“Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan və özbək xalqlarını ortaq din, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci ildə Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müyyənləşdirilməsində əhəmiyyətli rol oynayıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Azərbaycan-Özbəkistan münasibətləri hazırda ən yüksək inkişaf mərhələsinə-müttəfiqlik səviyyəsinə gəlib çatıb və bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq əlaqələri formalaşıb. Dövlətimizin başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlərə malik olması bu əlaqələrin inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri bütün bu məqamların təqdimatında, eyni zamanda, əlaqələrimizin gələcək inkişafında yol xəritəsi kimi dəyərləndirilən mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı. Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış oldu. Prezidentlər Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoydular. Parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır. Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parkının salınması xalqlarımız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq. Dövlətimizin başçısının səfəri proqramın zənginliyi ilə diqqətdə oldu. Daşkənddə, həmçinin Azərbaycan və Özbəkistan Prezidentlərinin təltifolunma mərasimi keçirildi”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, hər bir səfərin əhəmiyyətini təsdiqləyən amillərdən biri də sənədlərin imzalanmasıdır: “Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri zamanı Prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Əməkdaşlıqdan əbədi dostluğa irəliləyən bu münasibətlərin uğurlu inkişafı üçün bütün imkanlar mövcuddur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, bizim hər bir görüşümüz tarixdir. Bugünkü səfər də tarixidir. Bu gün bütün istiqamətləri, hər bir layihəni çox dəqiqliklə nəzərdən keçirdik və İlham Heydər oğlu olduqca ciddi dəstək verdi. Biz yeni Yol Xəritəsini qəbul etdik, ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılıq əldə etdik. Əlbəttə, bu, son hədd deyil. Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir. Biz görülən işlər və iki liderin iradəsi sayəsində nələrə nail olduğumuz barədə özümüzə daim hesabat verməliyik. Bu, qısa müddətdə əldə olunan böyük nəticədir. Bu gün ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açırıq. Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək. Bu gün ölkəmizin əsl dostu olan Prezident İlham Əliyevə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir. Özbəkistanlı həmkarının bu fikirlərinin davamı olaraq cənab İlham Əliyev son 4-5 ildə Özbəkistana artıq yeddinci dəfə səfər etdiyini, Şavkat Mirziyoyevin də Azərbaycana səfərlərinin sayının bu dövrdə daha çox olduğunu önə çəkərək vurğuladı ki, bu, sadəcə statistikadır. Amma bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. Dövlətimizin başçısı qardaşlığa və müttəfiqliyə əsaslanan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Şavkat Mirziyoyevə Azərbaycanın ən ali ordeni – “Heydər Əliyev” ordenini təqdim etdi”.
Malik Həsənov vurğulayıb ki, əbədi dostluq haqqında Müqavilə ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq, sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcək: “Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq. Azərbaycan və Özbəkistan Prezidentlərinin mətbuata bəyanatlarında, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında səsləndirdikləri çağırışlar iki əbədi dostun möhkəm təmələ söykənən münasibətlərinin təqdimatı oldu. Belə ki, cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış, artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır”.
Millət vəkili bildirib ki, ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan və Özbəkistan əbədi dostluğu Türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfədir. Əlaqələrimiz yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar daxilində də yüksələn xətlə inkişaf edir. Bu əminlik də ifadə edildi ki, bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq.