PDF Oxu

Siyasət

  • 523

Azərbaycan–Özbəkistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasında dövlətlərarası münasibətlərin yeni, daha yüksək mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək. Bu strateji əməkdaşlığın yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmayaraq vətəndaş cəmiyyəti institutları, o cümlədən əlilliyi olan şəxslərin təşkilatları arasında əməkdaşlığın da yeni səviyyəyə yüksəlməsinə geniş imkanlar yaradacağına inanırıq.

Azərbaycan və Özbəkistanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, inklüziv cəmiyyətin formalaşdırılması, müyəssərliyin təmin edilməsi, sosial xidmətlərin inkişafı və təcrübə mübadiləsi sahələrində birgə təşəbbüsləri hər iki ölkədə inklüziv inkişaf prosesinə mühüm töhfə verə bilər.

Bu baxımdan, iki ölkənin əlilliyi olan şəxslərin təşkilatları arasında birbaşa əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin və təlimlərin təşkili, müyəssərlik və inklüziv şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılması xüsusi əhəmiyyət daşıyır.

Əminik ki, Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etməsi vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmlənməsinə, xüsusilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı üçün yeni imkanların yaranmasına xidmət edəcək.

Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən əlilliyi olan şəxslərin təşkilatları arasında artıq formalaşmış əməkdaşlıq əlaqələri mövcuddur. Bu təşkilatlar həm birbaşa əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir, həm də təmsil olunduqları beynəlxalq və regional qurumlarda bir-birinə möhkəm dəstək göstərirlər.

Bu qarşılıqlı dəstək iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin vətəndaş cəmiyyəti səviyyəsində də özünün aydın ifadəsini tapdığını göstərir. Hesab edirik ki, mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə təşəbbüslərin artırılması Azərbaycan və Özbəkistan təşkilatlarının həm milli, həm də beynəlxalq səviyyədə təsir imkanlarını daha da artıracaq.

Davud RƏHİMLİ

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının sədri

Digər xəbərlər