Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına səfərindən öncə, avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verərək Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti, inkişaf perspektivləri, iqtisadi-ticari əməkdaşlıq, mədəni-humanitar əlaqələr və qarşılıqlı tərəfdaşlığın gələcək istiqamətləri barədə fikirlərini bölüşüb.
Dövlət başçısı müsahibəsində Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin möhkəm tarixi, mədəni və mənəvi bağlara söykəndiyini vurğulayıb. Cənab Prezident qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər və qarşılıqlı rəğbət dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm təməl formalaşdırır. Son illərdə əlaqələrin sürətli inkişafı nəticəsində iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib.
Müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi və institusional əsaslarının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilib. 2024-cü ildə cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradıb. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələrin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın yaradılması isə uzunmüddətli əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizmə çevrilib.
Möhtərəm Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin də yüksək dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq, 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində daha 33 faiz artım qeydə alınıb. Eyni zamanda, iki ölkə arasında tranzit daşımalarının həcminin artması nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialını nümayiş etdirir.
Müsahibədə mədəni və humanitar əlaqələrin əhəmiyyəti də xüsusi qeyd olunub. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi və mədəni yaxınlıq dövlətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Heydər Əliyev Fondu tərəfindən Özbəkistanda həyata keçirilən layihələr iki ölkə arasında mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bundan başqa, qarşılıqlı turist səfərlərinin artması xalqlarımız arasında əlaqələrin daha da genişləndiyini göstərir.
Ümumilikdə, cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki qardaş ölkə arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və digər istiqamətləri də əhatə edir. Bu isə iki ölkənin gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına və regionda əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini