Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan ilə Özbəkistan arasında dinamik inkişaf edən strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin mühüm göstəricisidir. Müsahibədə iki qardaş ölkə arasında tarixi və mədəni köklərə söykənən əlaqələrin yeni mərhələyə qədəm qoyduğu, iqtisadi-ticari işbirliyinin, nəqliyyat-loqistika imkanlarının və investisiya layihələrinin genişlənməsi xüsusi vurğulanır. Dövlət başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsinə, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının təhlükəsizliyi, sabitliyi və inkişafı naminə birgə addımların vacibliyinə diqqət çəkib. Bu müsahibə yalnız iki tərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də Türk dünyasının birliyinin möhkəmləndirilməsinə xidmət edən gələcək perspektivləri aydın şəkildə nümayiş etdirir.
İki ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsi dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadın nəticəsidir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində xüsusi qeyd etmişdir ki, Azərbaycan ilə Özbəkistanı birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər bu münasibətlərin sarsılmaz bünövrəsini təşkil edir.
İqtisadi-ticari əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı real rəqəmlərlə bu inkişafı diqqətə çatdırıb. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi potensialın düzgün qiymətləndirildiyini və birgə layihələrin uğurunu göstərir. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı, toxuculuq və investisiya sahələrində həyata keçirilən təşəbbüslər tərəfdaşlığın əhatə dairəsini daha da genişləndirir.
Müsahibədə azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə Özbəkistanın verdiyi dəstək də mühüm yer alıb. Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb iki xalq arasında qardaşlıq və həmrəyliyin rəmzi kimi dəyərləndirilib.
Çoxşaxəli diplomatik münasibətlərdən söz açarkən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki birgə fəaliyyətin vacibliyini qeyd edib. Azərbaycan və Özbəkistan TDT-ni yalnız regional təşkilat kimi deyil, ortaq tarixi və mədəniyyəti gələcəyə daşıyan strateji birlik kimi görürlər. Dövlət başçısı Özbəkistanın müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə qardaş xalqa səmimi təbriklərini və sülh, tərəqqi arzularını çatdıraraq müsahibəsini yekunlaşdırıb.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi iki ölkə arasında gündən-günə dərinləşən münasibətlərin strateji xarakterini və gələcək inkişaf istiqamətlərini aydın göstərdi. Müsahibədə səsləndirilən fikirlər sübut edir ki, Bakı və Daşkənd arasındakı əməkdaşlıq sadəcə ikitərəfli maraqlarla məhdudlaşmır, eyni zamanda geniş Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının sabitliyinə, iqtisadi tərəqqisinə xidmət edir. Ortaya qoyulan siyasi iradə, sürətlə artan ticarət dövriyyəsi və müştərək investisiya layihələri bu tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşıdığından xəbər verir.
Azərbaycan və Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında mühüm rola malikdir. Müsahibədə xüsusi vurğulandığı kimi, ortaq soy-kökə, mənəvi dəyərlərə və qarşılıqlı hörmətə söykənən bu birgə addımlar gələcəkdə yeni uğurlu layihələrin və daha böyük regional inteqrasiyanın reallaşacağına tam təminat verir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı