Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbii gözəlliklərə malik bölgələrindən biri olan Laçın Qarabağ və Şərqi Zəngəzurun mühüm coğrafi mövqeyində yerləşir. Tarixən strateji əhəmiyyəti, təbii sərvətləri və zəngin mədəni irsi ilə seçilən Laçın bu gün Azərbaycan dövlətinin gücü və qətiyyətinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının, Böyük Qayıdışın və sürətli quruculuğun parlaq nümunəsinə çevrilib.
Laçının müasir şəhər kimi formalaşması 1923-cü ildən başlayır. Həmin ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi statusu əldə edib. Böyük strateji əhəmiyyətə malik rayon 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Laçının işğalı Ermənistanın Qarabağı öz ərazisi ilə birləşdirmək məqsədi daşıyan məkrli siyasi planının mühüm tərkib hissəsi idi.
İşğal nəticəsində Laçının yaşayış məntəqələri dağıdılıb, sosial-iqtisadi infrastrukturu və tarixi-mədəni irsi məhv edilib, laçınlılar doğma yurdlarından didərgin salınıb. Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni abidələrin məhv edilməsi və təbii sərvətlərin talan olunması işğal siyasətinin ağır nəticələrindən olub. Lakin Azərbaycan dövləti bütün bu illər ərzində öz prinsipial mövqeyindən geri çəkilməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və güclü ordu quruculuğu torpaqlarımızın azad olunması üçün möhkəm zəmin yaradıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 1 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edildi. 2023-cü il sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suverenlik tam bərpa olundu. Beləliklə, Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət təmin edildi.
Laçının azadlığı strateji və geosiyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Rayonun mühüm nəqliyyat-kommunikasiya imkanlarına malik olması onun regionun gələcək inkişafındakı rolunu artırır. Laçının inkişafı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının genişləndirilməsi və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhərinə daxil olması və şəhərin nəzarətə götürülməsi Laçının həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu tarix həm də laçınlıların doğma şəhərlərinə qayıdışının başlanğıcı kimi tarixə yazıldı.
Prezident İlham Əliyevin azad edilmiş Laçına çoxsaylı səfərləri burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dövlət başçısının xüsusi diqqətində olduğunu göstərir. Səfərlər zamanı müxtəlif sosial, iqtisadi, infrastruktur və mədəni layihələrin təməli qoyulub və açılışları həyata keçirilib. Laçında yaradılan müasir infrastruktur, yaşayış kompleksləri, sosial obyektlər, yollar və ictimai məkanlar şəhərin yeni simasını formalaşdırır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Baş Plan şəhərin tarixi simasının qorunması, müasir infrastrukturun yaradılması, turizm imkanlarının genişləndirilməsi və dayanıqlı inkişafını nəzərdə tutur. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektlərinin yaradılması planlaşdırılır. Tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin və gündəlik tələbat obyektlərinin yaxın məsafədə yerləşdirilməsini, rahat və təhlükəsiz hərəkəti təmin etməyi nəzərdə tutur.
Laçının tarixi-mədəni potensialının beynəlxalq səviyyədə tanıdılmasında onun 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi mühüm hadisə oldu. Bu status şəhərin zəngin tarixi və mədəni irsinin, təbii gözəlliklərinin daha geniş coğrafiyada tanıdılmasına imkan yaratdı və Laçının regional mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirdi.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Yeni yaşayış məhəllələri, sosial obyektlər, yollar, parklar və mühəndis-kommunikasiya infrastrukturu şəhərin gələcək həyatının möhkəm təməlini formalaşdırır. Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların doğma şəhərə qayıdışı mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız insanların öz evlərinə qayıtması deyil, bütöv bir şəhər həyatının yenidən qurulması deməkdir.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması rayonun və bütövlükdə regionun gələcək inkişafı baxımından mühüm hadisə oldu. Layihəyə əsasən Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Həmçinin uzunluğu 172 kilometrə yaxın magistral boru kəmərinin inşası nəzərdə tutulur. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min nəfərin keyfiyyətli içməli su ilə təmin olunmasına imkan yaradacağı gözlənilir. Magistral boru kəməri üzərində ümumi gücü 10.81 MVt olan üç su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.
Bu gün Laçın artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın qalib dövlət kimi yaratdığı yeni reallığın canlı nümunəsidir. Şəhərin hər bir yeni binası, yolu, parkı və sosial obyekti Zəfərimizin yaratdığı imkanların təcəssümüdür. 26 Avqust - Laçın Şəhəri Günü Laçının işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, laçınlıların doğma yurda qayıdışını və şəhərin gələcəyə doğru inamla addımlamasını simvolizə edir.
Laçın bu gün yenidən yaşayır, qurulur və inkişaf edir. Onun yeni siması Azərbaycanın Zəfər tarixinin, milli iradəsinin və Böyük Qayıdış siyasətinin parlaq ifadəsidir. Tarixi köklərinə bağlı, müasir inkişaf konsepsiyasına əsaslanan Laçın bundan sonra da Qarabağın və Şərqi Zəngəzurun mühüm inkişaf, mədəniyyət və turizm mərkəzlərindən biri olacaq.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri