Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında partiya sıralarına yeni qəbul olunan üzvlərlə görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, təşkilatın fəalları və partiyanın sıralarına yeni qəbul olunan üzvlər iştirak ediblər. Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. O qeyd edib ki, YAP sıralarına üzv olmaq böyük məsuliyyət olmaqla yanaşı, dövlətçilik prinsiplərinə, milli maraqlara və ölkənin davamlı inkişafına xidmət etmək baxımından mühüm əhəmiyyət daşıyır.
İlqar İlyasov yeni üzvləri partiya sıralarına qəbul olunmaları münasibətilə təbrik edərək onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Təşkilat sədri yeni üzvlərin təşəbbüslərinin dəstəklənməsinin, onların partiyanın fəaliyyətində fəal iştirakının və ictimai proseslərdə yaxından təmsil olunmasının vacibliyini vurğulayıb.
Görüş zamanı yeni üzvlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yeni üzvlərə partiyanın fəaliyyətində fəal iştirak etmələri, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə öz töhfələrini vermələri tövsiyə olunub.
Sonda çay süfrəsi ətrafında partiya sıralarına yeni qəbul olunan fəallarla səmimi və mehriban ortamda söhbət aparılıb, qarşılıqlı fikir mübadiləsi edilib.