PDF Oxu

Siyasət

  • 455

Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri və səfər çərçivəsində keçirilən görüşlər, qəbul edilən qərarlar, imzalanan sənədlər və reallaşdırılan layihələr iki ölkə arasındakı əlaqələrin strateji məzmununu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının Daşkənddə mətbuata verdiyi bəyanat isə bu münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsi təsadüfi deyil. Bu əlaqələrin təməlində xalqlarımızı birləşdirən ortaq tarixi-mədəni bağlar, qarşılıqlı hörmət, etimad və dövlət başçılarının siyasi iradəsi dayanır. Prezident İlham Əliyev Daşkənddə çıxışı zamanı Azərbaycan xalqının da Özbəkistana və onun qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəslədiyini vurğulayaraq, səfərin nəticələrinin bu münasibətləri bir daha təsdiqlədiyini bildirdi. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycan və Özbəkistanın paralel inkişafı artıq daha geniş geosiyasətin mühüm amilinə çevrilib.
Bu münasibətlərin institusional baxımdan möhkəmlənməsində Ali Dövlətlərarası Şura xüsusi əhəmiyyət daşıyır. Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi əlaqələrin artıq sistemli və uzunmüddətli strateji mexanizmlər üzərində qurulduğunu göstərdi. İclasda iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Dövlətlərarası Şuranın fəaliyyətini ölkələrin əldə etdiyi müttəfiqlik münasibətlərinin yüksək səviyyəsinin mühüm göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyevin səfər çərçivəsində Şavkat Mirziyoyevlə təkbətək görüşü də ikitərəfli münasibətlərin gündəliyinin genişliyini nümayiş etdirdi. Bu görüş və ardınca keçirilən yüksək səviyyəli müzakirələr qarşılıqlı etimadın yalnız siyasi bəyanatlarda deyil, konkret dövlətlərarası əməkdaşlıq mexanizmlərində də öz ifadəsini tapdığını göstərir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması isə əldə olunmuş razılaşmaların praktik müstəviyə keçirilməsi baxımından mühüm addım oldu. Rəsmi məlumata görə, sənədlərin imzalanması və mübadiləsi mərasimi avqustun 23-də Daşkənddə keçirilib.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin mühüm xüsusiyyətlərindən biri də onun yalnız siyasi əlaqələrlə məhdudlaşmamasıdır. Son illərdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən çoxsaylı layihələr həyata keçirilib. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorları da daxil olmaqla geniş istiqamətləri əhatə edir. Bankçılıq sahəsində əməkdaşlıq, Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarında fəaliyyətə başlaması da tərəfdaşlığın yeni istiqamətlərindən xəbər verir.
İqtisadi münasibətlərin qarşıdakı dövr üçün hədəfləri də kifayət qədər konkret müəyyənləşdirilib. Dövlətimizin başçısı bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin artıq uzaq perspektiv kimi deyil, bir neçə ildən sonra əldə olunacaq real nəticə kimi qiymətləndirildiyini bildirib. Bunun üçün hər iki ölkənin iqtisadi potensialı və qarşılıqlı investisiya imkanları mühüm baza yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə nəticələr yalnız iqtisadiyyatların paralel inkişaf etdiyi şəraitdə mümkün olur.
Səfərin nəticələri bu əməkdaşlığın sözlərdən konkret layihələrə keçdiyini də aydın göstərdi. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərində iştirak etdilər. Bu fakt iki ölkə arasındakı iqtisadi əlaqələrin qarşılıqlı xarakter daşıdığını, Azərbaycanın da Özbəkistanın inkişaf prosesində fəal tərəfdaş kimi çıxış etdiyini göstərir. Dövlət səfərinin proqramına Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması və Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak da daxil idi.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi cəhətlərindən biri də iqtisadi əməkdaşlığın mənəvi-siyasi yaxınlıqla tamamlanmasıdır. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasındakı münasibətlərin həm mənəvi, həm də maddi təməl üzərində qurulduğunu vurğulayıb. Dövlət başçısının fikrincə, bu iki amilin sintezi dünya siyasətində nadir hallarda rast gəlinən münasibətlər modeli formalaşdırır. Hər iki hökumətin inkişaf, xalqların rifahının yüksəldilməsi və səylərin birləşdirilməsi istiqamətində çalışması isə uğurun əsas amillərindən biridir.
Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni mərhələsi eyni zamanda daha geniş regional proseslərlə sıx bağlıdır. Azərbaycan Prezidentinin bəyanatında vurğulandığı kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra bu əməkdaşlığın coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan və Mərkəzi Asiyanın böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi formalaşması bu əlaqələrə daha geniş məzmun qazandırır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki ölkənin maraqları çərçivəsində deyil, bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər zamanı nümayiş etdirilən yüksək qarşılıqlı ehtiram da münasibətlərin siyasi və mənəvi mahiyyətini tamamladı. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini, Özbəkistan Prezidentinin isə Azərbaycan dövlət başçısına ali dərəcəli “Dostluq” ordenini təqdim etməsi iki liderin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsi oldu. Bu məqam dövlətlərarası əlaqələrin siyasi tərəfi ilə yanaşı, xalqlarımız arasındakı qardaşlığın mənəvi dəyərini də nümayiş etdirdi.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələri çərçivəsini aşaraq, konkret layihələrə, institusional mexanizmlərə və uzunmüddətli strateji hədəflərə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu reallığın növbəti təsdiqi oldu. Səfərin nəticələri iki ölkənin qarşıdakı illərdə daha geniş iqtisadi, siyasi, humanitar və regional əməkdaşlıq imkanlarına malik olduğunu göstərir.
Bu gün Azərbaycan və Özbəkistan bir-birinin uğurlarını öz uğuru kimi qəbul edən, regional və qlobal proseslərdə qarşılıqlı dəstəyi önə çəkən iki qardaş dövlətdir. Prezident İlham Əliyevin səfər zamanı ifadə etdiyi kimi, qarşıda çox dəqiq fəaliyyət planı var və hər bir layihə konkret maəzmunla zəngindir. Deməli, Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsi artıq gələcəyin vədi deyil, bu gün konkret nəticələri görünən və qarşıdakı illərdə daha da genişlənəcək strateji tərəfdaşlıq reallığıdır.

İsmayıl Yaqubov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Aşağı Qaramanlı kənd İƏD üzrə nümayəndə

Digər xəbərlər