Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər zamanın sınağından keçmiş möhkəm dostluq və qardaşlıq bağlarının bariz nümunəsidir. Ortaq tarix, eyni kökdən qaynaqlanan mədəniyyət, dil və mənəvi dəyərlər xalqlarımızı əsrlər boyu bir-birinə yaxınlaşdırıb. Bu tarixi və mənəvi yaxınlıq bu gün Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və genişmiqyaslı əməkdaşlıq münasibətlərində öz əksini tapır. İki ölkənin bütün sahələrdə bir-birinə göstərdiyi qarşılıqlı dəstək, beynəlxalq platformalarda həmrəy mövqe nümayiş etdirməsi və ortaq türk irsinin qorunmasına verdiyi töhfələr Azərbaycan–Özbəkistan qardaşlığının nə qədər möhkəm və sarsılmaz olduğunu göstərir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərinə xüsusi diqqət yetirilməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Özbəkistanın bir-birinə münasibəti yalnız siyasi maraqlarla məhdudlaşmır: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb”.
Son illərdə Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq da sürətlə inkişaf edir. İki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələr və tranzit daşımalarının artması iqtisadi münasibətlərin böyük potensiala malik olduğunu göstərir. Azərbaycan və Özbəkistanın əlverişli coğrafi mövqeyi onların regional nəqliyyat və logistika layihələrində fəal iştirakına imkan yaradır. Bu baxımdan iki ölkə arasında tranzit və nəqliyyat əlaqələrinin inkişafı həm ikitərəfli əməkdaşlığa, həm də regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəkdir. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinin mövqeyinə hörmətlə yanaşır və mühüm məsələlərin həllində birgə səylər göstərirlər. Qarşılıqlı dəstəyə əsaslanan bu əməkdaşlıq Azərbaycan və Özbəkistanın beynəlxalq münasibətlər sistemində bir-birinə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.
İki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəkləməsi xalqlarımız arasında mövcud olan həmrəyliyin mühüm göstəricisidir. Bu dəstək yalnız dövlətlərarası münasibətlərin deyil, eyni zamanda xalqlarımız arasındakı tarixi və mənəvi bağların möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı etimad və həmrəylik gələcəkdə də Azərbaycan–Özbəkistan əlaqələrinin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan və Özbəkistanı birləşdirən ən mühüm amillərdən biri isə ortaq türk irsidir. Hər iki ölkə zəngin türk mədəniyyətinin, tarixinin və mənəvi dəyərlərinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına böyük əhəmiyyət verir. Ortaq irsin qorunması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər xalqlarımızın tarixi yaddaşının yaşadılmasına, türk dünyasının mədəni birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycan və Özbəkistanın mədəni-humanitar sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Tarixi abidələrin, ədəbi və mədəni irsin təbliği, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, mədəni tədbirlərin keçirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradır. Bu təşəbbüslər ortaq mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.
Azərbaycan–Özbəkistan münasibətləri tarixi qardaşlıq bağlarından güc alan və müasir dövrdə strateji əməkdaşlıqla zənginləşən nümunəvi dövlətlərarası əlaqələrdən biridir. Siyasi, iqtisadi, nəqliyyat, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkənin qarşılıqlı maraqlarına cavab verir. Xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər isə bu münasibətlərin uzunmüddətli və davamlı inkişafının əsas təminatıdır. Azərbaycan və Özbəkistanın qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi yalnız iki ölkənin deyil, bütövlükdə türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu qardaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf edərək yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşməsi hər iki xalqın ümumi arzularından biridir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü inkişaf səviyyəsini və gələcək perspektivlərini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər iki ölkə arasında mövcud olan möhkəm siyasi etimadı, qarşılıqlı dəstəyi və strateji tərəfdaşlığı bir daha təsdiqləyir. Eyni zamanda, müsahibə Azərbaycan ilə Özbəkistanı birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını göstərir.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri