Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, milli-mənəvi dəyərlər, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq bu gün strateji xarakter daşıyan çoxşaxəli əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat iki qardaş ölkə arasında əlaqələrin möhkəm təməlini və gələcək inkişaf istiqamətlərini bir daha nümayiş etdirib.
Dövlət başçısının səfəri zamanı Daşkənd və bütövlükdə Özbəkistanın sürətli inkişaf mərhələsində olduğu vurğulanıb. Prezident İlham Əliyev bu inkişafı Özbəkistanın iqtisadi potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, energetika və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirib.
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi ikitərəfli münasibətlərin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İclasda iki ölkə arasında mövcud əməkdaşlığın nəticələri və qarşıdakı dövr üçün yeni hədəflər müzakirə olunub.
Bu gün Azərbaycan–Özbəkistan əməkdaşlığı iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, avtomobil sənayesi, dağ-mədən, emal və bankçılıq sahələrində həyata keçirilən layihələr əlaqələrin praktik məzmununu nümayiş etdirir. Qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində qarşıya qoyulan məqsəd də mövcud potensialın göstəricisidir.
İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də investisiya layihələridir. Qarşılıqlı investisiyaların artırılması, yeni müəssisələrin yaradılması və şirkətlərin hər iki ölkənin bazarlarına çıxışı iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır. Azərbaycan və Özbəkistanın paralel iqtisadi inkişafı bu əməkdaşlığın davamlı xarakter almasına əlverişli şərait formalaşdırır.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi məqamlarından biri də qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində fəal iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Böyük Qayıdış prosesinə verdiyi mühüm töhfələrdəndir. Bu layihələr iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, həm də yüksək mənəvi məzmun daşıdığını göstərir.
Əməkdaşlığın coğrafiyası yalnız Bakı və Daşkəndlə məhdudlaşmır. Regionlararası əlaqələrin inkişafı, müxtəlif şəhər və rayonlar arasında birbaşa əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi imkanların artırılmasına xidmət edir. Bu baxımdan regionlararası əməkdaşlıq forumlarının keçirilməsi mühüm praktiki əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistanın tərəfdaşlığı regional müstəvidə də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi və Özbəkistanla sıx əməkdaşlıq nəqliyyat-logistika imkanlarının, enerji və ticarət əlaqələrinin inkişafına yeni perspektivlər açır. Azərbaycan və Mərkəzi Asiyanın vahid geoiqtisadi məkan kimi inkişafında Bakı–Daşkənd əməkdaşlığı mühüm amillərdən birinə çevrilir.
Səfər çərçivəsində iki ölkə prezidentlərinin qarşılıqlı yüksək dövlət təltiflərinə layiq görülməsi də münasibətlərin xüsusi xarakterini nümayiş etdirib. Prezident Şavkat Mirziyoyevin İlham Əliyevə ali dərəcəli “Dostluq” ordenini, Prezident İlham Əliyevin isə Özbəkistanın dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi dövlət başçıları arasında qarşılıqlı ehtiramın və iki ölkə arasındakı dostluğun yüksək ifadəsidir.
Daşkənddə yeni layihələrin təməlinin qoyulması və Azərbaycanla bağlı “Azərbaycan” parkının yaradılması kimi təşəbbüslər də xalqlarımız arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edir.
Bu gün Azərbaycan və Özbəkistan qarşısında yeni imkanlar və böyük hədəflər dayanır. İqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların artırılması, sənaye və kənd təsərrüfatı layihələrinin inkişaf etdirilməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turizm və humanitar əlaqələrin genişləndirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir.
Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafı göstərir ki, möhkəm siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan əməkdaşlıq böyük nəticələrə yol açır. Bu münasibətlər iki qardaş ölkənin inkişafına töhfə verməklə yanaşı, Türk dünyasının birlik və həmrəyliyinin güclənməsinə də mühüm xidmət edir.
Azərbaycan–Özbəkistan əməkdaşlığı bu gün yeni hədəflərə doğru inamla irəliləyir. Mövcud möhkəm təməl və qarşılıqlı siyasi iradə isə Bakı ilə Daşkənd arasında əlaqələrin gələcəkdə daha böyük layihələr və uğurlarla zənginləşəcəyinə əminlik yaradır.
İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri