Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Bu tarixi qərara əsasən, hər il avqust ayının 26-sı Azərbaycan Respublikasında xüsusi qürur və təntənə ilə "Laçın Şəhəri Günü" kimi qeyd olunur. 26 Avqust yalnız bir coğrafi ərazinin inzibati nəzarətə qaytarılması günü deyil, eyni zamanda Azərbaycan xalqının otuz illik həsrətinə son qoyan, milli ləyaqətimizi, suverenliyimizi və tarixi ədaləti tam bərpa edən Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsidir.
Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz sıradağlarında yerləşməklə zəngin təbii ehtiyatlara, sıx meşələrə, səfalı bulaqlara və mühüm hərbi-strateji mövqeyə malikdir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəd olan Laçın, Qarabağ sıradağları ilə Zəngəzur silsiləsi arasında təbii bir körpü rolunu oynayır.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Şuşa şəhərinin işğalından cəmi 10 gün sonra — 1992-ci il mayın 18-də Laçın rayonu düşmən əlinə keçdi. Bu işğal 44 günlük Vətən müharibəsinə qədər davam edən ağır bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində 60 mindən çox Laçın sakini doğma ocaqlarından didərgin düşərək respublikanın 59 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmaq məcburiyyətində qaldı. Müharibə zamanı yüzlərlə soydaşımız şəhid oldu və yaralandı. 30 ilə yaxın müddətdə Laçının tarixi-dini abidələri dağıdıldı və ya saxtalaşdırıldı, meşələri qırılaraq talan edildi, evlər və mülki infrastrukturlar yerlə-yeksan olundu.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Şərqi Zəngəzur və Qarabağ istiqamətində sürətli və zəfər dolu əməliyyatlar həyata keçirdi. Laçın rayonunun cənub hissəsi və bir çox kəndləri döyüş meydanında azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələri Laçın rayonunu təhvil verməyə məcbur edildi. 2020-ci il dekabrın 1-də Laçın rayonunun böyük hissəsi döyüşsüz Azərbaycana qaytarıldı. Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun inşası başa çatdıqdan sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə, eləcə də Zabux və Sus kəndlərinə daxil oldu.
Bu tarixi addımlarla Laçının azadlıq salnaməsi tamamlandı və şəhər mərkəzində ucaldılan üçrəngli bayrağımız dövlətimizin sarsılmaz iradəsinin və suverenliyimizin tam bərpasının rəmzinə çevrildi. Laçının hər qarış torpağı, azad edilən zirvələri şəhidlərimizin və qazilərimizin şücaətinin, qəhrəmanlığının canlı şahididir. Bu gün Laçında dalğalanan bayraq həm də onların ruhunun şad olduğunun sübutudur.
İşğaldan azad edildikdən dərhal sonra Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Şəhərin tarixi siması saxlanılmaqla yanaşı, müasir şəhərsalma standartlarına uyğun yaşayış kompleksləri, sosial obyektlər, hidroelektrik stansiyalar və sənaye müəssisələri inşa olundu. Laçın qısa müddətdə bölgənin "yaşıl enerji" və daxili turizm mərkəzlərindən birinə çevrildi. Otuz illik həsrətdən sonra laçınlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı təmin edildi. Bu gün Laçın küçələrində yenidən uşaq gülüşləri eşidilir, şəhər öz həqiqi sahiblərinin nəfəsi ilə yenidən canlanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər göstərdi ki, Azərbaycan öz torpaqlarında suverenliyini bərpa etməyə və qorumağa hər zaman qadirdir.
Bu böyük Zəfərin və tarixi ədalətin bərpasının memarı — Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyidir. Məhz onun liderliyi və canını vətən uğrunda fəda edən qəhrəman şəhidlərimizin, qazilərimizin misilsiz şücaəti sayəsində Laçın daxil olmaqla doğma torpaqlarımız işğaldan azad edildi, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri