PDF Oxu

Siyasət

  • 526

Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız bu gününü deyil, həm də gələcəyini müəyyənləşdirən mühüm siyasi mesajlarla zəngin oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış münasibətlər dostluq və qardaşlıq hisslərindən güclü strateji tərəfdaşlığa, müttəfiqliyə və ortaq regional baxışa doğru inkişaf edir.

Azərbaycan və Özbəkistan xalqları arasında tarixi və mədəni bağlar əsrlərin sınağından keçib. Bu gün həmin bağlar müasir dövlətlərarası münasibətlərin möhkəm təməlinə çevrilib. Prezident İlham Əliyevin səfər zamanı Özbəkistanın inkişafını yüksək qiymətləndirməsi və Prezident Şavkat Mirziyoyevin fəaliyyətini xüsusi qeyd etməsi iki ölkə rəhbərliyi arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafının hər sahədə hiss olunduğunu vurğulayıb.

Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm xüsusiyyəti ondadır ki, siyasi yaxınlıq artıq konkret iqtisadi nəticələrlə müşayiət olunur. İki ölkə arasında birgə layihələrin sayı və əhatə dairəsi genişlənir. Energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm, investisiya və bankçılıq kimi sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq tərəflər perspektivdən deyil, real nəticələrdən danışırlar.

Bu prosesdə investisiyalar xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Qarabağın bərpası və yenidən qurulmasında iştirak etməsi Azərbaycan üçün həm iqtisadi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə sənaye layihəsinə investisiya qoyulması qardaş ölkənin Azərbaycanın Böyük Qayıdış prosesinə verdiyi dəstəyin konkret nümunələridir.

Bu münasibətlər regional baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin genişlənməsi yeni geosiyasi və geoiqtisadi reallıq formalaşdırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşləri formatına qoşulması bu prosesin mühüm göstəricilərindən biridir. Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Mərkəzi Asiyanın artıq vahid geosiyasi və geoiqtisadi məkan kimi böyük imkanlara malik olduğu vurğulanır.

Nəqliyyat əlaqələri bu yeni regional mənzərədə xüsusi yer tutur. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı Azərbaycan və Özbəkistanın iqtisadi potensialının bir-birini tamamlamasına şərait yaradır. Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması həm ölkələrimizin iqtisadi maraqlarına, həm də daha geniş regional əməkdaşlığa xidmət edir.

Səfər çərçivəsində mədəni-humanitar sahədə atılan addımlar isə münasibətlərin yalnız iqtisadi və siyasi maraqlara əsaslanmadığını göstərir. Nizami Gəncəvinin adını daşıyan təhsil müəssisəsinin açılması və Daşkənddə “Azərbaycan” parkının yaradılması iki xalqın ortaq mədəni yaddaşının və mənəvi yaxınlığının simvoluna çevrilir. Gələcəkdə keçiriləcək mədəniyyət günləri, təhsil forumları və birgə layihələr bu əlaqələri daha da möhkəmləndirəcək.

Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlərdən biri xüsusilə diqqətəlayiqdir: iki ölkə arasındakı münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Məhz bu iki amilin vəhdəti Azərbaycan–Özbəkistan tərəfdaşlığını fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bir tərəfdə tarixi qardaşlıq, digər tərəfdə isə qarşılıqlı iqtisadi maraqlar və strateji siyasi baxış dayanır.

23 avqust səfəri bu baxımdan adi diplomatik səfər deyil, gələcəyə hesablanmış mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər zamanı imzalanan sənədlər, yeni layihələrin başlanması və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi Azərbaycan və Özbəkistanın münasibətləri daha yüksək mərhələyə çıxarmaq əzmində olduğunu nümayiş etdirdi. Həmçinin Prezident Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasındakı dostluq və müttəfiqlik əlaqələrinin yüksək qiymətləndirilməsinin ifadəsi oldu.

Beləliklə, Bakı ilə Daşkənd arasında uzanan yol artıq yalnız iki paytaxtı deyil, daha geniş bir coğrafiyanı birləşdirir. Bu yol qarşılıqlı etimadın, iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının, mədəni yaxınlığın və ortaq strateji maraqların yoludur. Azərbaycan və Özbəkistanın birgə səyləri ilə bu yolun gələcəkdə daha da genişlənməsi, Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanması qaçılmaz görünür.

Prezident İlham Əliyevin 23 avqust bəyanatı məhz belə bir gələcəyin konturlarını ortaya qoydu: qardaşlıqdan güc alan, əməkdaşlıqla möhkəmlənən və ortaq strateji baxışla gələcəyə istiqamətlənən Azərbaycan–Özbəkistan münasibətləri yeni regional reallıqların mühüm dayaqlarından biridir.

Gündüz Bayramov.

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər