Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının səfər çərçivəsində səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətləri tarixi, siyasi və mənəvi yaxınlıqdan qaynaqlanaraq müasir dövrdə çoxşaxəli və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər yalnız dövlətlərarası əlaqələr çərçivəsində məhdudlaşmır. Eyni tarixi köklərə, zəngin mədəni irsə və ortaq milli-mənəvi dəyərlərə malik olan iki xalq arasında mövcud dostluq münasibətləri siyasi əlaqələrin möhkəm dayağıdır. Bu yaxınlıq dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı etimadı nəticəsində son illərdə daha da güclənib.
Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatda Azərbaycanla Özbəkistan arasında əlaqələrin bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyi vurğulandı. Xüsusilə siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisiyaların artması, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi iki ölkə arasındakı tərəfdaşlığın konkret nəticələrini ortaya qoyur.
Bu gün Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və sənaye kooperasiyasının genişləndirilməsi hər iki ölkənin iqtisadi imkanlarının daha səmərəli şəkildə birləşdirilməsinə şərait yaradır. Müxtəlif sahələrdə yaradılan birgə müəssisələr və həyata keçirilən layihələr iqtisadi əlaqələrin artıq yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycanın Özbəkistanın iqtisadi inkişafında, Özbəkistanın isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı qarşılıqlı dəstəyin mühüm nümunələrindəndir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycan xalqı üçün həm iqtisadi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Füzulidə məktəb tikintisi və digər layihələrdə iştirakı qardaş ölkənin Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq prosesinə münasibətinin göstəricisidir.
İki ölkə arasında enerji əməkdaşlığı da mühüm istiqamətlərdən biridir. Azərbaycan özünün enerji resursları, infrastrukturu və tranzit imkanları ilə Avrasiyanın enerji xəritəsində mühüm mövqeyə malikdir. Özbəkistan isə zəngin enerji potensialı və böyük daxili bazarı ilə bu əməkdaşlığın inkişafında əhəmiyyətli tərəfdaşdır. Enerji sahəsində yeni layihələrin reallaşdırılması qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan verir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan tərəfdaşlığının strateji xarakterini daha da artırır. Azərbaycanın Xəzər dənizi üzərindən Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın əsas iqtisadi mərkəzlərindən biri olması iki ölkənin tranzit imkanlarını bir-biri ilə əlaqələndirməyə imkan yaradır. Orta Dəhlizin inkişafı fonunda Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi yeni ticarət marşrutlarının formalaşmasına və yükdaşımaların artmasına xidmət edə bilər.
Prezident İlham Əliyevin bəyanatında mədəni-humanitar əməkdaşlığın əhəmiyyəti də xüsusi diqqət çəkir. Azərbaycan və Özbəkistan xalqlarının zəngin ədəbi və mədəni irsi iki ölkəni birləşdirən ən mühüm amillərdəndir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük söz ustadlarının yaradıcılığı xalqlarımızın mənəvi yaxınlığının parlaq nümunəsidir. Bu irsin birgə layihələr vasitəsilə təbliği gələcək nəsillərin ortaq tarix və mədəniyyət haqqında daha geniş məlumat əldə etməsinə imkan yaradır.
Humanitar əlaqələrin inkişafında təhsil və mədəniyyət layihələri də mühüm rol oynayır. Özbəkistanda Azərbaycan mədəniyyətinin, Azərbaycanda isə özbək mədəniyyətinin təbliği xalqlar arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir. Bu baxımdan müxtəlif mədəniyyət günlərinin, sərgilərin, konfransların və ədəbi tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasıdır. İki ölkə beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq edir, bir sıra məsələlərdə yaxın mövqedən çıxış edir və Türk dünyasının həmrəyliyinin gücləndirilməsinə töhfə verir. Bu əməkdaşlıq Azərbaycanın və Özbəkistanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm amildir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə sürətlə inkişaf etməsi də xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasət nəticəsində Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq və iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Özbəkistan bu münasibətlər sistemində xüsusi yer tutur. Bakı və Daşkənd arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq digər sahələrdə əməkdaşlığın inkişafına da güclü təkan verir.
Səfərin nəticələri onu göstərir ki, Azərbaycan və Özbəkistan gələcəkdə də birgə fəaliyyətin yeni istiqamətlərini müəyyənləşdirmək əzmindədir. Qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat dəhlizlərindən daha səmərəli istifadə, enerji əməkdaşlığının inkişafı və humanitar əlaqələrin dərinləşdirilməsi iki ölkənin qarşısında dayanan mühüm vəzifələr sırasındadır.
Bu münasibətlərin möhkəmlənməsi eyni zamanda Türk dünyasının birlik və həmrəyliyinin güclənməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistanın sahib olduğu siyasi, iqtisadi və mədəni potensialın birləşdirilməsi yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına müsbət təsir göstərə bilər. Xüsusilə nəqliyyat, ticarət, enerji və investisiya sahələrində birgə layihələr region dövlətləri arasında iqtisadi əlaqələrin daha da sıxlaşmasına şərait yaradır.
Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əsasını qarşılıqlı hörmət, etimad və qardaşlıq təşkil edir. Bu münasibətlərdə siyasi maraqlarla yanaşı, xalqların tarixi və mənəvi yaxınlığı da mühüm rol oynayır. Məhz bu möhkəm təməl iki ölkənin qarşıdakı illərdə daha böyük layihələrə və strateji təşəbbüslərə imza atmasına imkan verəcək.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı həm ölkələrimizin milli maraqlarına, həm də regionda sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına xidmət edir. 23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistanda verdiyi bəyanat da bu baxımdan mühüm siyasi mesajlarla yadda qaldı. Səfər çərçivəsində nümayiş etdirilən yüksək səviyyəli qarşılıqlı etimad və müəyyənləşdirilən yeni əməkdaşlıq istiqamətləri Azərbaycan–Özbəkistan qardaşlığının gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.
Bu gün Bakı ilə Daşkəndi birləşdirən münasibətlər artıq yalnız keçmişin ortaq dəyərləri ilə deyil, gələcəyə dair ortaq baxışlarla da səciyyələnir. İki dövlətin siyasi iradəsi, xalqların qardaşlıq münasibətləri və geniş iqtisadi potensialı Azərbaycan–Özbəkistan tərəfdaşlığını Türk dünyasında nümunəvi əməkdaşlıq modellərindən birinə çevirir.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi