Azərbaycan və Özbəkistan arasında münasibətlər qədim tarixə, ortaq mənəvi dəyərlərə, qarşılıqlı hörmət və etimada söykənən möhkəm təməl üzərində inkişaf edir. Bu gün bu münasibətlər təkcə iki qardaş xalqın tarixi yaxınlığının ifadəsi deyil, həm də siyasi iradə, iqtisadi əməkdaşlıq və strateji baxışla zənginləşən müasir tərəfdaşlıq modelidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Daşkənddə mətbuata verdiyi bəyanat bu münasibətlərin mahiyyətini bütün aydınlığı ilə ortaya qoydu. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin hansı böyük inkişaf yolunu keçdiyini və qarşıda daha geniş imkanların dayandığını göstərir.
Prezident İlham Əliyevin Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafı haqqında fikirləri xüsusi diqqət çəkir. Dövlətimizin başçısı hər səfərində bu ölkədə gedən dəyişiklikləri, inkişafın həm böyük layihələrdə, həm də həyatın ən xırda detallarında hiss edildiyini vurğulayır. Bu mənzərə Özbəkistanın inkişafının ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olduğunu göstərir.
Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Özbəkistanın iqtisadi potensialının genişləndirilməsi, sənaye və kənd təsərrüfatının inkişafı, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi, investisiya imkanlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Bu gün ölkənin beynəlxalq aləmdə nüfuzunun artması da həmin siyasətin nəticələrindən biridir.
Azərbaycan üçün Özbəkistanın uğurları xüsusi əhəmiyyət daşıyır. Çünki biz bu inkişafı yalnız dost ölkənin nailiyyəti kimi deyil, qardaş ölkənin uğuru kimi qəbul edirik. İki xalqın sevincinin, uğurunun və tərəqqisinin bir-birindən ayrı düşünülməməsi məhz münasibətlərimizin mənəvi dərinliyini göstərir.
Bu gün Azərbaycan–Özbəkistan əlaqələrinin ən mühüm xüsusiyyətlərindən biri onun konkret layihələr və real nəticələr üzərində qurulmasıdır. Əvvəllər ölkələrimiz arasında birgə layihələrin olmadığı bir vəziyyətdən bu gün enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, avtomobil sənayesi, dağ-mədən sənayesi, bankçılıq və digər sahələrdə çoxsaylı layihələrin həyata keçirildiyi mərhələyə gəlib çatmışıq.
Bir milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə çatmaq hədəfinin artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə əldə ediləcək real nəticə kimi qiymətləndirilməsi də münasibətlərimizin iqtisadi gücünü göstərir. Bu hədəfə aparan yol qarşılıqlı investisiyalar, birgə müəssisələr, yeni istehsal sahələri və biznes əlaqələrinin genişləndirilməsindən keçir.
Lakin Azərbaycan–Özbəkistan münasibətlərini yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmaz. Bu münasibətlərin ən böyük gücü onun mənəvi təməlindədir.
Azərbaycan xalqı Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyi böyük minnətdarlıq və qardaşlıq hissi ilə qarşılayır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin Özbəkistan tərəfindən inşa edilməsi bunun ən parlaq nümunələrindəndir.
Bu məktəb mənim üçün, bir məktəbəqədər təhsil müəssisəsinin rəhbəri kimi, xüsusi məna daşıyır.
Çünki məktəb tikmək sadəcə bir təhsil binası inşa etmək deyil. Məktəb gələcəyə inam yaratmaqdır. Məktəb uşaqların arzularının, biliklərinin və gələcək həyatının təməlini qoymaqdır. İşğaldan azad edilmiş Füzulidə Özbəkistanın inşa etdiyi məktəb həm də iki qardaş xalqın gələcəyə birlikdə baxışının rəmzidir.
Bu gün biz məktəbəqədər təhsil müəssisələrində uşaqlarımızın şəxsiyyət kimi formalaşmasına çalışırıq. Onlara Vətəni sevməyi, dostluğun və mərhəmətin dəyərini, böyüyə hörməti, kiçiyə qayğını, müxtəlif xalqlara və mədəniyyətlərə hörmətlə yanaşmağı öyrədirik. Azərbaycan–Özbəkistan münasibətləri isə uşaqlarımıza real həyat nümunəsi əsasında qardaşlığın nə demək olduğunu göstərir.
