilə əlaqələndirici rol oynaması bu ərazini xüsusi əhəmiyyətli edirdi.

Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. Məqsəd yalnız ərazi ələ keçirmək deyil, Azərbaycanın Qarabağla əlaqəsini kəsmək, bölgədə yeni reallıqlar yaratmaq və gələcəkdə həmin ərazilərin Azərbaycandan qoparılmasına zəmin hazırlamaq idi. İşğal nəticəsində minlərlə laçınlı öz doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu.

Uzun illər ərzində aparılan danışıqlar prosesinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq istəmədi. Beynəlxalq vasitəçilik imkanlarının nəticəsiz qalması mövcud vəziyyətin dəyişməsinə imkan vermirdi. Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasını əsas dövlət siyasəti kimi müəyyənləşdirdi.

2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Laçın rayonunun Azərbaycana qaytarılması ilə bağlı əldə edilmiş razılaşma isə uzun illər davam edən işğala son qoydu. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması xalqımızın çoxillik həsrətinə son verdi və bu tarix Laçın Şəhəri Günü kimi əbədiləşdirildi.

Bu gün Laçın azadlığın və Böyük Qayıdışın rəmzlərindən biridir. Şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış və sosial obyektlər inşa olunur. Ən böyük sevinc isə illərlə doğma yurdlarından ayrı düşmüş laçınlıların öz torpaqlarına qayıtmasıdır.

Laçının dirçəldilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. Burada görülən işlər dövlətimizin gücünü, quruculuq əzmini və doğma torpaqların gələcəyinə olan inamını nümayiş etdirir.

26 Avqust – Laçın Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq və Azərbaycanın tarixi Zəfərinə olan qürurun ifadəsidir. Vaxtilə işğalın acısını yaşayan Laçın bu gün azad, abad və inkişaf edən şəhər kimi yeni tarixini yazır.

Laçının azadlığı göstərdi ki, heç bir işğal əbədi deyil, heç bir siyasi məkr xalqımızın iradəsini sındıra bilməz. Bu gün Laçında bərpa olunan həyat Azərbaycanın dövlətçilik gücünün, milli birliyinin və tarixi ədalətin təntənəsinin parlaq nümunəsidir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər