PDF Oxu

Siyasət

  • 718

Azərbaycan və Mərkəzi Asiya: vahid geosiyasi və geoiqtisadi məkan - ŞƏRH

image

Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu proses təkcə ikitərəfli əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, Azərbaycanın Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizmlərində fəal iştirakını və bölgənin ümumi inkişaf proseslərinə daha sıx inteqrasiyasını da əhatə edir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanat bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Azərbaycan və Mərkəzi Asiyanın böyük potensiala və bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu vurğulayıb.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsində Özbəkistanın xüsusi rolu var. Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasında Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşündə tamhüquqlu iştirakının təmin olunması ilə bağlı Daşkənddə qəbul edilmiş qərarın rəmzi əhəmiyyət daşıdığını bildirib və Özbəkistan liderinə təşəkkürünü ifadə edib.
Bu hadisə Azərbaycanın regionla münasibətlərində yeni səhifə açan mühüm siyasi addımlardan biridir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tarixən mövcud olan tarixi, mədəni və humanitar bağlar son illərdə siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi ilə daha da möhkəmlənir. Ölkəmizin bu prosesdə fəal iştirakı Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası da ikitərəfli münasibətlərin regional əməkdaşlıq baxımından əhəmiyyətini nümayiş etdirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Dövlətlərarası Şuranın fəaliyyətini iki ölkənin əldə etdiyi müttəfiqlik münasibətlərinin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib. Belə bir mexanizmin artıq üçüncü dəfə keçirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin institusional əsaslarının möhkəmləndiyini göstərir.
Azərbaycan–Özbəkistan əlaqələrinin regional əhəmiyyəti ilk növbədə iki ölkənin inkişaf potensialının bir-birini tamamlaması ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra əməkdaşlığın coğrafiyası genişlənib. Bu proses Azərbaycanla Mərkəzi Asiya arasında siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının daha da inkişaf etdirilməsi üçün yeni perspektivlər açır.
Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşaqlarından biridir. Dövlət səfəri çərçivəsində keçirilən müzakirələrdə Azərbaycanın Bakıdan Ermənistan sərhədinə qədər mövcud dəmir yolu xəttinin bir hissəsini yenidən qurması və modernləşdirməsi, Naxçıvan hissəsinin isə təxminən 200 kilometr təşkil etməsi qeyd olunub. Bu xəttin Orta Dəhlizin əhəmiyyətli qollarından biri olacağı diqqətə çatdırılıb.
Orta Dəhlizin imkanlarının genişlənməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişafına da mühüm təsir göstərə bilər. Nəqliyyat bağlantılarının gücləndirilməsi malların, investisiyaların və biznes əlaqələrinin hərəkətini asanlaşdırmaqla regionun iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına şərait yaradır. Bu baxımdan Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə Mərkəzi Asiyanın zəngin resursları və geniş iqtisadi imkanlarının bir-birini tamamlaması böyük perspektiv vəd edir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Mərkəzi Asiyanın “vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə edilməsi məhz bu reallığın siyasi ifadəsidir. Söhbət yalnız coğrafi yaxınlıqdan deyil, qarşılıqlı iqtisadi maraqların, nəqliyyat əlaqələrinin, investisiya imkanlarının, enerji əməkdaşlığının və siyasi dialoqun bir-birini tamamladığı geniş əməkdaşlıq məkanının formalaşmasından gedir. Dövlətimizin başçısı bu böyük və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının Azərbaycan–Özbəkistan əlaqələrindən də asılı olduğunu vurğulayıb.
Azərbaycan–Özbəkistan münasibətlərinin bu regional prosesdə xüsusi çəkisi var. Hər iki ölkə öz iqtisadiyyatlarını şaxələndirir, nəqliyyat və enerji infrastrukturunu inkişaf etdirir, yeni investisiya imkanları yaradır və beynəlxalq iqtisadi əlaqələrini genişləndirir. Prezident İlham Əliyev Özbəkistanın son illərdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək ölkənin sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu sahələrində böyük irəliləyişlər əldə etdiyini bildirib.
Avqustun 23-də Prezident İlham Əliyevin “Yeni Daşkənd” layihəsi ilə tanış olması da Özbəkistanın inkişaf miqyasını əyani şəkildə nümayiş etdirdi. Mərkəzi Asiyanın ən mühüm şəhərsalma təşəbbüslərindən biri olan layihə iqtisadiyyat, investisiya siyasəti, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirir. Layihənin tam başa çatmasından sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Yeni Daşkənd” nümunəsi bir tərəfdən Özbəkistanın iqtisadi və institusional inkişafının miqyasını göstərirsə, digər tərəfdən Mərkəzi Asiyada yeni iqtisadi və şəhərsalma mərkəzlərinin formalaşması prosesini nümayiş etdirir. Azərbaycanın belə layihələrlə yaxından tanış olması və Özbəkistanla müxtəlif sahələrdə əməkdaşlıq etməsi region ölkələri arasında təcrübə və imkan mübadiləsinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Regional inteqrasiyanın daha bir mühüm istiqaməti qarşılıqlı investisiyaların artmasıdır. Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Özbəkistan arasında investisiya layihələrinin artıq milyardlarla dollarla ölçüldüyü bildirilib. Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesinə Özbəkistan investisiyaları, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr iki ölkənin iqtisadi əlaqələrinin ikitərəfli xarakterini göstərir.
Səfər zamanı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi də bu baxımdan diqqətəlayiqdir. “Davr Bank”, gips zavodu və STEAM məktəblərinin açılışı, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, gümüş tərkibli filizin emalı və meyvə bağları layihələrinin təməlinin qoyulması Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatında müxtəlif sahələrdə iştirakının genişləndiyini göstərir.
Regional əməkdaşlığın siyasi və iqtisadi məzmunu ilə yanaşı, humanitar və mədəni ölçüsü də xüsusi əhəmiyyət daşıyır. Dövlət səfəri çərçivəsində Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması bunun simvolik nümunəsidir. Parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirən ictimai məkan yaradılacaq. Bakıda “Özbəkistan” parkının, Yeni Daşkənddə isə “Azərbaycan” parkının salınması iki xalqın çoxəsrlik dostluğunun və mədəni yaxınlığının növbəti rəmzi kimi qiymətləndirilir.
Bu cür layihələr göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya, xüsusilə də Özbəkistan arasında münasibətlər yalnız dövlətlərarası siyasi əlaqələrdən ibarət deyil. Burada xalqların bir-birinə yaxınlaşmasını təmin edən mədəni, humanitar və sosial bağlar da mühüm rol oynayır. Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı da təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafına verilən əhəmiyyətin göstəricisidir.
Bütün bu proseslər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji xarakter daşıdığını göstərir. Ölkəmizin regional əməkdaşlıq mexanizmlərində tamhüquqlu iştirakı, Orta Dəhlizin inkişafında oynadığı rol, qarşılıqlı investisiyaların artması və humanitar əlaqələrin genişlənməsi Azərbaycanla Mərkəzi Asiya arasında daha sıx inteqrasiyanın əsas istiqamətlərini formalaşdırır.
Azərbaycanın bu regionla əməkdaşlığının bundan sonra da genişlənməsi ölkəmizin xarici siyasətində, iqtisadi inkişafında və nəqliyyat-logistika imkanlarının artırılmasında mühüm rol oynayacaq. Avqustun 23-də Özbəkistanda keçirilən dövlət səfəri isə bu istiqamətdə əldə olunan nəticələrin və qarşıda duran imkanların növbəti nümayişi oldu. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi regionda qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və birgə inkişaf üçün yeni imkanlar yaradır.

Böyükkişi Cəbrayılov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Qırmızıkənd kənd tam orta məktəbin direktoru

Digər xəbərlər