Uşaqlarımız bilməlidirlər ki, Azərbaycan çətin günlərdən keçərkən yanında olan dostlarını unutmur. Eyni zamanda onlar bilməlidirlər ki, dostluq yalnız sözlə deyil, əməli işlərlə də göstərilir. Qarabağda tikilən məktəb, həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlıq bunun ən gözəl nümunəsidir.
Prezident İlham Əliyevin səfər zamanı Mərkəzi Asiya və Azərbaycanı böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi xarakterizə etməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi regionlar arasında yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yaradır.
Azərbaycanın Qərblə Şərq arasında mühüm nəqliyyat və logistika imkanlarına malik olması, Özbəkistanın isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi mövqeyi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bu baxımdan iki ölkənin əməkdaşlığı yalnız Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə region üçün yeni inkişaf imkanları yaradır.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi də münasibətlərin sistemli şəkildə inkişaf etdirildiyini göstərir. Bu platforma iki ölkə arasında mövcud olan siyasi dialoqun daha da dərinləşdirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və əldə olunan razılaşmaların həyata keçirilməsinə mühüm imkan yaradır. Dövlət səfəri çərçivəsində iki ölkə prezidentlərinin təltif olunması da xüsusi məna daşıyır. Prezident Şavkat Mirziyoyevin Azərbaycan Prezidentini ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi, Prezident İlham Əliyevin isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim etməsi qarşılıqlı hörmətin və iki lider arasında formalaşmış etimadın yüksək ifadəsidir.
Səfər zamanı imzalanan sənədlər, yeni layihələrin təməlinin qoyulması və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi isə siyasi bəyanatların real addımlarla müşayiət olunduğunu göstərir.
Bu gün Azərbaycan və Özbəkistanın qarşısında böyük imkanlar var. Əsas məsələ bu imkanlardan səmərəli istifadə etmək, əməkdaşlığı daha da genişləndirmək və əldə olunan nəticələri xalqlarımızın rifahına yönəltməkdir.
Mən bir bağça müdiri kimi düşünürəm ki, bütün bu böyük dövlət layihələrinin arxasında əslində bir amal dayanır: insan üçün daha yaxşı gələcək yaratmaq.
Bizim bağçalarda böyüyən uşaqlar sabah Azərbaycanın gələcəyini formalaşdıracaq. Onların necə insan olması, hansı dəyərlərlə böyüməsi, Vətəninə və dünyaya münasibəti bu gün bizdən asılıdır. Ona görə də biz uşaqlara yalnız hərfləri, rəqəmləri, rəngləri və formaları öyrətməklə kifayətlənmirik. Biz onların qəlbində sevgi, hörmət, mərhəmət, dostluq və vətənpərvərlik hisslərini formalaşdırmağa çalışırıq.
Azərbaycan–Özbəkistan münasibətlərində gördüyümüz qardaşlıq nümunəsi bizim üçün də böyük tərbiyə məktəbidir.
İnanıram ki, bu gün iki dövlət başçısının möhkəmləndirdiyi dostluq və qardaşlıq gələcək nəsillərin də həyatında öz layiqli yerini tutacaq. Bu gün salınan məktəblər, parklar, qurulan müəssisələr və imzalanan sənədlərlə yanaşı, xalqlarımızın qəlbində daha böyük və daha qiymətli bir sərvət formalaşır – qarşılıqlı etimad və qardaşlıq.
Azərbaycan və Özbəkistanın münasibətləri göstərir ki, ortaq tarix və mənəvi yaxınlıq siyasi iradə ilə birləşəndə böyük gücə çevrilir. Bu güc isə yalnız bu günümüzü deyil, gələcəyimizi də qurur. Qardaşlığımız möhkəm, yolumuz açıq, gələcəyimiz işıqlı olsun!
Səriyyə Əhmədova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri