PDF Oxu

Siyasət

  • 1 048

Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Dövlət başçısının səfəri Azərbaycan–Özbəkistan əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini göstərən mühüm hadisə kimi yadda qaldı.
Prezident İlham Əliyev çıxışında Özbəkistan rəhbərliyinə və xalqına göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirərək iki xalqı birləşdirən qardaşlıq bağlarının xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısının fikirləri Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız diplomatik əlaqələrdən ibarət olmadığını, tarixi, mədəni və mənəvi yaxınlığa əsaslandığını bir daha təsdiqlədi.
Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri yüksək dinamika ilə inkişaf edir. Dövlətlərarası siyasi dialoqun möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına, nəqliyyat, enerji, sənaye və digər sahələrdə yeni layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb. 23 avqust səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması da əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin bəyanatında Özbəkistanın inkişafı ilə bağlı yüksək qiymətləndirmələr də xüsusi diqqət çəkdi. Azərbaycan tərəfi qardaş Özbəkistanda həyata keçirilən islahatları və ölkənin sürətli inkişafını böyük məmnunluqla qarşılayır. Bu yanaşma iki ölkə rəhbərliyi arasında qarşılıqlı hörmətin və etimadın yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də iqtisadi tərəfdaşlıqdır. Birgə investisiya layihələrinin həyata keçirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verir. Səfər çərçivəsində Prezident İlham Əliyev iki ölkənin birgə investisiyalarının 500 milyon dollardan xeyli yüksək olduğunu qeyd edib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərdə Özbəkistanın dəstəyi də xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkələrdən biri olması iki dövlət arasında dostluq və həmrəyliyin real nümunəsidir.
Səfərin mühüm məqamlarından biri də Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi oldu. Bu dəvət iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm addımdır.
Eyni zamanda, Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması iki ölkə münasibətlərinə verilən yüksək siyasi qiymətin ifadəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini bir daha ortaya qoydu. Bu münasibətlər qarşılıqlı etimad, qardaşlıq və ümumi maraqlar üzərində qurulub. Qarşıdakı dövrdə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi iki ölkənin və xalqların rifahına mühüm töhfələr verəcək.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər