PDF Oxu

Siyasət

  • 769

Azərbaycan-Özbəkistan: iki ölkənin strateji tərəfdaşlıq gündəliyi genişlənir - ŞƏRH

image

Türk dünyasının birliyi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Tarixi Zəfərimizdən sonra bu birliyin, həmrəyliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatının keçirilən Zirvə görüşlərində gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulması, əlaqələrin inkişafında möhkəm hüquqi baza rolunu oynayan sənədlərin imzalanması və sair kimi bir-birindən mühüm addımlar birliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bütün bu məqamlara işıq saldı. Səfərin tərkibi genişliyi ilə diqqətdə oldu. Prezidentlərin təkbətək görüşləri, mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan və Özbəkistan Ali Şurasının 3-cü iclası dərin köklərə malik olan Azərbaycan-Özbəkistan əməkdaşlığının dünəninin, bu gününün və gələcəyinin aydın mənzərəsini təqdim etdi. Səfər çərçivəsində mühüm sahələri özündə ehtiva edən sənədlər imzalandı. Dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.

Mətbuata bəyanatında Azərbaycan Prezidentinin səfərinin tarixi əhəmiyyət daşıdığını bildirən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onu da qeyd etdi ki, biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir. Dövlət başçısı İlham Əliyev isə vurğuladı ki, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verirlər.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

Dövlətimizin başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və perspektivlərinə bir daha diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb: “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb”.

Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.

İki ölkə arasında əməkdaşlığın əbədi dostluğa qədər irəliləməsi dövlətlərarası əlaqələrdə əsas faktor olan qarşılıqlı etimad mühitinin yüksək səviyyədə qorunmasının təsdiqidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Özbəkistan, bir sözlə, Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər