PDF Oxu

Siyasət

  • 733

Azərbaycan-Özbəkistan münasibətlərində qardaşlıq yüksəlişi - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız dövlətlərarası münasibətlərdən ibarət olmadığı, ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətə söykəndiyi xüsusi vurğulanır.

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf yolu keçərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yüksəliş iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın mühüm nəticəsidir. Liderlər arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər əlaqələrin bütün istiqamətlərdə inkişafına güclü təkan verir.

2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin siyasi-hüquqi əsaslarının daha da möhkəmlənməsində mühüm rol oynayıb. Bu səfərlər zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin inkişafı üçün mühüm mexanizmə çevrilib. Şuranın fəaliyyəti uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və qarşılıqlı fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə imkan yaradır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması isə qarşılıqlı investisiyaların artırılması üçün mühüm platformadır.

Sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığın real nəticələrini ortaya qoyur. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” avtomobillərinin istehsalı istiqamətində əməkdaşlıq bunun nümunələrindəndir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin bərpasına və iqtisadi potensialının artırılmasına da töhfə verir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılmış “Yaşıl Dəhliz Birliyi” gələcəkdə Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropaya çatdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onları Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat marşrutlarının təbii tərəfdaşlarına çevirir. Orta Dəhlizin inkişafı, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələrinə inteqrasiyası Azərbaycan və Özbəkistan arasında tranzit imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.

Azərbaycan-Özbəkistan münasibətlərinin ən möhkəm sütunlarından biri isə mədəni-humanitar əməkdaşlıqdır. Ortaq türk kökləri, dil və mədəni yaxınlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirlər, ədəbi layihələr və təhsil proqramları qarşılıqlı əlaqələrin humanitar məzmununu zənginləşdirir.

Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa etməsi qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin parlaq nümunəsidir. Eyni zamanda Bakıda yaradılacaq “Özbəkistan” parkı iki xalq arasındakı dostluğun və qardaşlığın rəmzlərindən birinə çevriləcək.

Təhsil sahəsində də əlaqələr uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı təhsil imkanlarının genişlənməsi gənc nəslin bir-birini daha yaxından tanımasına, elmi və akademik əlaqələrin möhkəmlənməsinə xidmət edir. Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması isə xalqlarımızın ortaq mədəni irsinin daha bir göstəricisidir.

Media və vətəndaş cəmiyyəti sahələrində keçirilən forumlar da əlaqələrin yeni istiqamətlərini formalaşdırır. Azərbaycan və Özbəkistan arasında media və QHT forumlarının keçirilməsi qarşılıqlı təcrübə mübadiləsinə, ictimai əlaqələrin genişlənməsinə və xalqlar arasında birbaşa təmasların artmasına şərait yaradır.

Turizm sahəsində müşahidə olunan artım da xalqlarımızın bir-birinə olan marağının göstəricisidir. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması iki ölkə arasında humanitar və mədəni əlaqələrin daha da güclənməsinə xidmət edir.

Regionlararası əməkdaşlıq isə Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi dinamika gətirir. Bakı-Daşkənd, Şuşa-Xivə, İsmayıllı-Riştan və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması xalqlarımızı yerli səviyyədə də yaxınlaşdırır. Naxçıvanla Ürgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması planı da bu əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.

Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Türk dünyasının birliyinin möhkəmləndirilməsini, ortaq tarix və mədəni irsin qorunmasını, iqtisadi və siyasi inteqrasiyanın dərinləşdirilməsini dəstəkləyir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması bu istiqamətdə mühüm addımlardan biridir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafında Özbəkistanın xüsusi rolu vardır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin olunması ölkəmizin regionla əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Beləliklə, əvvəllər “C5” formatında olan əməkdaşlıq mexanizmi Azərbaycanın iştirakı ilə daha geniş “C6” formatına çevrilərək yeni regional imkanlar yaradıb.

Bütün bunlar göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə mühüm əhəmiyyət daşıyır. İki ölkənin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəyi həmrəyliyin və etimadın yüksək səviyyəsini nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşmış möhkəm qardaşlıq münasibətlərinin müasir dövrdə strateji müttəfiqliyə çevrilməsinin uğurlu nümunəsidir. Siyasi iradə, qarşılıqlı etimad və iqtisadi potensialın birləşdirilməsi gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan-Özbəkistan qardaşlığı möhkəm təməllər üzərində qurulub. Bu münasibətlərin davamlı inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının birliyinin, regional sabitliyin və iqtisadi tərəqqinin güclənməsinə mühüm töhfə verəcək.

Sona Əsədova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədrinin müavini,

Digər xəbərlər