26 Avqust – Laçın Şəhəri Günü xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix Laçının azadlığı, yenidən qurulması və doğma sakinlərinin öz yurdlarına qayıdışı ilə bağlı Zəfər salnaməmizin mühüm səhifələrindən biridir.
Laçın Azərbaycanın zəngin tarixi, bənzərsiz təbiəti və mədəni irsi ilə seçilən qədim diyarıdır. İşğal illərində ciddi dağıntılara məruz qalan şəhər bu gün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq və abadlıq işləri nəticəsində yenidən dirçəlir.
Laçında müasir infrastruktur yaradılır, yaşayış məhəllələri salınır, sosial obyektlər inşa olunur və şəhərin tarixi siması qorunaraq yeni inkişaf mərhələsi təmin edilir. Doğma yurda qayıdan ailələrin burada rahat və təhlükəsiz həyat sürməsi Böyük Qayıdışın mühüm nəticələrindəndir.
Laçının bugünkü siması Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi bərpa və quruculuq siyasətinin bariz nümunəsidir. Azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulur, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olur.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün xalqımızı və laçınlıları təbrik edir, doğma Laçına firavan və parlaq gələcək arzulayırıq.
Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır!
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı