26 avqust Azərbaycan xalqının tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçının azadlığına qovuşması, şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi və doğma yurda qayıdışın başlanması Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qətiyyətinin və tarixi ədalətin bərpasının parlaq təcəssümüdür. 2022-ci il avqustun 26-da Ali Baş Kamandanın rəbərliyi ilə Azərbaycan Ordusu Laçın şəhərinə daxil olmuş, bununla da Laçının uzun illər davam edən həsrətinə son qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurd-yuvasından didərgin salınmış, yaşayış məntəqələri dağıdılmış, tarixi, mədəni və mənəvi irsə ciddi ziyan vurulmuşdu. Uzun illər ərzində laçınlılar da digər məcburi köçkünlər kimi doğma torpaqlara qayıdış arzusu ilə yaşamış, Azərbaycan dövləti isə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.
Bu gün Laçın yeni inkişaf və dirçəliş mərhələsini yaşayır. Şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, yollar və kommunikasiya xətləri yenilənir, yaşayış binaları, məktəblər, sosial və digər mühüm obyektlər inşa edilir. Görülən işlərin əsas məqsədi Laçını müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirməklə yanaşı, şəhərin özünəməxsus tarixi simasını və zəngin təbii gözəlliklərini qorumaqdır.
Laçının yenidən qurulmasında müasir şəhərsalma prinsiplərinə, ekoloji amillərə və yaşıllıq zonalarının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Füsunkar təbiəti, zəngin tarixi və əlverişli coğrafi mövqeyi şəhərin gələcək inkişafı, xüsusilə turizm potensialının genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Laçında həyata keçirilən layihələr yalnız şəhərin bərpasına deyil, həm də onun gələcəkdə regionun mühüm sosial-iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Laçının bərpası və yenidən məskunlaşdırılması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Bu prosesin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsiz və dayanıqlı məskunlaşmasını təmin etmək, həmin torpaqları yenidən iqtisadi, sosial və mədəni həyata qaytarmaqdır. Doğma sakinlərin Laçına qayıdışı illərlə davam edən həsrətin sona çatmasının, ədalətin və tarixi yaddaşın bərpasının ən böyük ifadəsidir.
Bu gün Laçın təkcə azadlığına qovuşmuş şəhər deyil, həm də Azərbaycanın gücünün, xalqımızın sarsılmaz iradəsinin və gələcəyə inamının rəmzidir. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən bu qədim yurd bu gün yenidən qurulur, abadlaşır və öz sakinlərini doğma torpaqlarında qarşılayır.
26 Avqust – Laçın Şəhəri Günü qürurun, Zəfərin, qayıdışın və dirçəlişin təntənəsidir. Laçının timsalında Azərbaycan yalnız keçmişin yaralarını sağaltmır, eyni zamanda azad edilmiş torpaqlarda yeni həyatın, daha güclü və firavan gələcəyin əsaslarını yaradır.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədri