PDF Oxu

Siyasət

  • 1 116

Azərbaycan–Özbəkistan münasibətlərinin yeni səhifəsi - ŞƏRH

image

Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi
müsahibədə iki ölkə arasında tarixi və mənəvi bağlılığı yüksək qiymətləndirərək
bildirmişdir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər ortaq köklərə,
mədəniyyətə, dilə və nəsildən-nəslə ötürülən qarşılıqlı rəğbətə söykənir. Məhz bu
möhkəm təməl üzərində formalaşan dövlətlərarası əlaqələr son illərdə keyfiyyətcə yeni
mərhələyə qədəm qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Müstəqillik dövründə iki ölkə arasında strateji tərəfdaşlığın bünövrəsinin qoyulmasında
Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndərin Özbəkistan
rəhbərliyi ilə qurduğu səmimi və etibarlı münasibətlər dövlətlərarası əlaqələrin
uzunmüddətli inkişaf istiqamətini müəyyənləşdirmişdir. Bu uğurlu siyasi kurs Prezident
İlham Əliyevin uzaqgörən strategiyası sayəsində daha yüksək pilləyə qaldırılmışdır. İki
dövlət başçısının yaxın dostluğu və qarşılıqlı inamı əməkdaşlığın dinamik şəkildə
şaxələnməsində həlledici amil kimi çıxış edir.
Son illərdə intensivləşən qarşılıqlı ali səfərlər ikitərəfli münasibətlərə güclü təkan
vermişdir. İmzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və
Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin müqavilə-hüquq bazasını köklü
şəkildə möhkəmləndirmişdir. Bununla yanaşı, yaradılmış Ali Dövlətlərarası Şura strateji
tərəfdaşlığın ardıcıl inkişafını təmin edən mühüm institusional mexanizmə çevrilmişdir.
Özbəkistan hər zaman Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləmiş, işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu sarsılmaz qardaşlığın bariz rəmzinə çevrilmişdir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi-ticari əlaqələrdə də öz əksini tapır. İki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti konkret layihələrin icrasını həyata keçirir. Avtomobil sənayesi, energetika, bərpaolunan ("yaşıl") enerji və nəqliyyat-logistika sahələrində səmərəli tərəfdaşlıq mövcuddur. Hər iki dövlətin əlverişli coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu üzrə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. İqtisadi sahədəki bu sürətli artım rəsmi statistikada da özünü göstərir.
Energetika sahəsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında həyata keçirilən layihələr iki ölkənin enerji və neft-kimya potensiallarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti və SOCAR ilə “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO”nun fəaliyyəti əməkdaşlığın konkret iqtisadi nəticələrə söykəndiyini göstərir.
Dövlətlərarası yaxınlaşmanı tamamlayan əsas sütunlardan biri də mədəni-humanitar
sahədəki sıx təmaslardır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri, qarşılıqlı Mədəniyyət Günləri, birgə media forumları və ali təhsil müəssisələrinin birbaşa əməkdaşlığı xalqlarımızın daha da yaxınlaşmasına, gənc nəsillər arasında mənəvi bağların qorunub saxlanmasına xidmət edir.

Prezident cənab İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək gündəliyi artıq ənənəvi diplomatik əlaqələr çərçivəsindən xeyli kənara çıxır. Qarşıda daha çox birgə sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal və texnoloji əməkdaşlığın gücləndirilməsi, təhsil və elm əlaqələrinin dərinləşdirilməsi kimi istiqamətlər dayanır. Bu mənada Azərbaycan və Özbəkistan münasibətləri müasir dövrdə iki müstəqil və suveren dövlətin milli maraqlarını, tarixi-mədəni yaxınlığını və regional baxışlarını bir araya gətirən uğurlu strateji tərəfdaşlıq modelidir. Burada söhbət yalnız iki dövlətin münasibətlərindən getmir. Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasında inteqrasiyanın, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinin, Şərq–Qərb nəqliyyat və enerji bağlantılarının inkişafının mühüm dayaqlarından birinə çevrilir.
Möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulan Azərbaycan-Özbəkistan
münasibətləri öz növbəsində Türk dünyasının birliyinə, həmrəyliyinə də böyük töhfədir.
Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də
ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm bir
birlik kimi qəbul edir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər