PDF Oxu

Siyasət

  • 615

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

image

26 Avqust Azərbaycan xalqının yaddaşında tarixi Zəfərin, milli qürurun və doğma torpaqlara qayıdışın rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar tarix Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Laçın Şəhəri Günü kimi təsis edilib. Sərəncama əsasən, hər il 26 avqust işğaldan azad edilmiş Laçın şəhərinin günü kimi təntənəli şəkildə qeyd olunur.
Laçın Azərbaycanın qədim və səfalı yaşayış məskənlərindən biridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb. Zəngin təbiəti, əzəmətli dağları, geniş yaylaqları və meşələri ilə seçilən Laçın tarixən Azərbaycanın mühüm bölgələrindən biri olub. Rayonun 1835 kvadratkilometr ərazisi, geniş yaylaq sahələri və zəngin meşə massivləri onun böyük təbii potensialını nümayiş etdirir.
Lakin Laçının tarixində uzun illər ağır və faciəli bir dövr yaşanıb. 18 may 1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Laçının sosial, iqtisadi və mədəni infrastrukturu dağıdılıb, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, yaşayış binaları və digər obyektlər məhv edilib. Rayonun tarixi-mədəni irsinə də ciddi ziyan vurulub.
Laçının işğalı Azərbaycan üçün həm böyük faciə, həm də strateji itki idi. Rayonun coğrafi mövqeyi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əlaqənin yaradılmasına imkan verirdi. Məhz buna görə Laçının işğalı Qarabağ münaqişəsinin sonrakı gedişində Azərbaycanın üzləşdiyi ağır nəticələrdən biri oldu.
Azərbaycan xalqı uzun illər ərzində doğma torpaqlarının azad olunacağına böyük inam bəslədi. Bu inam 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Lakin Laçın şəhəri, Zabux və Sus kəndləri həmin vaxt hələ Azərbaycanın nəzarətində deyildi. Azərbaycan dövləti qısa müddətdə Laçın şəhərindən yan keçən alternativ avtomobil yolunu inşa etdi və 26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olaraq həmin ərazilərə nəzarəti təmin etdi.
Beləliklə, 26 avqust Laçın tarixinin ən şərəfli günlərindən birinə çevrildi. Həmin gün Laçın şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı yenidən dalğalandı. Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən vurğuladığı kimi, bu torpaqlar Azərbaycan xalqına heç kim tərəfindən bağışlanmayıb; Laçın şəhidlərimizin canı və qanı, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı hesabına azad edilib.
Laçının azad olunması ilə Azərbaycanın qarşısında yeni və daha mühüm mərhələ – işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi mərhələsi başladı. Dövlətimizin başçısının rəhbərliyi ilə Laçında genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Qısa müddət ərzində şəhərin siması tamamilə dəyişdi, yeni yollar, yaşayış binaları, məktəblər, sosial və mədəniyyət obyektləri inşa edildi. Prezident İlham Əliyev 2023-cü ildə Laçında keçirilən ilk Şəhər Günü tədbirində qeyd etmişdi ki, cəmi bir neçə ay ərzində şəhərdə böyük quruculuq işləri görülüb və artıq Laçın müxtəlif yerlərdən gələn qonaqları qəbul edən müasir məkana çevrilib.
Laçının bərpası yalnız şəhərin yenidən qurulması ilə məhdudlaşmır. Burada müasir infrastrukturun yaradılması, iqtisadi potensialın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir. Laçın Aqro-Sənaye Parkında müxtəlif sənaye və emal müəssisələrinin yaradılması, mebel, yeyinti, yüngül sənaye, balıqçılıq və digər sahələrin inkişaf etdirilməsi bölgənin iqtisadi həyatının yenidən canlandırılmasına xidmət edir.
Rayonun enerji potensialından da geniş istifadə olunur. Laçında bir sıra su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyaların tikintisi davam etdirilir. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması siyasətinin mühüm hissəsidir. 2026-cı il iyulun 11-də Laçında Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Hazırda rayonun elektrik tələbatının böyük hissəsi yaşıl enerji hesabına qarşılanır.
Laçının gələcək inkişafında nəqliyyat və turizm infrastrukturu da mühüm yer tutur. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, şəhərdə bulvar və istirahət məkanlarının yaradılması bölgənin turizm və iqtisadi imkanlarını daha da artırır. 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən aeroportudur və bölgənin beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Laçında aparılan quruculuq işlərinin əsas məqsədi isə, heç şübhəsiz, insan amilidir. Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların öz doğma yurdlarına qayıdışı təmin olunur. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların Laçın şəhərinə qayıdışına start verilib. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, 823 nəfərin, Sus kəndinə 59 ailənin, 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu qayıdış təkcə insanların evlərinə dönməsi deyil, həm də illərlə ayrılığın sona çatması, doğma torpaqlarda həyatın yenidən canlanması deməkdir. Bu gün Laçında məktəblərdə uşaqların səsi eşidilir, yeni yaşayış məhəllələri salınır, iş yerləri yaradılır, kəndlər yenidən qurulur. Zabux, Sus və Bəylik kəndlərində müasir sosial infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı üçün bütün lazımi şərait formalaşdırılıb.
Laçının inkişafında mədəniyyət və turizm də xüsusi istiqamətlərdən biridir. 2025-ci ildə Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin artan regional və beynəlxalq mədəni əhəmiyyətinin göstəricisidir. Laçının zəngin təbiəti, tarixi və mədəni irsi, milli mətbəxi və yaradılan müasir turizm infrastrukturu şəhərin gələcəkdə Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması da Laçının və bütövlükdə regionun gələcək inkişafı baxımından mühüm hadisədir. Layihənin həyata keçirilməsi ilə Laçın və digər ətraf rayonların içməli su təminatına əhəmiyyətli töhfə veriləcək, eyni zamanda yeni su elektrik stansiyalarının yaradılması nəzərdə tutulur.
Bu gün Laçın artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə hesablanmış böyük layihələri ilə gündəmə gəlir. İşğal dövründə dağıdılmış şəhərin yerində müasir və gözəl Laçın qurulur. Burada yeni evlər, məktəblər, istehsal müəssisələri, yollar, enerji obyektləri, turizm və istirahət məkanları yaradılır. Bütün bunlar Azərbaycanın öz torpaqlarında qurub-yaratmaq əzminin, iqtisadi gücünün və dövlət iradəsinin göstəricisidir.
26 Avqust – Laçın Şəhəri Günü həm də şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Laçının azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı heç vaxt unudulmayacaq. Qazilərimizin şücaəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi Laçının azadlığı ilə nəticələnən Zəfərin əsas dayaqlarıdır.
Bu gün Laçın şəhəri Azərbaycanın Zəfərinin canlı salnaməsidir. Burada hər yeni tikilən ev, hər açılan məktəb, hər qurulan müəssisə, doğma yurduna qayıdan hər bir ailə Böyük Qayıdışın təntənəsini nümayiş etdirir.
Laçın artıq 30 illik işğalın deyil, Zəfərin və dirçəlişin ünvanıdır. 26 Avqust tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq Laçının azadlığı, milli qürur və tarixi ədalətin bərpası günü kimi yaşayacaq.
Laçın dirçəlir, Laçın yaşayır, Laçın gələcəyə inamla addımlayır!
26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Böyükağa Axundov
YAP Lənkəran rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Digər xəbərlər