2026-cı il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı fikirlər iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmadığını, iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlığa çevrildiyini göstərir.
Prezident İlham Əliyevin Daşkənd və ümumilikdə Özbəkistanın sürətli inkişafını yüksək qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı qeyd edib ki, Özbəkistan Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə mühüm inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, energetika və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, investisiyaların cəlb olunması Özbəkistanın yeni simasının formalaşmasına səbəb olub. Bu inkişaf Azərbaycan tərəfindən dost və qardaş ölkənin uğuru kimi yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin fikirlərində diqqət çəkən əsas məqamlardan biri də iki ölkənin inkişaf proseslərinin paralelliyidir. Azərbaycan və Özbəkistan son illərdə iqtisadiyyatlarını şaxələndirən, yeni istehsal və nəqliyyat imkanları yaradan, investisiya mühitini gücləndirən və beynəlxalq mövqelərini möhkəmləndirən dövlətlər kimi çıxış edirlər. Məhz bu paralel inkişaf Azərbaycan–Özbəkistan əməkdaşlığının daha geniş regional əhəmiyyət qazanmasına imkan verir.
Avqustun 23-də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi də münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. İclas zamanı iki ölkə arasında qarşılıqlı ticarətin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, investisiya layihələrinin sürətləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və humanitar əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin açıqlamasına görə, son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Tərəflər qarşıdakı dövr üçün 1 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı yaxın hədəf kimi müəyyənləşdiriblər.
Azərbaycan Prezidentinin çıxışında xüsusi yer tutan məsələlərdən biri Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşmasıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması bu baxımdan mühüm tarixi hadisədir. Prezident İlham Əliyev bu məsələdə Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb. Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Azərbaycan və Özbəkistanın bu prosesdə fəal əməkdaşlığı isə regionun iqtisadi və nəqliyyat potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.
İqtisadi əməkdaşlığın çoxşaxəliliyi Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biridir. Bu gün iki ölkə enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sənayesi və bankçılıq kimi çoxsaylı istiqamətlərdə birgə layihələr həyata keçirir. Özbəkistanın avtomobil sənayesində qazandığı təcrübənin Azərbaycana gətirilməsi, Hacıqabulda yeni avtomobil istehsalı layihələrinin həyata keçirilməsi bunun konkret nümunələrindəndir. Eyni zamanda, neft-qaz sahəsində əməkdaşlıq üzrə layihələrin də mühüm mərhələyə çatdırılması iki ölkənin iqtisadi əlaqələrinin strateji xarakterini göstərir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının ən parlaq nümunələrindən biri Qarabağın bərpası prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyidir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasına praktiki yardım göstərən ilk ölkələrdən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinin yaradılması bu dəstəyin real ifadəsidir. Füzulidə təxminən 960 şagird yerlik məktəbin inşası və Xankəndidə 200-dən çox iş yerinin yaradılması yalnız iqtisadi və sosial layihələr deyil, həm də Azərbaycan–Özbəkistan qardaşlığının rəmzləridir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə iki ölkənin regional imkanlarını daha da genişləndirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Özbəkistanın dünya bazarlarına çıxışında mühüm əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması və Özbəkistan üçün bərə layihəsinin həyata keçirilməsi bu baxımdan mühüm perspektivlər yaradır. Azərbaycan Prezidenti ölkənin gəmiqayırma zavodunda müxtəlif təyinatlı gəmilərin istehsal edildiyini və Özbəkistan üçün bərə layihəsinin sürətləndirilməsinin vacibliyini bildirib. Bu əməkdaşlıq gələcəkdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin daha da güclənməsinə xidmət edə bilər.
Bu baxımdan Zəngəzur dəhlizinin reallaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev səfər zamanı Azərbaycan ərazisində layihə üzrə işlərin fəal şəkildə davam etdiyini, Naxçıvanda da müvafiq işlərə başlanıldığını bildirib. Bu layihənin həyata keçirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə daha sıx nəqliyyat və logistika əlaqələri ilə birləşdirəcək, Orta Dəhlizin əhəmiyyətini daha da artıracaqdır.
Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətlərində əldə olunan nəticələr təsadüfi deyil. Bu münasibətlər ardıcıl siyasi iradəyə, qarşılıqlı etimada, ortaq tarixi və mənəvi dəyərlərə, eləcə də konkret iqtisadi maraqlara əsaslanır. Azərbaycanın və Özbəkistanın inkişaf yolunda əldə etdiyi uğurlar qarşılıqlı əməkdaşlıq imkanlarını daha da artırır.
Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Daşkənddə səsləndirdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini aydın şəkildə ifadə edir: bu əlaqələr möhkəm mənəvi və maddi təmələ, qarşılıqlı etimada və konkret fəaliyyət proqramına əsaslanır. Səfərin nəticələri isə Azərbaycan və Özbəkistanın birgə səylərlə yeni imkanlar yaratmaq, xalqların rifahını yüksəltmək və regionun inkişafına töhfə vermək əzmində olduğunu bir daha nümayiş etdirdi.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri