Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı yüksək səviyyə yalnız siyasi sənədlərdə, qarşılıqlı səfərlərdə və konkret əməkdaşlıq layihələrində deyil, həm də iki dövlət başçısının bir-birinə verdiyi yüksək dəyərdə öz ifadəsini tapır. Avqustun 23-də Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi bu baxımdan tarixi hadisə oldu. Prezident İlham Əliyevin Özbəkistan Respublikasının ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin siyasi mahiyyətini və mənəvi dərinliyini əks etdirən mühüm hadisəyə çevrildi.
Bu təltiflər ilk növbədə iki liderin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında oynadığı xüsusi rola verilən yüksək qiymətdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Dostluq” ordeni ilə təltif olunması barədə Özbəkistan Prezidentinin Fərmanında bu mükafatın Azərbaycan Prezidentinə Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə təqdim edildiyi bildirilib. Prezident Şavkat Mirziyoyev isə mərasimdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafda və beynəlxalq arenada böyük uğurlar qazandığını xüsusi vurğulayıb.
Prezident Şavkat Mirziyoyevin sözləri Azərbaycan–Özbəkistan münasibətlərinin keçdiyi yolu aydın şəkildə xarakterizə edir. O bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir və iki liderin iradəsi sayəsində qısa müddətdə böyük nəticələr əldə olunub. Yeni Yol Xəritəsinin qəbul edilməsi və ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması barədə razılaşma münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm addımlar kimi təqdim olunub.
Özbəkistan Prezidentinin çıxışında İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı roluna da xüsusi diqqət yetirilib. Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünü bərpa etməklə xalqını yenidən birləşdirib və ulu öndər Heydər Əliyevin işini layiqincə davam etdirir. Bu fikirlər “Dostluq” ordeninin verilməsinin yalnız diplomatik protokol xarakteri daşımadığını, Azərbaycanın dövlətçilik uğurlarına və Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olduğunu göstərir.
Azərbaycan Prezidenti də öz növbəsində bu yüksək mükafatı böyük şərəf kimi qiymətləndirib. İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunmasını xalqlar və dövlətlər arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirmək üçün əlavə məsuliyyət kimi dəyərləndirib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu davam edən dostluq, ortaq köklər, mədəniyyətlərin, dillərin və adət-ənənələrin yaxınlığı bugünkü münasibətlərin möhkəm təməlini təşkil edir.
Təltif mərasiminin ən mühüm məqamlarından biri isə Prezident Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Azərbaycan Prezidentinin 23 avqust tarixli Sərəncamına əsasən, Özbəkistan Prezidentinə bu yüksək dövlət təltifi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təqdim edilib.
“Heydər Əliyev” ordeninin məhz Şavkat Mirziyoyevə təqdim olunması xüsusi siyasi və mənəvi məna daşıyır. Çünki bu orden Azərbaycanın müstəqil dövlətçilik tarixində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin adını daşıyır. Onun Özbəkistan Prezidentinə verilməsi Azərbaycan dövlətinin Şavkat Mirziyoyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək səviyyədə qiymətləndirdiyini göstərir.
Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, yüksək mükafatı təqdim edərkən Özbəkistan Prezidentinin ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi rolunu, Azərbaycan xalqına səmimi münasibətini və Qarabağın bərpasında göstərdiyi köməyi qeyd etmək istəyir. İlham Əliyev dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkənin Özbəkistan, ilk Prezidentin isə Şavkat Mirziyoyev olduğunu xüsusi vurğulayıb.
Bu fakt iki ölkə arasındakı münasibətlərin siyasi bəyanatlardan konkret əməli fəaliyyətə keçdiyini göstərən mühüm nümunədir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasında və Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşunda iştirakı Qarabağın dirçəlişinə qardaş dəstəyinin konkret ifadəsidir. Beləliklə, “Heydər Əliyev” ordeni ilə təltif yalnız siyasi münasibətlərə deyil, Azərbaycan xalqının xüsusilə həssas məqamında göstərilən əməli həmrəyliyə də verilən yüksək qiymət kimi dəyərləndirilə bilər.
Eyni zamanda İlham Əliyevin “Dostluq” ordeni ilə təltif olunması Özbəkistan tərəfinin Azərbaycan Prezidentinin iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini nümayiş etdirir. Prezident Şavkat Mirziyoyev İlham Əliyevin Özbəkistanla çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verdiyini və iki ölkə arasında müttəfiqliyin formalaşmasının ön sıralarında olduğunu bildirib.
Burada diqqətçəkən məqam təltiflərin qarşılıqlı xarakter daşımasıdır. Bir tərəfdən Özbəkistan Azərbaycanın dövlət başçısını ən yüksək dərəcəli “Dostluq” ordeni ilə təltif edir, digər tərəfdən Azərbaycan Özbəkistan Prezidentinə ölkənin ən ali ordeni olan “Heydər Əliyev” ordenini təqdim edir. Bu qarşılıqlılıq iki dövlət arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və yüksək etimad üzərində qurulduğunu nümayiş etdirir.
Əslində, bu iki ordenin eyni mərasimdə təqdim olunması Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi sürətli inkişaf yolunun simvolik yekunudur. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, strateji müttəfiqlik münasibətlərinə nisbətən qısa müddətdə nail olunub. Son dörd-beş il ərzində onun Özbəkistana artıq yeddinci dəfə səfər etməsi, Şavkat Mirziyoyevin Azərbaycana səfərlərinin sayının isə daha çox olması liderlər arasında intensiv siyasi dialoqun miqyasını göstərir.
Lakin dövlət başçısının da vurğuladığı kimi, bu rəqəmlərin arxasında daha dərin məzmun dayanır. Bu münasibətlərin təməlində xalqlarımızın ortaq kökləri, yaxın mədəniyyətləri, dilləri, adət-ənənələri və əsrlər boyu davam edən dostluğu dayanır. Son illərdə isə bu tarixi və mənəvi yaxınlıq siyasi iradə ilə yeni məzmun qazanıb, müttəfiqlik münasibətləri, qarşılıqlı investisiyalar və çoxsaylı birgə layihələrlə möhkəmlənib.
Təltif mərasiminin məhz Azərbaycan Prezidentinin dövlət səfəri çərçivəsində keçirilməsi də mühüm məna daşıyır. Səfər zamanı Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib, yeni sənədlər imzalanıb, bir sıra layihələrin açılışı və təməlqoyması həyata keçirilib. Bununla yanaşı, iki ölkə arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması münasibətlərin gələcəyinə dair siyasi iradəni daha da möhkəmləndirib. Şavkat Mirziyoyevin çıxışında bu Müqavilənin münasibətləri yeni məzmunla zənginləşdirəcəyini bildirməsi də təsadüfi deyil.
Bu mənada “Dostluq” və “Heydər Əliyev” ordenləri sadəcə dövlət təltifləri deyil. Onlar Azərbaycan–Özbəkistan münasibətlərinin keçdiyi tarixi yolun, iki liderin siyasi iradəsinin və xalqlar arasında formalaşmış qardaşlıq bağlarının rəmzi kimi çıxış edir. Ordenlərin qarşılıqlı təqdim edilməsi iki dövlətin münasibətlərə verdiyi yüksək siyasi qiymətin və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, iki ölkə arasında qardaşlığın “binası” ortaq köklər və xalqların yaxınlığı üzərində qurulub, həyata keçirilən layihələr və birgə təşəbbüslər isə həmin binanı daha da möhkəmləndirir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Qarşılıqlı siyasi dəstək, iqtisadi əməkdaşlıq, Qarabağın bərpasında Özbəkistanın iştirakı, humanitar əlaqələrin genişlənməsi və regionlararası tərəfdaşlıq bu münasibətlərin çoxşaxəli məzmununu müəyyənləşdirir. Dövlət başçılarına təqdim olunan yüksək ordenlər isə bu münasibətlərin siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzə çevrilib.
Avqustun 23-də Daşkənddə keçirilən mərasim Azərbaycan–Özbəkistan qardaşlığının tarixində xüsusi səhifə açdı. Prezident İlham Əliyevin “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə “Heydər Əliyev” ordeni ilə təltif olunması iki liderin fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında sarsılmaz dostluğun dövlət səviyyəsində təsdiqi oldu. Bu təltiflər eyni zamanda göstərdi ki, iki qardaş ölkənin münasibətləri artıq əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, daha böyük hədəflərə və yeni əməkdaşlıq mərhələsinə doğru inamla irəliləyir.
Oktay Kərimov,
YAP Neftçala rayon təşkilatının veteran üzvü