PDF Oxu

Siyasət

  • 517

26 Avqust – Laçın şəhəri günü: Zəfərin, qayıdışın və dirçəlişin rəmzi

image

26 Avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü olmaqla yanaşı, doğma torpaqlara Böyük Qayıdışın, milli iradənin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən, hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. Sərəncamın əsas məqsədlərindən biri Vətən müharibəsində əldə edilmiş tarixi Zəfəri əbədiləşdirmək və azad edilmiş şəhərlərin tariximizdəki mühüm yerini daha da möhkəmləndirməkdir.

Laçın şəhərinin azadlığı 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin məntiqi davamı və Azərbaycanın ardıcıl, düşünülmüş siyasətinin nəticəsi idi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılsa da, Laçın şəhəri, Zabux və Sus kəndləri həmin mərhələdə hələ Azərbaycan nəzarətində deyildi. Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxladı və Prezident İlham Əliyevin diplomatik fəaliyyəti, siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Laçının azadlığı həm də hərbi-siyasi Zəfərin hansı ardıcıllıqla tamamlandığını göstərən mühüm nümunədir. Azərbaycan müharibədən sonra yaranmış reallıqlardan maksimum səmərəli istifadə edərək Laçın şəhərindən yan keçən yeni yolun inşasını qısa müddətdə başa çatdırdı. Bununla da Laçının Azərbaycanın nəzarətinə qaytarılması üçün vacib infrastruktur və siyasi şərait yaradıldı. Prezident İlham Əliyev bu proseslə bağlı çıxışlarında həmin yolun nəzərdə tutulan müddətdən xeyli əvvəl inşa edildiyini xüsusi vurğulamışdır.

26 avqust 2022-ci il Laçın üçün yeni tarixin başlanğıcı oldu. Həmin gün Azərbaycan bayrağı Laçın şəhərində yenidən ucaldıldı. Bu hadisə təkcə ərazi bütövlüyümüzün bərpasının növbəti mərhələsi deyildi. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan laçınlıların öz torpaqlarına qayıdışının real başlanğıcı idi.

Prezident İlham Əliyevin Laçın şəhəri günü münasibətilə çıxışında qeyd etdiyi kimi, şəhər günləri məhz şəhərlərin azad edilməsi günləridir və Laçın şəhəri 26 avqust tarixində tamamilə azad edilmişdir. Bu yanaşma Laçın şəhəri gününün mahiyyətini aydın ifadə edir: 26 Avqust həm Zəfər tarixidir, həm də azad edilmiş ərazilərin gələcək inkişafının rəmzidir.

Bu gün Laçında aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın hərbi Qələbəni sosial-iqtisadi və humanitar nailiyyətlərlə tamamladığını göstərir. İşğal dövründə dağıdılmış şəhər yenidən qurulur, müasir infrastruktur yaradılır, yaşayış məhəllələri salınır və şəhərin tarixi siması qorunmaqla yeni inkişaf modeli formalaşdırılır. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışına başlanılması isə Böyük Qayıdış prosesinin ən mühüm hadisələrindən biri olmuşdur.

Laçının dirçəlişi yalnız binaların və yolların yenidən qurulması demək deyil. Burada əsas məqsəd insanların doğma yurdda təhlükəsiz və layiqli həyatının təmin olunması, şəhərin iqtisadi, sosial və mədəni potensialının yenidən canlandırılmasıdır. Bu baxımdan Laçın Böyük Qayıdışın simvol şəhərlərindən birinə çevrilir.

Laçının təbiəti, tarixi, mədəniyyəti və zəngin irsi bu şəhərin Azərbaycanın milli-mədəni məkanında xüsusi yer tutduğunu göstərir. Həkəri çayının sahillərində, dağların qoynunda yerləşən Laçın bu gün yalnız keçmişin xatirələrini yaşadan şəhər deyil, gələcəyə inamla addımlayan müasir yaşayış məkanına çevrilir. Şəhərdə keçirilən mədəni tədbirlər, festivallar və ictimai layihələr də Laçının həyatının yenidən canlandığını nümayiş etdirir.

Laçın şəhəri gününün əhəmiyyəti həm də ondadır ki, bu tarix bizə Zəfərin necə böyük dövlətçilik iradəsi hesabına əldə edildiyini xatırladır. Azərbaycan xalqı 30 ilə yaxın işğalın ağır nəticələrinə baxmayaraq, öz tarixi torpaqlarına olan bağlılığını itirmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi, dövlətimiz isə postmüharibə dövründə azad edilmiş ərazilərin bərpasına və insanların öz doğma yurdlarına qayıdışına başladı.

Bu gün Laçın şəhərində dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın milli iradəsinin, dövlətimizin suverenliyinin və Zəfərimizin rəmzidir. Laçın artıq işğalın acı xatirəsi ilə deyil, quruculuq, inkişaf və Böyük Qayıdışla assosiasiya olunur.

26 Avqust həm də gələcək nəsillərə ötürüləcək mühüm bir mesajdır: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, azad edilmiş torpaqlarında yeni həyat qurmaq əzmindədir. Laçının timsalında biz Zəfərdən quruculuğa, qayıdışdan inkişafa doğru gedən böyük tarixi prosesin şahidi oluruq.

Əminliklə demək olar ki, Laçın şəhəri bundan sonra Azərbaycanın yüksəliş və inkişaf tarixinin ən parlaq səhifələrindən birini yazacaq. Laçınlıların doğma şəhərlərinə qayıdışı bu tarixi prosesin ən mühüm nəticələrindəndir. Bu gün Laçın yenidən yaşayır, qurulur və gələcəyə doğru inamla addımlayır.

26 Avqust – Laçın şəhəri günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycanın əbədi Zəfərinin, dövlətimizin gücünün və xalqımızın öz doğma torpaqlarına qayıdışının rəmzi kimi daim yaşayacaq.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər